Yasamalın icra başçısı Elşad Həsənov sakinlərin problemlərinə niyə biganədir? – ŞİKAYƏT

09:41 11-11-2021 432

“10 ildən artıqdır ki, Yasamal rayonu, Salatın Əsgərova küçəsi 77 ünvanındakı ümumi həyətimiz, yaşadığımız bina qəzalı vəziyyətdədir. Həmin bina 10 ailənin sığınacağıdır. Son 2-3 ili lap bərbad vəziyyətə düşüb, təhlükəlidir. Qar, yağış yağan kimi birinci mərtəbənin mənzillərinə dolur. Küləkdən həyət uçulur, hissə-hissə hər şey gəlib aşağı tökülür. Ümumi həyətin 2-ci mərtəbəsinin balkonundan söhbət gedir. Hansı ki, mənzillərin ora çıxışı və ümumi bir mətbəx var. Binanın tavanı, döşəməsi çöküb, tamam pis vəziyyətdədir. 2-ci mərtəbənin sakinləri oradan ehtiyyatla keçirlər ki, sürətlə keçsələr uça bilər”.

Bunu Moderator.az-a açıqlamasında bina sakini Arzu Həbibova deyib. Bina sakini problemlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciətlər etdiyini bildirib.

“Artıq 2 ildir ki, mütəmadi, fasiləsiz olaraq Yasamal rayon İcra Hakimiyyətinə, səlahiyyətli şəxslərə müraciət etmişik. Bir neçə il əvvəl də onlara müraciət etmişdik, bildirirdilər ki, vəsaitimiz yoxdur, heç bir ölçü götürə bilmirik. Məcbur olub Heydər Əliyev Fonduna, Şəhərsalma və Arxitektura komitəsinə müraciət etdik, onlar yenə də bizi Yasamal Rayon İcra Hakimiyyətinə yönəltdilər.

 

Hər bir yerə müraciətimiz icraya yönəlsə də, heç bir ölçü götürmürlər. İşimizə də memarımız Eyvaz müəllim baxır, ona da dəfələrlə məktub yazmışıq. Bizə imtina məktubu yazıb ki, vəsaitimiz yoxdur. Daha sonra onunla heç cür əlaqə saxlaya bilmədik. Otağında telefonu var, zəng edirik 1 ildir bizə cavab vermir. Qəbuluna getmək istəmişik, deyiblər ki, heç kimi qəbul etmir.

 Bizim xahişimiz budur ki, bina təmirə yarayırsa təmir etsinlər, yaramırsa söksünlər. Gözləyirlər ki, ölüm olsun, bədbəxt hadisə baş versin.

Vallah artıq ümid etmirəm ki, hadisə olsa da gəlib söksünlər. Bu vəziyyətdə bundan artıq yaşamaq mümkün deyil. Allah üzümüə baxır ki, neçə illərdir qar yağmır. Güclü qar yağsa o bina çökəcək. Daha sonra bütün qonşularla birlikdə Fövqəlada Hallar Nazirliyinə müraciət etdik. Oradan nümayəndə gəldi, binaya baxış keçirdilər və dedilər ki, bu təmirə yaramır, yaşayış üçün də çox təhlükəlidir, ancaq sökülməlidir. Biz onlardan yazılı sürətdə akt tələb edəndə dedilər ki, biz öz hesabımıza maliyyələşirik, ona görə bizə ödəniş olunmalıdır.

İcra Hakimiyyətindəki səlahiyyətli şəxslərə dedik, onlar bildirdilər ki, bizim vəsaitimiz yoxdur bu pulu ödəyək. Bu da hardasa 400 manata yaxın məbləğdir. Biz qonşular tərəfindən razı olarıq bu məbləği ödəməyə, sadəcə bilmirik o akt bizə yardım edib, nəsə verəcək ya yox?! Çünki belə vəziyyətdə olan evlər çoxdur, hətta aktları da var amma heç bir ölçü götürən yoxdur. Çox çıxılmaz vəziyyətdə qalmışıq. Bütün yollar Yasamal Rayon İcra Hakimiyyətində kəsişir, onlar da deyirlər ki, bizə vəsait ayrılmır, edə bilmərik. Son ümidimiz sizsiniz, xahiş edirik bizə kömək edin” – deyə şikayətçi Həbibova Arzu bildirib.

Şikayətçi dəfələrlə qəzalı binada bədbəxt hadisələrin baş verdiyini bildirib: “Qonşu mənzildə yaşlı bir qadın yaşayırdı. 2-ci mərtəbənin divarı daşla tikili idi, qadın da hər zaman orada otururdu. Qəfildən divar uçdu, qadının ayağlarını zədələdi. 2-3 gün xəstə yatağında yatdı və onunla da rəhmətə getdi. Bu yaxınlarda da qonşu xanım küləkli havada oradan keçəndə şüşələr sınıb dağıldı. Orada an söhbəti oldu, xoşbəxtlikdən qadının üstünə tökülmədi. Hamının körpə, orta yaşlı uşağı var. Bizdə demək olar ki, 3 mənzildə yaşayış yoxdur. Qorxudan, təhlükədən sakinlər köçüblər. Bəziləri kirayədə, digərləri isə qohumlarının evində yaşayırlar. Bir mənzilin ön hissəsi ümumiyyətlə çöküb” – deyə şikayətçi bildirib.
 
Redaksiyadan: Məsələ ilə bağlı Yasamal rayon icra hakimiyyətilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəflər kimi adı çəkilən şəxslərin və adiyyati dövlət orqanlarının məsul şəxslərində mövqeyini dərc etməyə hazırıq.
 
Mənbə Moderator.az