Həbsdəki memar icra başçısını ifşa edəcək - Akif Əliyev hökmdən şikayət verdi

22:48 08-11-2021 468

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir müddət əvvəl Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs edilən yaxın qohumlarını azadlığa buraxdırmağa nail olmuşdu.

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan yeganə şəxs isə Abşeronun sabiq baş memarı Akif Əliyev idi.

Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov aldıqları cəzadan narazıdırlar. Onlar barələrində çıxarılan hökmdən apelyasiya şikayəti veriblər.

Musavat.com xəbər verir ki, bu iş üzrə təqsirləndirilən şəxslər arasında Əkbərov Cəfər Razim oğlu, İsmayılzadə Seymur Yadulla oğlu, Xəlilov Şamil Rasim oğlu, Süleymanov Emin Sahib oğlu və Əliyev Novruz Arzu oğlu, Alıyev Babək Hacı oğlu və Ağaməmmədov Tural İrzəbəy oğlu da var.

Babək Alıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğludur. Tural Ağaməmmədov isə Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini olub.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sonuncu adı çəkilən şəxslər şərti cəza alıb.

Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.

Onlar bu cəzadan narazı alaraq apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

“Möhürsüz memar” kimi tanınan Akif Əliyevin saxlanıldıqdan sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus möhür istintaqa təqdim edilmişdir.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən saxlanılan qohumları eyni maddə ilə ittiham olunmağlarına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlığa buraxılmışdırlar.

Onu da qeyd edək ki, həmin hökmdən prokurorluq orqanı tərəfindən nədənsə protest verilməmişdir.

Sözügedən mövzu ilə bağlı daha ətraflı araşdırmamız yaxın zamanda dərc ediləcəkdir.

İcra başçısının “qurban” verdiyi məmuruna sahib çıxmaması sabiq memarın yaxınları ilə yanaşı Abşeron Rayon İcra Hakimiyyətində  çalışanlarda da məyusluq yaradıb. Belə ki, icra başçısı öz qanunsuz əməllərini tabeçiliyində olan şəxslərin əli ilə edib. Ancaq keçmiş memarın yaşadıqları İradə Gülməmmədovanın cinayətə sürüklədiyi şəxsləri düşünməyə vadar edib.

Xatırladaq ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə İcra Hakimiyyətinin baş memarı Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib və Murad Əhmədov vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb. Adı çəkilən şəxslərin digər cinayət əməlləri də ortaya çıxıb.

Məlumata görə qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.