İranın qadınlar üzrə futbol millisinin üzvü Zöhrə Kudayi kişidir, yoxsa qadın?

16:54 16-11-2021 306

İranın qadınlar üzrə futbol yığması sentyabrın 27-də baş tutan İran – İordaniya qarşılaşmasında qolsuz bitən oyunun penaltilərində 4:2 hesabı ilə İordaniya üzərində qələbə qazanaraq, 2022-ci il Asiya Millətlər Kuboku yarışlarına lisenziya hüququ əldə edib.

 

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, İordaniya Futbol Federasiyasının sədri Əli bin Əl-Hüseynin İranın qadınlar üzrə millisinin qapıçısının kişi olduğunu iddia edərək Asiya Futbol Konfederasiyasının bununla bağlı araşdırma aparmasını tələb etməsindən sonra İranın qadınlar üzrə futbol millisinin baş məşqçisi Məryəm İrandust bu məlumatların yalan olduğunu deyib.

 

İrandust qeyd edib ki, həkim heyəti bu kimi problemlərin qarşısını almaq üçün komandanın hər bir üzvünü hormonal testdən keçiriblər.

 

“Bütün azarkeşlərə demək istəyirəm ki, qətiyyən narahat olmasınlar. Biz vaxt itirmədən lazımi sənədləri Asiya Futbol Konfederasiyasına göndərəcəyik”, – deyə o əlavə edib.

 

Xanım Kudayinin özü isə “Mehr” xəbər agentliyinə açıqlamasında ailəsini dolandırmaq üçün futbolla yanaşı, dülgərliklə də məşğul olduğunu deyib.

 

“Bir çox futbolçular kimi, mən də böyük əziyyətlər çəkmişəm, bir sıra əlavə işlərlə, o cümlədən dülgərliklə məşğul olmuşam və ailəmə maddi cəhətdən köməklik göstərməyə çalışmışam”, – deyə o qeyd edib.

 

Habelə o, futbol karyerası və gələcəyi ilə bağlı bunları deyib:

 

“Böyük hədəflərim var və onlara çatmaq üçün hər şeyi edəcəyəm. Arzum Millətlər Kubokunun finalında da uğur qazanmaq və dünya çempionatının lisenziyasını əldə etməkdir. Bu yarışlar bütün oyunçular üçün başlanğıc nöqtəsinə çevrildi və ümid edirəm ki, bizim böyük məqsədlərimiz həyata keçəcək”.