Mən Ki, bu dünyada qalan deyiləm   (Hər şairdən bir yarpaq)

18:13 10-11-2021 477

Sevimli nəvəm Laləyə

 

Bugün nişanıdır, gözümüz aydın,

Təbrikə gəlmişik güllə, çiçəklə,

Onlarla ahəngdir sənin adın,

Gələcək günlərin bəxtiyar, Lalə!

 

Qucaqlayırıq səni, həm də qələmimizlə,

Nəğmə coşqusu ilə döyünür ürəyimiz

Fərəh duyuruq nur saçan qəlbinlə,

Çatmır heyf ki, deməyə sözümüz.

 

Yazılır bu axşam taleyinin yeni səhifəsi,

Səpilmisən buraya lalə kimi sən,

Günəşlə dolu ürəyinin isti nəfəsi,

İşıqlı yolların, xoşbəxt həyatın müjdəçisisən.

 

Görürəm yanağında boylanan lalələr

Geyinmiş dünya da sanki toy paltarı,

Gözəllik önündə musiqi səsləri,

Yazır tariximizə unudulmayacaq anları.

 

Yalvarıram sənə, ilahi eşit sözümü,

Yardımçı ol düşünsünlər müdrikliyinin yollarına,

Saflıq, duruluq olsun onların düzümü

İmamlı məsləkli olmaqda güc ver arzularına.

 

Kamil insan

 

Ailəmdən mənə hədiyyə

 

Nə qədər doğmadır gülüşün sənin

Bizimlə döyünür hər an ürəyin,

Ata bu həyatda başqadır yerin,

Daima isidir ilıq nəfəsin.

Nurlu baxışınla ovundur bizi,

Unudaq bir yerdə kədərimizi,

Qorusun qoy tanrı ailəmizi.

Səninlə bölüşək sevincimizi.

Xalqına, yurduna sadiq olmusan,

Bu əvəzsiz insan ey kamil insan.

Ötsə tez illər, keçsə də zaman,

Ruhunda duyulur cavanlıq hər an,

Ata, hər sözünün mənası dərin.

Zəhmətlə böyüdüb bizi əllərin,

Adını ucaldıb xoş əməllərin

Yığışıb başına bax əzizlərin

Bir ömür sürürsən uca adınla,

Fədakar bir insan, müdrik bir sima,

Kamillik yazılıb ömür payına

Bizə sən dayaqsan, yaşa daima.

 

Kamil Məmmədov

Azərbaycan Respublikasının əməkdar mühəndisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

 

***

Qəbələ

 

Sən mənim sevimli elim obamsan,

Qoynunda doğuldum özüm Qəbələ!

Vuruldum mən sənin gözəlliyinə,

Heyrandır hüsnünə gözüm Qəbələ!

 

Tarixlərdən sən qalmısan yadigar,

Yurdumuzda şöhrətin var, adın var,

Sərin sulu, hay haraylı çayı var.

Dillərdə dastandır bizim Qəbələ!

 

Lazanın yolları bəzəkdir sənə,

Muçuq şəlaləsi səs salıb elə,

Sinəndən çay axır belədən-belə,

İstərəm qoynunda gəzim, Qəbələ!

 

Adınla tanınır fındığın, qozun

Şah dağın qoynunda bazarın, düzün,

Var həcər qeyrətli gəlinin, qızın,

İzin ver bunları yazım, Qəbələ!

 

Yazı gözəl olur, dağda, çəməndə,

Bülbüllər oxuyub səsi gələndə,

Yetşmiş meyvəni özüm dərəndə,

Elə bil cənnətdir bizim Qəbələ!

 

Səmədin qəlbində gülür arzular,

Sonalı gölün var, isti suyun var.

Dağda şəlalələr, düzdə quzun var,

Vardır o yerlərdə izin Qəbələ!

 

 

 

Ata-ana həsrəti

 

Ana nəvazişi, ata qayğısı,

Olmadı qismətim körpəliyimdən

Taleyim belə imiş, nədir faydası

Küsüb inciməyim özüm-özümdən

 

Anam Gülnisəni erkən itirdim.

Atam Cəlili də görməmişəm mən.

Tənha qaldığımı anladım, bildim,

Amma həyatımdan küsməmişəm mən.

