Binəqədi rayonun icra başçısı ölkə başçısının siyasətinə müqavimət göstərir

12:53 15-11-2021 306

Mülkiyyət hüqquqları pozulan 23 nəfər vətəndaş ölkə başçısına və hüquq mühafizə orqanlarına müraciət ünvanlayıblar. Mülkiyyət hüqquqları pozulan 23 nəfər müraciətlərinin bir nüsxəsində MillətinSəsi.info saytının redaksiyasına göndəriblər.

Həmin müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

– Hörmətli cənab Prezident, hörmətli cənablar!

İlk öncə yaranmış şəraitdən istifadə edərək izn verin, Sizləri, doğmalarınızı və yaxınlarınızı səmimi qəlbdən salamlayım, xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da çiçəklənməsi naminə Sizlərə əbədi cansağlığı, dağlar ömrü və aramsız uğurlar diləyim!

Hörmətli cənab Prezident!

Dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edirəm və mübaliğəsiz demək istəyirəm ki, prezidentliyiniz dövründə hər kəsə bəllidir ki, Siz əsrə bərabər abadlıq-quruculuq işləri görmüsünüz.

Ötən illər ərzində həyatımızın bütün sahələri müasirləşmiş, təkcə paytaxt Bakı yox, bölgələrimiz də simasını tanınmaz dərəcədə dəyişmiş, xalqımızın rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır.

Vaxtaşırı ictimaiyyət nümayəndələri ilə səmim görüşləriniz, göstərdiyiniz sadəlik nümunələri və həyata keçirdiyiniz məqsədyönlü islahatlar bunu deməyə əsas verir ki, Siz sözün indiki mənasında hər bir Azərbaycan vətəndaşının prezidentisiniz və səmimi desək bu gün Sizi prezident olaraq əvəz edən lider yoxdur və qarşıdakı illərdə də olmayacaq. Yaratdığınız sağlam, münbit, təhlükəsiz cəmiyyətə, ictimai, siyasi sabitliyə və əmin-arxayın yaşayışa görə xalqımız Sizə borcludur, minnətdardır və həmişə ətrafınızdadır.

Sizin uğurlu kadr siyasətiniz alqışlara layiqdir. Prezidentliyiniz dövründə vətənini, xalqını ürəkdən sevən, pak əməlləri ilə xalq arasında nüfuz qazanan, savadlı, sanballı insanlardan ibarət monlit kadr korpusu formalaşdırmısınız.

Hörmətli cənab Prezident!

Hər bir yazıçının, şairin, bəsətəkarın və heykəltaraşın ən gözəl əsərlərindən biri müəllifinin şah əsəri adlanır. 17 illik prezidentliyiniz dövründə yüzlərlə uğurlara imza atmısınız. Lakin ədalət naminə demək lazımdır ki, Sizin ən böyük şah əsəriniz torpqlarımızı qısa zaman kəsiyində 30 il işğalda saxlayan erməni qəsbkarlarından çox az itgilərlə azad etməyinizdir. Qədirbilən xalqımız Sizin bu tarixi xidmətinizi heç zaman unutmamalıdır. İkinci şah əsəriniz isə məmləkətimizi rüşvətxorlardan, ölkədə bilərəkdən sosial gərginlik yaradan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev kimi özbaşına məmurlardan təmizləməyiniz olacaq.

Cənab Prezident,

Ümid yerimiz olaraq elə ünvanınza pənah gətirməyimizə də zərurət yaradan üzləşdiyimiz haqsızlıq, mülkiyyət hüquqlarımızın icra başçısı Elxan Abdullayev tərəfindən tapdanmasıdır.

Məlumat üçün bildirirəm ki, dəyərli vaxtınızı alaraq Sizə müraciət edən mülkiyyət hüquqları pozulan 23 nəfər vətəndaş təxminən 20 il keçmiş Sənaye Tikinti Nazirliyinin 4 nömrəli Tikinti Tresti tərəfindən inşa olunan obyektlərin tikintilərində işləmişik. 1993-cü ildə mənzil növbəsi əsasında Binəqədi rayonun Səttar Bəhlulzadə küçəsindəki 23 nömrəli binadan bizlərə orderlə mənzillər verilmişdir.

Lakin verilən mənzillər məcburi köçkünlər tərəfindən zəbt edildiyindən evlərimizə köçə bilmədik. 25 il gözləməli olduq. Unudulmaz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qaçqınlara qayğı diqqətin əsası qoyuldu və bu xeyirxah siyasət tərəfinizdən davam etdirilərək qaçqınlar daha abad, yaraşıqlı evlərə köçürüldülər. Uzun sürən mənzil həsrətinə son qoyulması təbii ki, bizi çox sevindirirdi.

Mənzillərimizə baş çəkdik, əl gəzdirdik, lakin sevincimiz o qədər də davamlı olmadı.

Binəqədi rayonun icra başçısı adıçəkilən binanın sökülməsinə sərəncam verdi. Biz sakinlər bir araya gəlib onunla görüşmək məcburiyyətində qaldıq. O, çox yağlı vədlər verdi. “ Səbr edin”, “darıxmayın”, “təzminat ödəniləcək “, “daha rahat evlər alacaqsınız”. Lakin bu günlərimizə qədər nə təzminat verirlər nə də təzə mənzil .

Son vaxtlar qəbuluna gedirik, bizi qəbul da etmir. Təngə gəlmişik, cənab Prezident, başçı bizi intihar həddinə çatdırıb. O, Sizin kreslonuzda oturub, əlinizlə çörək yeyir, eləcə də siyasətinizə müqavimət göstərir, bilərəkdən ölkədə siyasətinizə müqavimət göstərir, gərginlik yaradır, narazıların sayını artırır. Lakin ümidimizi itirməmişik. Tam əminik ki, kimsəsizlərin kimsəsi, tərəfsizlərin tərəfdarı kimi heç kimdən əsirgəmədiyiniz köməkliyinizi bizdən də əsirgəməyəcəksiniz. Bircə kəlmə göstərişinizlə ya mənzil alacağıq ya təzminat.

Rayonun icra başçısı isə layiq olduğu cəzanı almaqla ədalət şər üzərində zəfər çalacaq.

Hörməli cənab Prezident, qoy Ulu Yaradanımız kölgənizi millətimizin başı üzərnidən əskik etməsin, öz mübarək əlləri ilə həyat yollarınıza, siyasi fəaliyyətinizə çıraq tutsun, Amin!

Səbirsizliklə şad xəbər gözləyirik.”

Səmimi hörmətlə: Nizami Quliyev
və mülkiyyət hüquqlaı pozulan 23 sakin

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.