Bakıda FACİƏ: Təmizlik şirkətinin işçisi 19-cu mərtəbədən düşüb öldü

16:40 16-11-2021 468

Bakıda təmizlik işçisi faciəvi şəkildə ölüb.

Əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 ünvanında yerləşən 24 mərtəbəli binada baş verib.

Həmin binanın 19-cu mərtəbəsində şüşələri təmizləyən təmizlik.az şirkətinin əməkdaşı 27 yaşlı Səid Hüseynli ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda adıçəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynlinin Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürmərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb və Səid Hüseynli yıxılaraq ölmüşdür.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.