 

Nənə

 

Söylə görüm, ay nənə,

Sən niyə tez yatırsan,

Axşam olmamış hələ,

Yastığa baş atırsan

 

Nağıl danış sən bizə

Biz də səni dinləyək.

Gəl deyirəm, gül sənə!

Biz nənədən öyrənək.

 

Fərman Əzizlinin Qəbələ şəhərinin mərkəzində yaşadığı Məhəmməd Əzizli küçəsi 14 nömrəli evdə yaratdığı ev muzeyine ithaf

 

Muzey zəhmətindir, o getməz bada,

Hamı sevər onu, qalar dünyada,

Muzayin qədrini bilən insanlar,

Hörmət ilə səni salarlar yada.

 

Səməd Səmədov

(dövlət qulluqçusu)

 

***

Qocalıq şirin xatirədir

 

Mənim səssiz otağım,

Xatirələr yığnağı,

Soruşmamış danışır

Ömürdən keçən çağı.

 

Dünyadan geniş idi,

Bu kiçik otağımız,

Sığışardı buraya

Bütün varidatımız.

 

Ora samovar qoyub,

Bura süfrə salardıq,

Körpələrin səsi ilə

Həyatdan kam alardıq.

 

Olardı qonağımız,

Yaxın dostlar, tanışlar,

Uşaqların sevdiyi

Tapmacalar, nağıllar.

 

Biz onda cavan idik,

Ömür yarı, gün yarı

Arzular qanadında,

Gəzərdik səmaları.

 

Mənim səssiz otağım,

Xatirələr yığnağı,

Mən səndə almışam

Hər sevinci, hər dərdi

 

Ancaq duya bilmədim

Qocalıq necə gəldi

Oturub düşünürəm

İndi başa düşürəm

 

İstək və arzuların

Ən kövrək duyğuların

Ünvanına yetməsi

Dostların, tanışların

 

Əzabkeş insanların

Məni adil bilməsi.

Bal kimi nəvələrim

Neçə neçə illərin

 

Nələrin və nələrin

Başına ələnməsi

Elə qocalıq imiş

Qocalığın özü də

Şirin xatirə imiş.

 

Sədiyar Səfərəliyev

(dövlət qulluqçusu)

 

***

Bir insan gərəkdir

 

Bir insan gərəkdir. Yer kürəsində

Taleyi tanrının hökmünə bağlı.

Bir insan gərəkdir. yer kürəsində

Palıd ağacı tək qollu-budaqlı.

 

Qoy olsun fədai həm də ki dahi,

Qorxmasın həyatın həqiqətindən

Qovuşsun yenilməz əbədiyyətə

İnsanlıq eşqinə məhəbbətindən.

 

Yığılsın bir yerə nəhəng zirvələr.

Fikirlər işıqlı, addımlar mətin.

Yığılsın bir yerə ehramlar, dinlər

Tanrısı bir olsun bəşəriyyətin!

 

Salam, ey şerimə sevdası olan, xoş gəldin!

 

Salam, ey şerimə sevdası olan, xoş gəldin!

Hər sözün, qüdrətin mehri salam xoş gəldin!

İndi hər kəs sözə qiymət verəcək halda deyil.

Məni qaldırmaq üçün dərdə qalan xoş gəldin!

Mən həyat nəğməsini həkk elədim dəftərimə.

Hamıdan öndə gedib öndə qalan xoş gəldin!

Haqqdır hər bir sözümün mayəsi, qurbanın olum,

Şerimə valeh olan, ruhu rəvan xoş gəldin!

Xanlara vermə sual, al cavabı nəzmindən

Oxuyub hər qəzəli ibrət alan, xoş gəldin!

 

Xanlar Qutqaşınlı

(şair, rəssam)

 

***

Qəbələ

 

Bu şəhər nur saçır ellər içində,

Ötən əsrlərin yadigarıdır.

Çayların qoynunda bu gözəl diyar,

Azəri yurdunun iftixarıdır.

 

Bir yanda qara çay guruldayanda

Səsi sədalanır Dəmiraparandan

Şahdağın titrəyən yamaclarında

Sehirli gur səsə qərq olur cahan.

 

Yaşıl tarlaları, göy çəmənləri,

Tükənməz sərvəti hey aşıb-daşır.

Xalqın zəhməti ilə yüksələn şəhər

Sevən könüllər tək mehtibanlaşır.

