Prezident İlham Əliyev: “Mənə verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir”

13:40 12-11-2021 279

“Türk Dünyasının Ali Ordenini aldığım üçün böyük qürur hissi duyuram. Eyni zamanda özümü çox böyük bir məsuliyyət altında hiss edirəm”. Bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.

Azərbaycan dövlət başçısı:  “Bu gün Zəngilanın Ağalı kəndindəki rəsmi mərasim tarixdə qalacaq”.

Ali Ordenə layiq görülməsindən eyni zamanda xoşbəxtlik hissləri keçirdiyini qeyd edən Prezident İlham Əliyev deyib ki, Türk Şurası dövlət başçıları Türkiyə Prezidentinin təşəbbüsü ilə onu bu Ali Ordenə layiq görüb: “Bu ordenin mənə verilməsi Qarabağın qurtuluş savaşının sonunda baş tutdu. Türk dövlətlərinin bunu bu şəkildə qəbul etməsinə və məni bu ordenə layiq gördüklərinə görə öz adıma və bütün Azərbaycan xalqı adına böyük qürur hissi keçirirəm.

Bu, Azərbaycan xalqına verilmiş bir ordendir. Çünki İkinci Qarabağ müharibəsində həqiqətən çox mühüm səylər göstərdik. Bu Ordeni sevgili qardaşım Rəcəb Tayyib Ərdoğandan almağım xüsusilə önəmlidir. Müharibənin ilk günündən son gününə qədər onun bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Həqiqətən də bu dəstək bizə güc verdi, bizi ruhlandırdı, çünki əziz qardaşım Azərbaycanın dünyada tək olmadığını və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını göstərdi. Biz böyük bir zəfərlə vəzifəmizi yerimə yetirə bildik. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim heç vaxt başqa ölkələrin torpağında gözümüz olmayıb.

Türk Dünyasının Ali Ordeninin sədrliyin Türkiyəyə təhvil verildiyi bir gündə mənə verilməsi xüsusilə önəmlidir. Bu, sədr kimi ötən iki ildə sərf etdiyimiz səylərin də eyni zamanda müvəffəqiyyətlə istənilən nəticələrə gətirib çıxardığını təsdiqləmiş olur”.

Prezident İlham Əliyev qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verir:

“Ölkələrimiz arasında həmrəylik, qarşılıqlı hörmət sayəsində Türkiyə sədrliyi böyük bir uğurla həyata keçirəcək. Türk dünyasının lideri olaraq hörmətli qardaşım bu istiqamətdə yalnız və yalnız uğur qazanacaq. Çünki böyük baxışı sayəsində Türkiyə çox böyük yol qət edib və qlobal mənada gücə çevrilib.

Tək bölgəmizdə deyil, bütün dünyada Türkiyənin gücü tanınır. Həm iqtisadi, həm siyasi, həm hərbi gücdən danışırıq. Dünyada elə bir ölkə yoxdur ki, Türkiyənin vacibliyinin fərqində olmasın. Əziz qardaşımın baxışı sayəsində Türkiyənin qət etmiş olduğu yol, inkişafı hamımız üçün əslində nümunə olacaq bir yoldur. Çünki biz türk dünyasının qəlbinin burada atdığını bilirik.

Bu da hamımıza əlavə olaraq güc və güvən verir. Azərbaycan xalqı adından əziz qardaşıma bir daha təşəkkür edirəm. Ona olan dərin hörmətimizi bir daha dilə gətirmək istəyirəm. Azərbaycanda hər kəs Rəcəb Tayyib Ərdoğanı böyük hörmət və sevgi ilə anır. Türkiyə Prezidenti Azərbaycanda çox önəmli bir şəxsiyyət olaraq qəbul edilir.

Bu gün Türk Dünyası ölkələri arasında həmrəylikdən danışarkən ortaq baxışımız var və bu ortaq baxışın çox sağlam bir təmələ oturması lazımdır”.

Dövlət başçısı deyib ki, ortaq dil, ortaq din, ortaq mənfəətlərimiz və ortaq dəyərlərimiz var:

“İki illik sədrliyimiz dövründə biz də Azərbaycan olaraq Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələn hər cür səyi göstərdik. Bu gün keçmişlə müqayisədə birliyimizi daha çox gücləndirmiş vəziyyətdəyik. Bu gün gerçəkdən də tarixi bir Zirvə görüşü keçirilir. Çünki Türk Şurası bir təşkilat statusuna çatmış oldu. Qarşımızda çox böyük ümidverici bir gələcək var.

