Sinəsini yanar od edən igid

18:18 10-11-2021 603

Rüstəm Mais oğlu Eminli Vətənə sonsuz sevgi ilə yetkinlik yaşına çatır. Özünəməxsus mənəviyyat fəlsəfəsində yalnız insanlara, elinə fayda vermək olan bu Vətən sevdalısı tez də doğulub boya-başa çatdığı Yardımlı rayonunun Horonu kəndində camaat arasında hörmət qazanır. Onun gözəl həyat naminə təmiz, ulu duyğularla çalışması yaşıdlarına nümunə göstərilir. Artıq 18 yaşına çatanda Rüstəmdə insanlığa layiq olan ədalət, sadəlik, halallıq, xalqına layiqli xidmət hissləri, torpağa sədaqət tam formalaşır. Qazandığı hörmət nə qədər elin sevimli oğluna xoş-əhval ruhiyyə gətirsə də, amma erməni işğalı altında olan Vətən torpaqların ağrısını çox çəkir. Elə ən ülvi arzusu da müqəddəs yurd yerimiz olan Qarabağı azad görmək olur.

2017-ci ildə Rüstəm Eminli həqiqi hərbi xidmətə gedir. Ürəyi Vətən sevgisinə kökləməklə əsgər adını qürurla, iftixarla daşıyır, doğma Azərbaycanın keşiyində ləyaqətlə dayanır. Və yeri gələndə Vətən naminə qanını onun torpağına-daşına həkk etməyə and içir. Həqiqi xidmət zamanı bir-neçə dəfə yağının bağrına çat salmaqla əsl Azərbaycan oğlu olduğunu bildirir. Bir sözlə, Vətənə layiqli bir övlad kimi borcunu verib əsgərlikdən evinə qayıdır. Amma ki, bir müqəddəs amalın işığında məqamı gələndə döyüş meydanında düşmənin başını əzmək istəyindən qalmır.

İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan oğlu olaraq işğal edilən Vətən torpaqlarının hər qarışı uğrunda mübarizə aparmağa and içib ədalət naminə savaş meydanına girir. Olduğu döyüşlərdə yalnız cəngavər nümunəsi göstərir, düşmənə ağır itkilər verir. Düşmənə vurduğu sarsıdıcı zərbələr gündən-günə artır. Hətta doğma torpaqdan ötrü hər an canından, qanından keçməyə belə hazır olur. Təki Vətən yşasın. Düşmənə od qoyan igid Vətən oğlu Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olur. Yazdığı tarixlə 21 yaşında Rüstəm Eminli əbədi ölməzlik qazanır. Ürəklərə köç edən igid həm də dövlət tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarla təltif edilir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü