Yoxmu bu rüsvalığın dərdinə dərman, ey TƏBİB?-PROBLEM

20:31 05-11-2021 459

Dərman bazarı: keyfiyyət təhlikəli dərəcədə aşağı, qiymətlər fantastik həddə yuxarıdır

 

“Türkiyədə 20-22 türk lirəsi (tl) (təxminən 4 manat) olan “Netira” göz damcısı Bakıda 28 manata satılır”.

 Bu sözləri saytımıza açıqlamasında jurnalist Çingiz Özgür deyib. O, bildirib ki, son aylarda tibbi məsələlərlə bağlı bir müddət Türkiyədə yaşamalı olub. Oradakı dərman qiymətləri ilə Azərbaycandakı qiymətlər arasında 5-6 dəfə fərq olduğunu müşahidə edib:

“Yüksək qan təzyiqi üçün vacib olan dərmanlardan biri – “Triplixam” orada 40-45 tl (təxminən 7-8 manat) olduğu halda, Bakıda 27-30 manat arası dəyişir. Həmçinin şəkər xəstələri üçün olan dərmanlardan biri olan “Bekunis”in qiyməti orada 18 tl-dir (təxminən 3 manat), amma Azərbaycanda əksəriyyətin istifadə etdiyi sözügedən dərman 17-18 manat aralığındadır”.

Ç.Özgür bildirib ki, qiymətləri müqayisə ediləcək dərmanların sayı hədsiz çoxdur:

“Qiymətinin ucuz olmasından başqa, Türkiyədə dərmanların keyfiyyəti də fərqlidir. Hamı dərmanları xaricdəm almağa çalışır. Elə məndən də tez-tez dərman almağımla bağlı xahişlər edilir. Bütün bunlar başa düşüləndir, ancaq qiymətlərdəki bu qədər kəskin fərqi anlamaq mümkün deyil. O dərmanları Azərbaycana çatdırmağın bu qədər fərqi yaratması da mümkün deyil”.

Qeyd edək ki, Azərbaycanda dərman qiymətləri ilə bağlı mövzu bir neçə ildir müzakirə olunmaqdadır. Vahid qiymət sistemi, nəhayət, tətbiq olunmağa başlasa da, bu vahid qiymətlərin özü inanılmaz dərəcədə yüksəkdir. Bu bahalığın səbəbləri nələrdir? Bununla bağlı hansı işlər görülür və ya görülməlidir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dərmanlarla bağlı vəziyyət aktual və çox ciddidir:

“Dərman bütün vətəndaşlarımızın ehtiyacı olan vacib məhsullardan biridir. Düşünürəm ki, hətta dərman qidadan da öndədir. Çünki qidanı başqa qida ilə əvəzləmək mümkündür, amma dərmanın əvəzedicisi demək olar ki, yoxdur”.

M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyəti və əlçatanlılığı daima diqqət mərkəzində olan məsələdir:

“Qiymətlərin ucuz, dərmanın keyfiyyətsiz olmasının vətəndaşa xeyri yoxdur. Keyfiyyətli dərmanın da əlçatan olmaması düzgün deyil. Buna görə də ortaq məxrəc tapmaq şərtdir”.

Maraqlıdır, komitə sədrinin təmsil olunduğu qanunverici orqanda dərman qiymətləri ilə bağlı məsələlər qaldırılıbmı? Bununla bağlı hansı təkliflərin verilməsi zəruridir?

M.Quliyev deyib ki, dərman qiymətlərinin bahalığı mövzusuna Milli Məclisdə bir neçə dəfə toxunulub:

“Elə bu il bir neç dəfə müxtəlif təkliflər irəli sürmüşəm. Həmin təkliflərin dəyərləndirilməsi vacibdir. Məsələn, təkliflərimdən biri Türkiyə ilə Azərbaycan dərman sənayesini yaxınlaşdırmaq, birləşdirməkdir. Bununla, Türkiyədə qeydiyyatdan keçən dərmanları ölkəmizdə də avtomatik qeydiyyatdan keçirmək, eləcə də eyni qiymətə satmaq mümkün olar. Həmçinin bu üsul təhlükəsiz, əlçatan olmaqla yanaşı, zəmanətli də sayıla bilər.