Çünki bu təşkilatın təməlində, qəlbində zatən tarixdən, ənənədən, ortaq din və dildən gələn təbii müttəfiqlərdən söhbət gedir. Bunlarla bərabər, yeni təhdidlər və çətinliklər demək olar ki, hər ay qarşımıza çıxmaqdadır. Təəssüf ki, dünyada lider dövlətlər bu çətinliklərlə mübarizə üçün müvafiq tədbirlər görmürlər. Əminəm ki, Türk Şurası olaraq ölkələrimiz, xalqlarımız üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çünki burada səmimi bir ortaqlıq var. Ölkəsini inkişaf etdirmək istəyən dövlət başçılarıyıq.

Xalqlarımız arasındakı bağlar hər keçən gün qüvvətlənir. Çox önəmli bir coğrafiyaya sahibik. Həm iqtisadi, həm müdafiə sahəsində əlimizdə böyük güc var. Bu da son dərəcə önəmlidir.

Təbii sərvətlər, müasir infrastruktur nəqliyyatı, kommunikasiya infrastrukturu əlimizdədir. Türkiyə kimi iqtisadiyyatı və hərbi gücü olan ölkə NATO-nun ikinci böyük ordusuna sahibdir. Türkiyə önəmli vəzifəsini həm bölgədə, həm də qlobal mənada sülh və sabitlik üçün istifadə edir. Əminəm ki, Türkiyənin sədrliyi dövründə bütün hədəflərə çatmaq mümkün olacaq.

Dörd gün əvvəl Azərbaycan xalqı olaraq, Qarabağın azad olunmasının birinci ildönümünü böyük coşqu ilə qeyd etdik”, – dövlət başçısı bildirib.

Dövlət başçısı deyib ki, 30 illik işğala son qoyulub: “Bunun nəticəsi olaraq BMT-nin 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələrini yerinə yetirdik, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik. Bu, həqiqətən ədalət savaşı idi və öz torpaqlarımızda bu müharibəyə girmək məcburiyyətində qaldıq. Bir çox şəhid verdik. Əslində, bu savaş heç bir ölkənin torpaqları ilə bağlı deyildi. İkinci Qarabağ müharibəsi başa çatdıqda bütün döyüşləri sona çatdırmış olduq.

Əslində, müharibənin ilk günündən mən Ermənistana bizə bir təqvim verməsini və işğal altındakı torpaqlarımızdan hansı müddətdə öz əsgərlərini geri çəkməsi lazım olduğunu dedim və bu sözümü tutdum. 44 günün sonunda Ermənistan atəşkəs elan etmiş oldu və kapitulyasiya aktına imza atdı. Bu şəkildə İkinci Qarabağ müharibəsi 44 günün sonunda bitdi. 300-dən çox kənd və yaşayış məntəqələri azad edildi. Beləliklə, Azərbaycan olaraq ərazi bütövlüyümüzü bərpa etdik.

Ancaq bununla yanaşı, bir çox təxribat yaşadıq. Sevgili qardaşım Rəcəb Tayyib Ərdoğan da iki dəfə – yanvar ayında və qısa müddət əvvəl Şuşanı ziyarət edib, işğal dövründə nə qədər böyük dağıntılar törədildiyini gözləri ilə gördü”.

Dövlət başçısı deyib ki, Qarabağda bərpa və yenidənqurma prosesi başlayıb: “Yenə də Qardaş Türkiyənin bir sıra şirkətləri azad edilmiş ərazilərdə bir çox infrastruktur layihəsində iştirak edir. Dəmir yolları, avtomobil yolları, hava limanları və digər böyük layihələrin Türkiyə şirkətlərinin iştirakı ilə tezliklə başa çatacağına inanıram”.

Prezident İlham Əliyev qeyd edib ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib: “Hava limanının inşasında 20-dən çox Türkiyə şirkəti iştirak edirdi və hava limanı rekord müddətdə – səkkiz ayda istifadəyə verildi. Zəngilan hava limanı və digər layihələr də var. Bu layihələrdə də Türkiyə şirkətləri iştirak edəcək”.