Sahibkar deputatlar, yoxsa xalqın pulunu əcnəbilərə yedirənlər?

18:06 10-11-2021 441

 Azərbaycan qanunvericiliyi məmurların və deputatların bizneslə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını qadağan edir. Amma bu da heç kimə sirr deyil ki, Azərbaycanda məmurların, eləcə də deputatların böyük əksəriyyətinin geniş sahibkarlıq və biznes fəaliyyətləri var. Əgər sadə insanlar hansı biznes şəbəkəsinin, kimlərin himayəsində olduğunu bilirsə, o zaman hüquq-mühafizə orqanlarının, eləcə də digər nəzarətedici qurumların da, bundan xəbərdar olduqları şəksizdir. Amma Azərbaycanın yazılmayan qanunlarına görə, bu kimi insanlar nə qədər ki, deputat mandatı, məmur vəzifəsi daşıyır, onlar "toxunulmazlar" statusuna malik olurlar və onlara heç kim "gözün üstə qaşın var", deyə bilmir. Yəni ölkəmizin yazılı qanunları (o qanunlar ki, onlar özləri hazırlayıb, özləri də qəbul edib) onlar üçün keçərli deyil.

Məsələn, prezidentin eks-köməkçisi Əli Həsənova məxsus onlarla şirkətlər barəsində hələ illər əvvəl, onun "at belində" olduğu zamanlar mediada məmumatlar yer almışdı. Ə. Həsənov da (əlində olan səlahiyyətlərinə o qədər güvənirdi ki) bunu inkar etmir: "Ailəmin, belə uğurlu biznesinin olmasından qürur duyuram",- deyirdi. Diqqət edin, Ə.Həsənov burada da özünü təmizə çıxarmağa cəhd edərək, "ailəmin" ifadəsini işlədir. Sən demə, Ə.Həsənovun bütün bunlara heç bir aidiyyəti yoxdur, biznes ona yox, ailəsinə məxsusdur.

Biz deputatlarımızı, məmurlarımızı savadsız insanlar adlandıra bilmərik (yəni bilməzlikdən belə işlərə qol qoyublar demirik) çünki onlar qanunları az-çox bilirlər ki, adları heç bir biznes, yaxud sahibkarlıq fəaliyyətində olmur. Onlar sadəcə olaraq, bu biznes və sahibkarlıq fəaliyyətinə havadarlıq (krışalıq) edirlər və öz haqqlarını (dolyalarını) alırlar.

Kələf dolaşanda, mandat, kreslo əldən gedəndə isə məlum olur ki, bütün bu biznes şəbəkəsi deputatın, yaxud məmurun müxtəlif yollarla dövlətdən və xalqdan taladıqları pullar hesabına qurulub.

Beynəlxalq Bankın eks-idarə heyətinin rəhbərinin həyat yoldaşının Londondakı yaşamına, xərclədiyi pulların legitimliyi hələ tam müəyyən olunmayıb ki, Azərbaycanın başqa bir deputat-oliqarxın ailəsinin gəlirləri Britaniyada müzakirə mövzusu olub. Yəni ölkəmizdə hamının "Avromed"-in şefi kimi tanıdığı deputat Cavanşir Feyziyevin Londonda yaşayan ailəsinin bank hesabları bağlanıb.

Britaniya Milli Kriminal Agentliyi iddia edir ki, bu ailə Londonda C. Feyziyevin çirkli pulları hesabına yaşayır. Lakin bu cinayətdə ittiham olunan hər üç şəxs-həyat yoldaşı, oğlu və qardaşı oğlu bu ittihamları rədd edərək bildiriblər ki, bu pullar doktor C.Feyziyevin Azərbaycandakı qanuni kommersiya fəaliyyəti sayəsində əldə olunub. Bax burada, "xoruzun quyruğu" görünüb, Azərbaycanda deputatın, yəni C.Feyziyevin qanunla kommersiya fəaliyyəti ilə məşğul olması qadağandırsa, ailəsi necə iddia edə bilər ki,"bu sərvət doktor C.Feyziyevin Azərbaycandakı qanuni kommersiya fəaliyyəti sayəsində əldə olunub"?

Azərbaycanda isə heç kimə sirr deyil ki, "Avromed" ölkəmizdə mövcud olan dərman "mafiyası"nın bir qoludur. Burada qazanılan pullar da, xaricdən gətirilən dərmanların, öz analoqlarından qat -qat baha qimətə satılmasından və saxta dərman dövriyyəsindən əldə olunur, yəni haram pullardır. Görünür, İngilislər də müsəlman olmasalar belə, ölkələrində haram pulların dövr etməsini istəmirlər. Mən hələ saxta dərmanların insanların sağlamlığına vurduğu zərərdən danışmıram. Məlum məsələdir ki, yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda hamının "dərman mafiyası" adldandırdığı bu qruplaşmanın ən fəal üzvlərindən biri də "Avromed" şirkətidir. Bu qalmaqalın nə ilə bitəcəyini demək çətindir. Ola bilsin ki, bu kimi qalmaqallara səbəb olan digərləri kimi, C. Feyziyev də deputat mandatından məhrum ediləcək, bəlkə də həbs olunacaq. Çünki onun həbsi üçün ailəsinin bilərəkdən, yaxud da bilmədən verdiyi açıqlamalar belə yetərlidir.

Amma bir şeyi dəqiq bilirəm ki, haram tikə bir gün hər kəsin boğazında qalır.

P.S. Deputatlarımızın hökumətdən gələn bütün qanunlara, sadəcə düyməni basmaqla razılıq vermələrinin bir səbəbi də, hamısının bu və ya digər dərəcədə əməlinin və fəaliyyətinin şəffaf olmamasıdır.

Bunu bütün yazılarımda da vurğulayıram ki, deputatlar millət vəkilləri olmadıqca, xalq da hökumətdən öz haqq etdiyini ala bilməyəcək. Deputatın millət vəkili olması üçün isə seçkilərin heç bir kənar müdaxalə olmadan azad və şəffaf keçirilməsidir.

 Yusif Seyid