Azərbaycan idmanı

18:00 10-11-2021 441

İdmançıları nə üçün kənarda axtarırıq?

 Yaponiyada keçirilən son olimpiya oyunları bir daha Azərbaycan idmanında mövcud olan reallıqları tam çılpaqlığı ilə ortaya qoydu.

Biz nə üçün öz yeniyetmələrimizə və gənclərimizə imkan və şərait yaratmırıq, kənarda idmançılar axtarırıq? Bu sualın da cavabı, ölkəmizdə mövcud olan qeyri-normal ictimai mühitlə bağlıdır.

Məsələn, elmi götürək. Azərbaycan hər il dövlət büdcəsindən elm üçün milyonlarla manat pul ayırır. Azərbaycanda Milli Elmlər Akademiyası və onun bir çox elmi-tədqiqat institutları fəaliyyət göstərir. Azərbaycanda onlarla akademik, minlərlə müxtəlif elmi dərəcəli "alim" var. Mən hələ bütün məmurların və deputatların da "alim" olmalarını qoyuram bir kənara. Amma heç eşitmisinizmi ki, son 10, 20 ildə Azərbaycan alimləri hansısa bir elmi kəşfə, ixtiraya imza atsınlar? Alimlərimizə baxanda, idmançılarımız çox şükürlüdürlər. Çünki dünya səviyyəli oyunlarda az-çox özlərini göstərə, müəyyən uğurlar qazana bilirlər. Amma onların da, sayı barmaqla sayılacaq qədərdir.

Son 15-20 ildə Azərbaycanda çox sayda yeni idman kompleksləri tikilib, lakin yeniyetmələr və gənclər həmin komplekslədən istifadə etmək imkanlarına malik deyillər. Çünki həmin idman mərkəzləri kimlərinsə, biznes maraqlarına xidmət edir. Yəni orada idmanla məşğul olmaq pulludur. Valideynlər həm idman zalaından istifadə, həm də məşqçilər üçün pul ödəmək zorundadırlar ki, övladları idmanla məşğul ola bilsinlər. Azərbaycanda isə əhalinin 80 faizidən çoxu minimum yaşam həddində, yaxud ondan da aşağı səviyyədə yaşadığı üçün övladlarının idmanla məşğul olmaq arzularını gerçəkləşdirmək imkanında deyillər.

Digər bir səbəb kasıb, amma perspektivli idmançıların mötəbər turnirlərdə iştirakının da biznesə çevrilməsidir. Məsələn, öz bacarığına görə, mötəbər turnirdə iştirak etmək hüququ qazanan kasıb idmançı, bu turnirdə iştirak üçün lazım olan bütün xərcləri özü çəkməlidir.

Əks təqdirdə, yarışda iştirak edə bilməyəcək, yarışa bacarıqsız, lakin imkanlı idmançı gedəcək ki, nəticəsi də məlum.

Mənə belə gəlir ki, idmançılarımızın mötəbər turnirlərdə uğurla çıxış etmələri üçün idmanı biznesin caynağından qurtarmaq lazımdır. Bütün idman zalları və qurğular idmançıların üzünə açıq olmalıdır. İdmançıların kasıb, imkanlı kateqoriyalarına bölünməsinə son qoyulmalıdır. İdmanda yerlibazlıq, dostbazlıq,  pul, rüşvət və s. eybəcərliklər aradan qaldırılmalıdır. Azərbaycan heç də istedadlı gəncdərdən xali deyil.

Bir məsələni də diqqətinizə çatdırım ki, indi bizim idman başbilənlərimizin Rusiyadan, əsasən də Dağıstandan və Çeçenistandan idmançılar cəlb etmək üçün xərclədikləri pulun yarısına, Azərbaycanda onlardan qat-qat daha güclü idmançılar yetişdirmək olar. Amma bunun üçün istək və Vətən təəssübkeşliyi lazımdır. Kənardan idmançı cəlb etmək isə əsas etibarı ilə korrupsiyaya xidmət edir.  

Bu gün Azərbaycandan kənarda onlarla dünya səviyyəsində tanınan azərbaycanlı idmançılar var ki, məhz Azərbaycan idmanında mövcud olan və yuxarıda sadaladığım naqisliklərə görə, ölkəmizi tərk edib, başqa bayraq altında çıxış edirlər. Bu həmin idmançılardır ki, məhz Azərbaycanda idmanla məşğul olmağa başlayıblar və onların perspektivini görən idman başbilənləri öz biganəlikləri və "tələbləri" ilə onları Vətənlərini tərk etməyə məcbur ediblər.

Sonda bir misal-fakt. Xırdalan şəhərindhə yaşayan nəvəm futbol həvəskarı idi və hətta özündən yaşlı uşaqlar belə, onu öz dəstələrində oynamağa dəvət edirdilər. Məşq etdiyi klubda da onu perspektivli futbolçu kimi tanıyırdılar. Bir il ərzində çıxış etdiyi bütün oyunlarda qazandığı uğurlara görə 3 rəmzi medal almışdı. "Qızıl" medalı isə ona şəxsən tanınmış məşqçi Qurban Məmmədov təqdim etmişdi və ona gələcəkdə daha böyük uğurlar diləmişdi. Uşaq demək olar ki, sevincindən göydə uçurdu. Məhz bu təqdimaqdan sonra klub rəhbərliyinin ona münasibəti dəyişdi və məşqlər üçün pul tələb etməyə başladı. Valideynlərinin isə belə bir imkanı olmadığından, uşaq futboldan kənarda qaldı. Bu yeniyetmə gənc üçün həyatının ən ağır ilk zərbəsi oldu və onu bir müddət hətta psixoloq yanına aparmaq məcburiyyətində qaldıq. 

Azərbaycanda istənilən qədər perspektivli, ölkəmizin bayrağını ən mötəbər yarışlarda, ən yüksək zirvəyə qaldıra biləcək gənclər var. Elə futbolda da, sadəcə olaraq Azərbaycaq idmanını acgöz və vicdanını pula satmış şəxslərin əlindən xilas etmək lazımdır. Xaricdən gələn İvanova, Petrova Əhmədov, Məmmədov familiyasını verməklə onlardan Azərbaycan idmançısı düzəltmək mümkün olmayacaq.

Gəlin öz yeniyetmələrimizə və gənclərimizə kasıb, imkanlı kateqoriyalarına bölmədən dəyər verək ki, Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın. Azərbaycan gəncliyi Vətən Müharibəsində də nələrə qadir olduğunu bir daha sübut etdi. Gənclərimizə inanmaq və onlara imkan, şərait yaratmaq lazımdır ki, onlar da özlərini təsdiq etsinlər.

Yusif