 

Yenə alovlanır göylərin şamı

Yaşıl çəmənləri qızarır hərdən.

Hər dəfə gül açan şerlərimdə

Qəbələ səninlə fəxr edirəm mən.

 

Dedi, getdi

 

Ay ellər, dünyadan mən köçən zaman,

Deyin ki, hər sözü düz dedi, getdi.

Dostun da səhvini söylədi dost tək,

Nə inci, nə dodaq büz dedi getdi.

 

Kimin ki, kişilik yoxdur canında.

Kimin ki, qeyrəti çatmır qanında.

Vətən qarşısında, millət yanında,

Qaradır səndəki üz dedi, getdi.

 

Yaşadı ömrünün bütün çağında,

Mərdə arxalandı, bərk ayağında

Qırx dost solunda idi, qırx sağında,

Heyif ki, olmadı yüz dedi getdi.

 

Fərman Əzizli

Azərbaycan Respublikasını Əməkdar Müəllimi

 

***

Duruca

 

Bahar çağı mən gələndə qoynuna,

Sarılardım qayaların boynuna,

İsinərdim bir lalənin közünə

Amma məni yar etmədi özünə

 

Qürurundan a Duruca, dur uca,

Bulaqların pıçıldaşır mənimlə,

Dünyaları dolaşıram, gəzirəm.

Eşqin adlı əbədi yelkəninlə.

 

Hər daşında bir xatirə nişanı,

May bulaq gördüyünü danışır.

Bir maralın bir səhər öz könlünü,

Bir ovçuya verdiyini danışır.

 

Ruslan baba muzayində nələr var,

Tarixləri bura nə cür sən etdin

Neçə-neçə sən narahat ruhların

Gileyini bu muzeydə kilitdin.

 

Ənvər deyər bu Duruca elmdir.

Ona olan məhəbbətim tükənməz

Hər gələndə nəğmə qoşur ürəyim

Hər gedəndə darıxıram lal-dinməz!...

 

Ənvər Durucalı (müəllim)

 

***

Var mənim

 

Dostlar, gözəl bir diyarım var mənim.

Ulu məkan Naxçıvanım var mənim

Ağcabədi, Oğuz, Qəbələ, Şəki

Gəncə, Zaqatala, Qaxım var mənim.

 

Balakən, Zərdab, Şəmkir, Dədəbəy

Ağdaş, Ucar Naftalanım var mənim.

Hacıqabul bir küləklər şəhəri

Gözəldir Ağsu, Qusarın var mənim.

 

Migəçevir işıq saçır hər yerə

Lerik, Samux, Goranboyum var mənim.

Yol gözləyir Laçın, Şuşa, Zəngilan.

Quba, Göyçay, Lənkəranım var mənim.

 

Həsrətli Füzuli, Ağdam, Kəlbəcər.

Bərdə, Tərtər, Beyləqanım var mənim.

Xankəndi, Xocavənd birdə Xocalı

Yardımlı, Şamaxı, Xızım var mənim.

 

Qubadlı, Cəbrayıl ürək parçası,

Qazax, Tovuz, Sumqayıtım var mənim.

Yevlax, Kürdəmirdə iqlim eynidir.

Gözəl diyar Abşeronum var mənim

 

Astara, Ağstafa, Salyan, Saatlı,

Biləsuvar, Qobustanım var mənim

Şirvan eli, İmişli də gözəldir.

Siyəzənim, Cəlilabadım var mənim.

 

Xaçmaz, Sabirabad meyvə diyarı,

Daşkəsən, Masallı, Bakım var mənim

Adı-sanı bu dünyaya yayılan,

Azərbaycan odlar yurum var mənim.

 

Qalarmış

 

Mənim taleyimin yazısına bax,

Görəsən nə üçün belə olurmuş

O nişan üzüyün barmağına tax

Sevincdən gözlərim selə dolurmuş.

 

Bəxtimdən nigaran olmamışam mən,

Heç kimdən geridə qalmamışam mən

Deyirəm hələ qocalmamışam mən.

Qırmızı çöhrələr nə vaxt solurmuş

 

Mən ki, bu dünyada qalan deyiləm.

Çox şeyi yadıma salan deyiləm.

Doğrudan doğruya yalan deyiləm.

Həqiqət həmişə yadda qalarmış.

 

Mirhəsən Ağayev (müəllim)