Viruslu gündəm

18:09 10-11-2021 378

Ondan qorunmaqla, “dinc-yanaşı” yaşamaq...

 Koronavirus epidemiyası “dünyaya gələndə” insanlar onu qorxulu bir kabus kimi qarşılamışdı. Daha sonra pandemiya elan olunandan və bütün ölkələrə yayılandan sonra onunla birgə, necə deyərlər, “dinc-yanaşı” yaşamağa başladılar...

Başqa variant da yox idi, hər yerdə, insan övladının ayaq basdığı istənilən məkanda ondan qorunmaq gərəkirdi. Əks halda... Viruslu gündəmin mənzərəsi bu idi, təəssüf ki.

Koronavirusdan yenə də təəssüf, keçmiş zamanda danışmaq mümkün deyil. Çünki o, yenə də sıramızda, ətrafda, hər yanda, hər addımdadır. Lakin ona yoluxmamaq üçün lazım olan vasitələr, qaydalar uzun müddətdir ki, səslənir, təbliğ və tələb edilir. Bəzən maarifləndirmənin zəiflədiyi məqamlar da olur ki, yoluxma statistikasının artmasını dərhal onun üzərinə ataraq, bəlli tədbirlərin görülməsini söyləyirlər...

İstər artsın, ya da azalsın, uzun müddətdir ki, koronaviruslu gündəmdə, onunla baş-başa, üz-üzəyik.

Artıq ətrafında, ailəsində koronavirusa yoluxmayan demək olar ki, yoxdur, ya da azdır. Yəni bu virusla təmasda olmayan adam qalmayıb, kimi gizli, ya açıq-aşkar, ona yoluxub, hər kəs koronavirusun nə demək olduğunu bilir. Bir sözlə, koronavirus artıq kiməsə yad deyil, o, hamının sağlamlığına, külli-aləmə düşmən kəsilib.

Orta məktəblərin bəzi siniflərində də koronavirusa yoluxma səbəbindən tədrisin distant formada keçilməsi faktları var. Orta məktəb şagirdlərində və müəllimlərində yoluxma halları müşahidə edildiyindən tədrisin bu formada olması məqbul sayılıb. Bu, öz yerində.

Lakin bəzən məlumatlar səslənir ki, müəyyən məktəblərdə koronavirusa yoluxub sağalan müəllimlər yenidən işə başlayarkən, təhsil-təlim prosesi əvvəlki səviyyədə olmur. Bunun daha çox aşağı siniflərdə olduğu deyilir. Yəni yaş həddi az olan şagirdlərin həmin müəllimlərdən hələ də ehtiyat etməsi məsələni çətinləşdirir. Uşaqlar koronavirusu qorxunc bir kabus kimi təsəvvür edərək, ona yoluxan müəllimlərinə də yaxınlaşa, yanaşa bilmirlər. Bu halda davamiyyət, onun kəmiyyət səviyyəsi də azalır ki, o da keyfiyyətə birbaşa təsir edir.

O zaman, maarifləndirmənin müəyyən forması, norması olmalıdır ki, ondan nə təhsil işçiləri, nə də valideyn-şagird heyəti kənarda qalsın. Bir sözlə, maarifləndirmə koronavirusa qarşı qorxu sindromu yaratmasın, gündəmi onunla bərabər olsa da, fəqət ondan qorunmağın vacibliyini aşılamaqla həyata keçirilsin. Yoxsa elə valideynlər var ki, övladlarını hələ keçənilki tədris ilindən məktəbdən uzaqlaşdırıblar. Bu halın nə vəd etməsi isə həm həllidir, həm də yox...

 Nigar Orucova