İnsana fəlakət yaşadan məmurlardır

20:10 10-11-2021 414

Bunu elmi araşdırmalar da təsdiq edir

 İnsan təsadüfən yer üzünün əşrəfi adlandırılmır. Çünki yer üzündə nə varsa, hamısı - iri meqapolislər, şəhərlər, kəndlər, bütün növ yeraltı, yerüstü, hava, su nəqliyyatı, kosmik gəmilər, kütləvi qırğın silahları və hər cür texnikalar, məhz insan əməyinin məhsuludur.

Allahın yaratdığı canlılar insan içində yeganə canlıdır ki, Tanrı özündən sonra ona qurmaq, yaratmaq qüdrəti, gücü verib. Buna görə də insana yer üzünün əşrəfi deyirlər...

Dünyanın bilim, elm insanları uzun illər apardıqları elmi araşdırmadan sonra belə nəticəyə gəliblər ki, insan həm də yer üzünün ən təhlükəli vaqlığıdır. Bilim adamlarının hesablamalarına görə, insan ölümünə səbəb olanlar içərisində insan özü ön sırada yer alır və dünyada ən çox insan qətlə yetirən də elə insandır...

Yer kürəsində insanların işğalçılıq və qənimət əldə etmək üçün apardıqları qanlı müharibələr nəticəsində qətlə yetrilmiş insanların sayı, bilim adamlarının hesablamalarına görə, hazırda yer kürəsində yaşayan 7 milyarddan çox insan sayının ən azı on mislinə bərabər olduğunu ehtimal edirlər...

Bəli, dünyada ən böyük kəşflərin, ixtiraların da, ən dəhşətli, qanlı hadisələrin də müəllifi və icraçısı insandır!

Son illər dünyada içməli su ehtiyatının tükənməsi, istiləşmə və iqlim dəyişikliyinin, ekoloji fəlakətin güclənməsi, atmosferin həddindən çox çirklənməsi, təhlükəli yolxucu xəstəliklərin çoxalması, meşə yanğınlarının genişlənməsi və yerin yaşıl örtüyünün qırılıb azalması, digər fəlakət və faciələrin, məhz insanın təbiətə qarşı amansız münasibətinin nəticəsi olduğu artıq çoxdan təsdiq olunub...

Amma bunu bilə-bilə insan özünün əleyhinə olan zərərli, ziyanlı, yanlış ölümcül əməlindən yenə də əl çəkmir, məhv etməyə, insanı qətlə yetirməyə davam edir və bundan qidalanır, həzz alır. İnsan insan qanı tökdükcə, sanki vampirləşir və Allahın qoyduğu hədləri aşaraq, İlahinin göndərdiyi müqəddəs hökmləri belə çenynəməkdən çəkinmir...

Baxın, insanın nəyi varsa: - cismi, nəfəsi və dünyada mənim dediyi hər şeyi Allaha məxsusdir!

Əslində, insanın Allahdan başqa heç nəyi yoxdur, lakin insanın əməlinə baxanda aydın görünür ki, insan Onu da tanımır və buna görə də fəlakət üstündən fəlakətlə qarşılaşır...

Çox təhlükəli xəstəliklərin, o cümlədən elə dünyanın düzənini ciddi şəkildə dəyişən, pozan COVİD -19 pandemiyası da Allahın insan vəhşiliyinə cavab olaraq yer üzünə göndərdiyi bəla deyilmi?!..

COVİD-19 pandemiyasının son iki il ərzində rəsmi 5 milyondan çox, qeyri-rəsmi isə 17 milyondan çox insan canı alması insanların qəddarlığının və törətdiyi vəhşiliyin cavabı deyilmı?!..

Məncə, hər gün ölkənin gündəlik həyatında, üzləşdiyimiz ədalətsizlik, haqsızlıq, qanunsuzluq halları da təsdiq edir ki, insan, məhz insanın məhv olmasında böyük rol oynayır...

Gətirdiyim misallar, qeyd etdiyim faktlar, dünyada və ölkəmizdə baş verən insanlıq əleyhinə yönəlmiş cinayətlər də, insanın insan üçün bəla və fəlakət mənbəyi olduğunu təsdiq edir.

Baxın, yaxşı baxın və uzaqda yox, elə Azərbaycanda baş alıb gedən özbaşınalıqları, insanların faciəsinin göstəricisi olan intiharın, narkomaniyanın, oğurluğun, dələduzluğun, fahişəliyin və digər dəhşət saçan, millətin məhv edilməsini sürətləndirən halları törədən vəzifəli və haramla maddi imkan qazanmış insanlar deyilmi?!..

Yer kürəsinin harasını, hansı ölkəsini götürsək, orada da oğru, rüşvətxor, dələduz və digər mənfi ünsürlərə rast gəlmək olur. Amma heç bir ölkədə Azərbaycanda olduğu qədər vəzifəli və imkanlı cinayətkara rast gəlmək mümkün deyil. Bu cinayətkarlar ölkədə o qədər çoxdur ki, hətta ölkə Prezidenti belə, bunların qarşısını almaqda zorlanır...

Əgər insanın insan tərəfindən istismarı, məhvə məhkum edilməsi baxımından dünya ölkələrini nəzərdən keçirsək, o zaman diqqətimizi cəlb edən ölkələr arasında doğma vətənimizin ön sırada dayandığını seyr etmək zorunda qalacağıq...

Baxın, Azərbaycan 30 il 20 faiz torpaqlarımızı işğal etmiş və geri qaytarmaq fikrindən uzaq olan, mənəm-mənəm deyib, döşünə döyən düşmən Ermənistanı cəmi 44 gün ərzində darmadağın etdi və torpaqlarımızın böyük hissəsini qəhrəman Şəhidlərimizin, əsgər və zabitlərimizin gücü ilə düşməndən təmizlədi.

Sözsüz ki, düşmən Ermənistan və onun himayədarları üzərində qazandığımız qələbənin əsas təşkilatçısı Ali Baş Komandan oldu və O, bu gün də əzmlə çalışır və ona bu zəfər yolunda uğur arzu edirik..

Amma gəlin diqqət edək, görək Vətən Müharibəsində qələbənin qazanılmasında Prezident, Ali Baş Komandandan, onun köməkçisi Hikmət Hacıyevdən və Xarici İşlər naziri Ceyhun Bayramovdan başqa böyük bir qəbirsanlığa sığacaq qədər çox sayda olan nazirlər, komitə sədrləri və digər yüksək vəzifə tutub ölkənin sərvətini əjdaha kimi sümürənlərin özləri və övladları harada idilər?!..

Hazırda hər yerdə Şəhid ailələrinin, qazilərin narazılığı bütün ölkəni bürüyüb! Gəncənin icra başçısı şəhid anasını intihara sövq edir, Cəlilabadın təzə təyin olunmuş icra başçısı iki qazi atasını həbsə atdırır, Beyləqanın icra başçısı şəhid ailələrini və qaziləri süründürməklə məşğul olur və inanın əgər bu məmurların hamısının xalqa qarşı göstərdikləri rəzalətin hər biri barədə qeyd etsəm, yazını bitirə bilmərəm...

Amma bir şeyə tam əminəm ki, haram yeməkdən gözlərini pərdə vicdanın piy basmış  məmurların xalqa verdikləri zülmün hesabını ölkə Prezidenti gec-tez onlardan soruşacaq...

 Tapdıq Abbas