Həkim, klinika reklamçıları

00:10 13-11-2021 306
Azərbaycanda telekanallara nəzarət yoxdur?!
 
Paralel.az xəbər verir ki, Azərbaycanda telekanalların, kimə və nəyə xidmət ediyini bilən yoxdur.
Son illərin ən aktual sualı, Azərbaycan insanı nə üçün qəzet, kitab oxumur, Azərbaycan telekanallarına baxmır? Sualın cavabı-Azərbaycan insanı nə qəzet və kitablarda, nə də telekanallarda, axtardığını tapmır. (Nəyi axtarır? Bu cavabı da buraxıram sizin ixtiyarınıza.) Məhz bu səbəbdən də, üz tutur sosial şəbəkələrə.
Məsələn, bu günlərdə parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı, insanların sosial maraqlarına toxunan bir sıra məsələlər də, ciddi müzakirə obyekti oldu. Amma telekanalların heç birində bu məsələlərin ictimaiyyət nümayəndələri ilə müzakirəsinin şahidi olmadıq. Bəzi kanalların parlamentdə qəbul olunan qərarları dəstəkləyən YAPkrat deputatlarla, gecə saatlarında, insanlar yatandan sonra keçirdiyi müzakirələr də, sadəcə olaraq gözdən pərdə asmaq xarakteri daşıyırdı. Bəlkə də olub, mənim də bütün imkansız insanlar kimi, bütün günümü televizor qarşısında keçirmək imkanım yoxdur, zatən. Mən gördüklərimdən danışıram.
Azərbaycanda təxminən 15-20 telekanal fəaliyyət göstərir. Bu kanalların əsas mövzusu şou-biznes nümayəndələrinin əttökən məhəbbət məcaraları, yemək məsləhətxanaları və ən əsası, insanlarin «qanını sovurmaqla» pul qazanan (insanları müalicə edən yox, haaa) həkimlərin və klinikaların reklamıdır, vəssalam!
Bir faktı diqqətinizə çatdırım. Noyabr ayının 11-i saat 13-14 arası fəaliyyətdə olan telekanalların verilişlərini nəzərdən keçirmək qərarına gəldim. Həmin vaxt efirdə olan 12 kanaldan 8-də həkim və klinikaların tərif və reklamı (onu da qeyd edim ki, həmin verilişlərin reklam fasilələrində də, dərmanlar reklam olunur), 2 kanalda şou-biznes nümayəndələrinin reklamı, 1 kanalda idman və 1 kanalda musiqi tariximiz haqqında veriliş nümayiş olunurdu. Bu nə deməkdir və nəyə xidmət edir?
Bu o deməkdir ki, ölkəmizdə reklama pul vermək imkanına malil olan incanlar və şirkətlər, yalnız həkimlər və klinikalardır. Amma bir şeydə var ki, heç kim halal yolla qazandığını reklam üçün xərcləməz. 
İnsanlarımız da, telekanalların bu reklamlarına uyaraq, öz halal pullarını aparıb, həmin həkimlərə verirlər. Bu verilişlərin birində maraqlı bir məqam diqqətimi çəkdi. Verilişdə iştirak edən həkim aparıcıya deyir:» Biri zəng edib, məsləhət istəyir, heç telefonla da müalicə olar?» Bax, ən əsas məsələ də elə budur, telefonla müalicə olmaz. Telefonla universitetdə, məktəbdə təhsil almaq olar, amma müalicə olmaz. Elə həkimlər var ki, ümumiyyətlə xəstəyə telefon nömrəsini verməkdən imtina edir. Çünki hər qəbul üçün ondan pul almalıdır. Əgər zəng edən şəxs, həmin həkimin kartına bir 50-100 manat köçürüb, zəng etsəydi, müalicə də olardı, onun «səmərəsi»də, əsas məsələ puldur-pul!  
Telekanalların yemək verilişləri isə tamam başqa bir aləmdir. Azərbaycan qadını, yaxud kişisi heç zaman yemər bişirməyib ki, bu gün telekanallar onlara yemək bişirmək öyrədir? Bəs Azərbaycanın bütün dünyada tanınan mətbəxini kimlər yaradıb? Olmaz belə millət, olmaz. Biz nə üçün əcnəbiləri özümüzə güldürürük? 
P.S. Lenin «baba» zamanında təxminən belə demişdi, təbliğatın ən mühümü kinodur (onda televiziya yox idi də, bə!). İndi o «baba»nı heç kim tanımasa da, bu o demək deyil ki, biz telekanalları təbliğat vasitəsindən şou-biznes məkanına, aşxanaya, təbibi tərifxanaya çevirməliyik. Bu sahəyə ciddi nəzarət olunmalıdır.
Bəziləri düşünür ki, kimdir televizora baxan, orada nə istəsəm danışa, oxuya bilərəm. Amma belə deyil. Mətbuat, televiziya cəmiyyətin güzgüsüdürsə, onu elə bir vəziyyətdə saxlamalıyıq ki, baxanda özümüz-özümüzdən iyrənməyək.
Bu qədər, kimin xoşuna gəlmədisə, pardon, getsin su içsin!