Vüqar Səfərli və Əli Həsənov ifşa edildi — Məhkəmədə qalmaqallı ifadələr

19:23 05-11-2021 441

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.

Mülki iddiada qeyd edilib ki, 18 milyon manata yaxın ziyan təqsirləndirilən şəxslərdən alınaraq MEDİA-nın xeyrinə ödənilsin.

Daha sonra KİVDF-də V.Səfərlinin rəhbərliyi altında mühasib işləmiş Təhminə Yaqubova ifadə verib. Onun ifadələri arasında ziddiyyətlər olduğu bildirilib.

T.Yaqubovanın istintaqa verdiyi ifadəsi elan edilib. O, KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, V.Səfərlinin həyat yoldaşının adına olan qəzetə vəsaitin ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.

Həmçinin T.Yaqubova jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, V.Səfərli ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq, ona mənzil verib.

Şahid istintaq ifadəsi ilə razılaşmadığını söyləyib.

Məhkəmədə təqsirləndirilən Dünyamin İsmayılov da dindirilib. Onun sözlərinə görə, uzun müddət tikinti sahəsində, 10 ilə yaxın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Tikinti İdarəsində mülki işçi kimi çalışıb:

“Daha sonra Nazirlər Kabineti tərəfindən nazirlikdə xadiməçilərdən başqa mülki işçilərin çalışmasına qadağa qoydular. Bir müddət işsiz qaldım. 2014-cü ildə KİVDF-də çalışmağa başladım. Fondun Tikintiyə Nəzarət şöbəsində işləyirdim. Mən işə gələndə artıq jurnalistlərin ikinci binasının yarısı tikilmişdi. Vəzifəm tikintiyə nəzarət etmək, görülən işlərlə bağlı sənədləri tərtib etmək idi. Bütün dövlət qurumları ilə yazışmaları həyata keçirmişən. Hər ayın axırında sənədləri  toplayırdım, nə işlər görülüb onları qeydə alırdın, işlərin gedişatı ilə bağlı Vüqar Səfərliyə məruzə edirdim. Başımdan böyük Amerika kəşf etməmişəm. Heç bir yalan danışmamışam, heç kimlə əlbir olmamışam. Maaşdan başqa heç bir əlavə gəlir almamışam. Bəzən binalarda nöqsanlar olurdu. Mələsən, binada parket vurulması lahiyədə qeyd olunmuşdusa, lakin laminat vururdular. Bunlarla bağlı Vüqar Səfərliyə məlumat vermişəm. O da məsələdən xəbərinin olduğunu deyib”.

D. İsmayılovun ifadəsində ziddiyət olduğundan onun istintaqa verdiyi ifadə elan olunub: “Binanin tikintisi aparan şirkət əslində Əli Həsənova məxsus olub. Nadir Məmmədov formal olaraq orada direktor olub. 3-cü binanın tikintisi zamanı Nadir Məmmədov binanın direktorluğundan çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gəldi. Lakin o işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı mən xeyli sayda nöqsanlar aşkarladım. Bunla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də 3-cü binanın tikilişi zamanı həftədə bir dəfə binaya gəlirdi. İşlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Binada istifadə olunacaq materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı mallarından istifadə olunmuşdu. Layihədə pəncərə altlıqları mərmərdən göstərilsə də, plastikdən vurulmuşdu. Divarların parça oboydan vurulması nəzərdə tutulsa da, kağız oboy istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı".

Proses noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.