Qazanan məmur, itirən yenə vətəndaş olacaq

15:12 15-11-2021 351
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən açıqlama
 
 Saxta pensiya və müavinat alan vətəndaşlardan həmin pullar geri alına bilər.
Bu barədə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlama verib. Nazir bildirib ki, çox böyük məbləğdə mənimsəmələrə yol verilib. S.Babayev həmçinin qeyd edib ki, qanunvericilik imkan verdiyi halda vətəndaşlardan minimal məbləğdə tutulmaların olmasına dair müzakirələr aparılır.
Burası Azərbaycan, əgər müzakirələr aparılırsa, demək ki, belə bir tutulmalar da olacaq. Diqqət edin, S.Babayev böyük mənimsəmələrdən danışdığı halda, pulların vətəndaşlara ödəmələrdən tutulacağını dilə gətirib.Yəni həmin «böyük məbləğdə mənimsəmələrə» yol verən məmurlar, yenə də cəzadan kənarda qalacaqlar.
Burada bir məsələyə də aydınlıq gətirmək lazımdır. Məsələn, vətəndaş hansı səlahiyyət sahibidir ki,«böyük məbləğdə mənimsəmələrə» yol versin. İkincisi, nə üçün milyonları talayan məmurlar cəzadan kənarda qalır, amma həmin mənimsəmədən cüzi mənfəət görən vətəndaş cəzalandırılır?
Əslində, pulları mənimsəyən dövlət məmurlarıdır, onlar dövlətin onlara etibar etdiyi vəzifədən sui-istifadə edərək, vətəndaşları da öz cinayətlərinə şərik ediblər. 
Səlim Müslümov görəvindən alınan zaman bəyan etdilər ki, dövlətin 2 milyard manat vəsaitini mənimsəyib. Həmin 2 milyard manat puldan saxta pensiya və müavinat alanlara ən yaxşı halda 500 milyon manat düşə-düşməyə. Qalan pullar S.Müslümovun və həmin sahədə çalışan digər məmurların cibinə gedib. S.Babayev isə nə S.Müslümovdan, nə də o sahədə çalışan məmurlardan danışmır, onlardan tutulmaların olacağını da, dilinə belə gətirmir. Ancaq vətəndaşlara ödəmələrdən tutulmaların olacağı barədə müzakirələrin aparıldığını deyir. Bunu başa düşdük, çünki Səlim Müslümovun da bütün fəaliyyəti vətəndaşların yox, məmurların sosial müdafiəsinə köklənmişdi, sonu da məlum!
Bu gün S.Babayev bəyan edirsə ki, saxta yolla təyin olunan 200 mindən çox pensiya və müavinatların ləğvinə nail olub, onda ona bir sualım var. Hörmətli nazir, diqqətinizə çatdırım ki, S.Müslümov təkcə,  saxta pensiya və müavinatlar vasitəsilə deyil, həm də pensiyaçıların halal haqqı olan pensiyalarını müxtəlif yollarla minimum məbləğdə hesablamaqla külli miqdarda dövlət vəsaitinə «qənaət» edərək mənimsəyib. Həmin pensiyaçıların pozulmuş hüquqlarının bərpası istiqamətində hansısa addımlar atılırmı, yoxsa, bu sizə də sərf edir? Həmin insanlar on illərdir ki, dövlətin onlar üçün nəzərdə tutduğu halal pensiyalarının az bir hissəsini ala bilirlər. Yoxsa, bu sizin üçün maraqlı deyil?
Bu gün prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına qoyduğu əsas vəzifə insanların, ələlxüsus da sosial yardıma ehtiyacı olan pensiyaçıların və müavinat alan digər aztəminatlı insanların həyat tərzini yaxşılaşdırmaqla, onların məmnunluğuna nail olmaqdır.
Mənə belə gəlir ki, siz əsas diqqəti saxta pensiya və müavinatların aşkarlanmasına yönəltməklə birtərəfli mövqe tutursunuz.
Başa düşürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin daha çox müraciət etdiyi və kömək umduğu bir qurum olaraq, işiniz çox ağırdır. Amma S.Müslümovdan saxta qazanc əldə edənlərlə yanaşı, o dövrdə haqqı tapdanan insanların hüquqlarının bərpası da, çox vacibdir. Çünki onların sayı günü-gündən azalmaqdadır. Onlar heç olmasa, həyatlarının sonunda haqq-ədalətin qələbə qazandığını görmək arzusundadırlar.
Prezident, Ali Baş Kamandan İlham Əliyev Qarabağ savaşında Zəfər çaldısa, Sizin də, çalışdığınız sahədə saxtakarlıq, rüşvət və nankorluq cəbhəsində Qələbə qazanmaq şansınız var. Bu şansı əldən buraxmayın! 
 
Yusif Seyid  
 
  Paralel.az