İkinci təklifim dərmanların topdansatışının dövlət tərəfindən həyata keçirilməsidir. Pərakəndə satışı özəl sektor edə bilər. Burada dövlət konkret faiz (məsələn, 10 %) müəyyən edə bilər ki, şirkətlər malın üzərinə bundan artıq qiymət qoya bilməsin.

Üçüncü təklifim isə Azərbaycanda, ən azından, həyati vacib dərmanların istehsalına başlamaqdır. Bununla qiymətlərin ucuz və əlçatan olması rahatlıqla təmin edilə bilər”.

Komitə sədri xatırladıb ki, ölkədə dərmanların qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir: 

“Dərman sahəsində fəaliyyət göstərən şirkətlər, QHT-lər, vətəndaşlar vaxtaşırı olaraq quruma təkliflər verməklə yanaşı, məlumatlar da verməli, qiymətlərin baha olması barədə rəylərini bildirməlidirlər”.

2021-ci ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Sığorta çərçivəsində aparılan müalicələrdə dərmanların alınması da nəzərə alınıbmı? Alınmayıbsa, gələcəkdə baş tuta bilərmi?

M.Quliyev ümid edir ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət dəyişiklik ola bilər: 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunda vəsait toplaşdıqca reseptlə alınan dərmanlar da sığorta vəsaiti hesabına olacaq. Düşünürəm ki, bu məsələ problemin həllinə müəyyən qədər şərait yaradacaq”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə mövzunun bir qədər fərqli cəhətini müzakirə etdik. Ölkədə dərman reysteri gizli saxlanılır, bağlıdır. Problemlərin əsas səbəblərindən biri bu ola bilərmi? A.Qeybulla bildirib ki, Azərbaycan dərman bazarında xeyli problemlər – xaotik durum mövcuddur:

“İlk olaraq dərman reysteri əhaliyə, bütün insanlara açıq olmalıdır. Bizdə isə əksinədir. Yəni, insanlar bilmir ki, ölkəyə hansı dərmanlar hansı yerlərdən gəlir və s. Bütün bu məlumatlar açıq şəkildə yayımlanmalıdır. İnsanlar dərman bazarı ilə bağlı maraqlandıqda bütün suallara cavab tapa bilməlidir”.

A.Qeybulla düşünür ki, dərman qiymətlərinin baha olmasına səbəb gömrükdə dövlət rüsumlarının çox olması, həmçinin də yol xərclərinin artmasıdır.

Professor təklif edir ki, vətəndaşların gündəlik istifadə etdikləri, mühüm dərmanların (məsələn, şəkərli diabet, qan təzyiqi və s.) qiyməti dövlət tərəfindən tənzimlənsin:

“Bizdə aptek sistemi mövcud olduğu üçün qiymətlərə müdaxilə etmək mümkün olmasa da, Tarif Şurası müvəqqəti tədbir kimi əhali arasında çox istifadə olunan dərmanların qiymətlərini tənzimləməlidir ki, ən azından əhali üçün əlçatan olsun”.

Xatırladaq ki, Azərbaycanda Tarif Şurası 2015-ci ildən Nazirlər Kabinetinin qərarı ilə dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini tənzimləyir. Hazırda qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların sayı 12 864-dur. Onların siyahısı ilə tanış olmaq mümkündür – http://tariff.gov.az/documents/DVA.pdf 

Əlavə edək ki, noyabrın 1-də “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır. Həmçinin dəyişiklikdə bildirilib ki, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödəniləcək. Həmçinin, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq. Bu dəyişiklik qüvvəyə mindikdən sonra dərman qiymətləri ilə bağlı hansı yeniliklərin olacağını isə… sağ qalsaq, görəcəyik.(pressklub)

Şəfəq