Sumqayıt şəhər Bələdiyyəsinin sədri sürücüsü Vələddin Rəhimovun döyülməsi işi üzrə məhkəmə davam edir

12:24 15-11-2021 288

Noyabrın 15-də Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sərviz Süleymanovun sürücüsü Vələddin Rəhimovun döyülməsi işi üzrə məhkəmə keçiriləcək.

Tia.az xəbər verir ki, V.Rəhimova xəsarət yetirən şəxs Vüsal Seyidovdur.

O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs edilib.

Artıq noyabrın 1-də Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ayın 15-də isə növbəti məhkəmə prosesidir.

Hadisənin maraqlı tərəfi budur ki, təqsirləndirilən V. Seyidov Sumqayıt Bələdiyyəsinin sədri Sərviz Süleymanovun bacısı oğludur.

Yəni bacıoğlu dayısının sürücüsünü qanına qəltan edib və indi məhkəmədə mühakimə edilir. Cinayətin hansı motivdə baş verdiyi haqda müfəssəl məlumatlar açıqlanmır.

Belə iddialar səslənir ki, Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlunun həbsdən çıxardığı kimi o da sürücüsünü qurban verib onu xilas etməyə hazırlaşır. Onun qeyri-rəsmi danışıqlar apardığı haqda məlumatlar dolaşmaqdadır.