“Sədərək”dəki axund müəmması qarşıdurmaya səbəb oldu – VİDEO

15:49 15-11-2021 234

QMİ məlumatsızdır

 

Dünən “Sədərək” Ticarət Mərkəzində yerləşən məsciddə qarşıdurma olub.

Proqnoz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, məscidin axundunun dəyişdirilməsi namaz qılan şəxslərin etirazına səbəb olub.

Belə ki, məscidin “Sədərək”də işləyən sahibkarların pul toplayaraq tikdirdiyi və özlərinin seçdiyi şəxsin axund kimi fəaliyyət göstərdiyi bildirilir. Təxminən 10 gün əvvələ kimi həmin məscidə hacı Əkrəm və hacı Eldəniz adlı şəxslər rəhbərlik edib.

Bir müddət öncə pandemiyaya görə məscid dezinfeksiya olunması üçün fəaliyyətini müvəqqəti dayandırıb. Məscid açıldıqda isə hacı Əkrəm çıxarılıb, əvəzinə Fərid İsmayılzadənin axund təyin edildiyi məlum olub.

Bundan sonra “Sədərək”də işləyən və məsciddə namaz qılan şəxslər ticarət mərkəzinin sahibi Yusif Qədimbəyliyə etirazlarını bildiriblər. TM-nin rəhbərliyi isə narazı şəxslərə axundu Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyini deyib.

Aydın Nağıyev adlı inanclı şəxs məscidin içində axundun dəyişilməsinə görə “Sədərək” TM-nin  rəhbərliyinə etirazını bildirib. O, ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyüldüyünü iddia edib.

A.Nağıyev xəsarət izləri ilə birgə Qaradağ RPİ 10-cu Polis Bölməsinə gedərək hadisə ilə bağlı izahat verib.
DİN Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

QMİ-dən isə bildirilib ki, həmin məscid qurumun balansında olmadığı üçün İdarə tərəfindən ora heç bir axund təyin edilməyib.