Sosial Xidmətlər Agentliyi Qarabağ qazisini öldürmək niyyətindədir?

16:22 15-11-2021 405

Xidmətdən imtina edən Sosial Xidmətlər Agentliyi və DİN məhkəməyə verilib

Bronxial astmadan ölüm ayağında olan bu sətirlərin yazarına ƏƏSMN -in və tabeliyindəki qurumların, özəlliklə yeni yaradılan Sosial Xidmətlər Agentliyinin (SXA) və onun idarə heyətinin sədri Vüqar Behbudovun qərəzi, ayrı-seçkiliyi, xidmətdən imtinası tənqidə görə təqibdən özgə bir şey deyil.

Vüqar Behbudov və dəstəsinin əlilliyi olan şəxslərin, qazilərin, şəhid ailələrinin mənzillə təminatını , sosial xidmətləri rüşvət, korrupsiya predmetinə çevirməsindən , hətta özünü Konstitusiyadan, dövlətin adından çıxarılan 2-1 (81)-1095/16 saylı 20.06.2016 tarixli məhkəmə qərarını 6 -cı ildir “VÜQARLA” icra etməkdən imtina ilə məhkəmədən də üstün tutmasından ali dövlət hakimiyyəti , hüquq-mühafizə orqanlarına, Ombudsmana şikayətlərə cavab olaraq Sosial Xidmətlər Agentliyi cılızlıq sərgiləyir, 1-ci dərəcəli Qarabağ qazisi ailəsinə xidmətdən , qazinin Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində bronxial astmadan müalicəsini, reabilitasiyasını təşkil etməkdən imtina edir.

Son 3 ilin müraciətlərinə cavab olaraq, sonuncu dəfə 27.10.2021 tarixli məktubla Sosial Xidmətlər Agentliyi bildirib ki, Nazirlər Kabinetinin 12.08.2002 tarixli qərarına görə , “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin olunması ƏƏSMN -in səlahiyyətləri xaricindədir və qazi müvafiq hərbi quruma müraciət etməlidir.

Bu cavabın qanunsuzluğu göz önündədir. Birincisi, “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10-cu maddəsinə görə, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir.

İkincisi, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020 tarixli 1077 saylı “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə doğrulanan Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddəsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı tədbirlər görmək, vətəndaşların sanatoriya yollayışı ilə təmin edilmələrini TƏŞKİL ETMƏK Sosial Xidmətlər Agentliyinin vəzifələrinə aiddir.

Bəs niyə Sosial Xidmətlər Agentliyi vəzifəsini, görəvini icra etməkdən imtina edir, ən azı müraciəti adını çəkmədiyi aiddiyatı orqana göndərmir? Bunun qərəzdən, ayrı-seçkilikdən özgə bir adı var: QARABAĞ QAZİSİNİ ÖLDÜRMƏK!

Aidiyyatı hərbi qurum – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Prezidentə və baş prokurora özbaşınalıqdan şikayət edən özünün (özününmü?) Qarabağ qazisindən 30 milyon tələb edir , məhbəs kamerası ilə təmin etmək istəyir, onda qala, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinə – duz kamerasına göndərməsini təmin etsin. DİN Şəxsi Heyətlə iş idarəsi də 14.10.2021 tarixli məktubla müraciətin ona aid olmamasını, aidiyyatı üzrə “təqaüd və digər təminatları həyata keçirən” ƏƏSMN və yanındakı qurumlara müraciət etməyi məsləhət görməklə, “Vətəndaşların müraciətləri haqqında” qanunun vurğuladığımız tələblərini pozub və “Hərbi qulluqçuların statusu haqqında” qanunun 13.6 maddəsindən xəbərsizliyini ortaya qoyub.

Sözügedən maddəyə görə, … YAŞINA, XƏSTƏLİYƏ GÖRƏ EHTİYATA BURAXILAN HƏRBİ QULLUQÇULARIN , ŞƏHİD AİLƏLƏRİNİN HƏRBİ TİBB MÜƏSSİSƏLƏRİNDƏ TİBBİ TƏMİNAT, SANATORİYA-KURORT MÜALİCƏSİ VƏ İSTİRAHƏT HÜQUQU SAXLANILIR .

Hər iki dövlət orqanının sağlamlığını Vətən yolunda itirən Qarabağ qazisinə qərəzi, ayrı-seçkiliyi, düşmənçiliyi Konstitusiya ilə doğrulanan əsas insan və vətəndaş hüquqlarından olan müraciət etmək hüququndan yararlanması, mediada qınayıcı yazılarla çıxış etməsindən qaynaqlanır.

Qarabağ qazisinin  3 ildir müraciət etməsinə baxmayaraq, səlahiyyətsiz olduqlarını bildirib xidmətdən imtina edən ƏƏSMN -in tabeliyində Sosial XidmətlərAgentliyi və DİN Şəxsi Heyətlə iş İdarəsinin məhkəmədə cavab verəcəkləri gözlənilir. Bakı İnzibati Məhkəməsi iddiaya vicdanlı, qərəzsiz, ədalətli hakimin baxılmasını təmin etsə…

Daha Rüstəm Kərimli kimi Prezidentin 30.06.2020 tarixli 1077 saylı Fərmanını saxtalaşdıraraq , adını bilərəkdən göstərməməklə “ölüm hökmü” çıxarılacaqsa , qazinin müalicə hüququ bir yana, məhkəmə təminatı hüququna da qadağa qoyulacaqsa, Bakı İnzibati Məhkəməsində qaldırılan iddianın da sağlamlığa ziyan vurmaqdan özgə yetkisi olmayacaq.

Məğrur Bədəlsoy

 

Milletinsesi.info