İşığın qiyməti hər il artır,
keyfiyyətində isə heç bir dəyişiklik olmur

00:47 13-11-2021 558
 
Paralel.az xəbər verir ki, kommunal xərclərin artması, əhalinin kasıb qisminin ciddi narazılığına səbəb olsa da, buna diqqət edən yoxdur.
Şənbə, bazar günləri görüşdüyüm insanların müzakirə etdiyi əsas mövzu da, məhz kommunal xərclərin artması oldu. Yasamal rayon sakini Niyazi Ağayev hesab edir ki, qiymət artırsa, insanlara göstərilən xidmətdə də, bu hiss olunmalıdır:»Bizdə isə qiymətlər hər il artır, amma müsbətə doğru heç bir dəyişiklik olmur». Abşeron rayonunun Novxanı kəndində yaşayan Çingiz Məmmədov da işıqların tez-tez sönməsindən şikayət edir:»Ay qardaş, pulu artırırsan, artır haram xoşun olsun, işığı da normal ver də. Evdə uşaq var, qoca var, belə də olmaz axı». Abşeron rayonunun Masazır kəndində yaşayan Vasif Əhmədov da, azacıq yağış, külək olan kimi işıqların kəsilməsindən şikayətçidir:»Bu yığdığınız puldan 5-10 manat da keyfiyyətin yaxşılaşmasına xərcləyin də, hamısını qamarlayıb qoyursunuz cibinizə, bununla iş düzəlmir axı. Uşaq, qoca nəzərə almırlar, kim nə vaxt istəsə, işığı söndürür. Heç səbəbini də açıqlamırlar, sadəcə, «qəza olub», deməklə işlərini bitmiş hesab edirlər,vəssalam!»
Bu təkcə adlarını sadaladığım rayonlarda belə deyil, hər yerdə belədir. Qarşıdan qış gəlir, görünəni odur ki, kommunal sahədə çalışan məmurları bu, əsla maraqlandırmır. Onların evləri istidir, yetər. 
Yusif Seyid