İcra başçısı Şəhidlərin xatirəsinə abidə ucaltmağa yer vermir - Şəhid ailəri etiraz edir

12:35 15-11-2021 216

Beyləqan birinci və ikinci Qarabağ müharibəsində 363 nəfər (13 nəfər mülki şəxsdir) qəhrəman şəhid verib. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün şəhid ailələrinin rayon mərkəzində abidə ucaltmaq üçün mərkəzi parkda 1941-1945-ci il müharibəsində həlak olanların xatirəsinə ucalan abidənin ətrafında yer ayrılması xahişinə icra başçısı Asif Ağayev əməl etmir.

İcra başçısı Beyləqan şəhərinin cənub-qərb girəcəyində 363 nəfər şəhidin xatirəsinə ucaldılacaq abidə üçün məsləhət gördüyü yer isə, eyni zamanda bir qrup qazilərə verib və hazırda qazilər həmin yerdə bina tikmək üçün təməl töküblər. Həmin yerdə şəhidlərin xatirəsinə abidə ucalmasını nə şəhid ailələri istəmir, nə də qazilər həmin yerdən çıxmaq istəmirlər. Hazırda İcra başçısı öz lazımsız təşəbbüsü ilə qazilərlə şəhid ailələrini üz-üzə qoyub.

O da məlumdur ki, artıq rayonun əksər kəndlərində əhali öz vəsaiti ilə Qəhrəman Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldıb.

Hazırda rayonun Orta Əlinəzərli kəndində camaatının təşəbbüsü və vəsaiti ilə 6 nəfər qəhrəman şəhidin xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılır. Abidədə son tamamlama işləri görülür.

Beyləqanda yerli hakimiyyət orqanları şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə ucaltmaq təşəbbüsünə vəsait ödəyəcəyinə görə, əhəmiyyət vermir. Ona görə də hər bir kənd əhalisi təşəbbüsü öz üzərinə götürərək, vətən torpaqlarını düşməndən azad etmək uğrunda gedən döyüşlərdə Şəhid olmuş Qəhrəman oğullarının xatirəsini öz vəsaitləri hesabına abidə ucaldırlar.

Rayonun Şəhid ailələri və qazilərin verdikləri məlumata görə, rayon icra hakimiyyəti başçısı kəndlərdə əhalinin vəsaiti hesabına şəhidlərin xatirəsinə ucaldılmış hazır abidələrə gizli layihə-smeta sənədləri tərtib edib, dövlətdən pul almaq üçün təşəbbüs irəli sürüb.

Şəhid ailələri və qazilərin buna razı olmadıqlarına görə, icra başçısı Asif Ağayevin bu iyrənc təşəbbüsünə etiraz etdikləri üçün icra başçısı onların müraciətlərinə baxmır. Şəhid ailələri və qazilər da bir neçə dəfə ərizə ilə Prezident Administrasiyasına müraciət ediblər.

Bu müraciət ərizələri baxılmaq üçün rayon icra hakimiyyətinə göndərilib. İcra hakimiyyətində həmin şikayət ərizələrinə baxılmadığına görə, şikayət edən şəhid ailələri və qazilərdən ibarət 10-15 nəfərlik qrup Prezident Administrasiyası və Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə 2 dəfə təşəbbüs göstəriblər.

Lakin onların etiraz aksiya keçirmək təşəbbüsünün qarşısı polisin müdaxiləsi ilə alınıb. PA-da və MM-də şikayətçilərin nümayəndələri qəbul edilib və onlara deyilib ki, sizin müraciətinizə rayon icra hakimiyyətində mütləq baxılacaq. Şəhid ailələri və qazilər isə icra hakimiyyətinin başçısının qəbuluna düşməyi artıq 2 aydan çox zaman keçsə də, hələ gözləyirlər.
Maraqlıdır, şikayətçilərə PA-da söz verilsə də, rayon icra hakimiyyətinin başçısı şikayətçiləri qəbul etmir.

Beləliklə, Beyləqan şəhərinin mərkəzində rayonun 363 nəfər şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılacaq abidəyə yer ayrılması problemi həll edilməmiş, mübahisəli halda qalır.

Bu cür xoşagəlməz hal isə icra başçısı və ona rəhbərlik edən məsul vəzifəli şəxslərə qarşı qəzəb və nifrət hissini gücləndirir.

Tapdıq Abbas

Paralel.az