Əvəz Qocayev OLİQARXDIRSA…

23:53 16-11-2021 333

vay yollarımızın halına... - FAKT BUDUR!

Çökən yollar, batan pullar… Kimdir günahkar? Ölkə başçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı bu il 15-ə yaxın sərəncam verərək vəsait ayırıb. Bu vəsaitlər Azərbaycanın müxtəlif bölgələrində yolların çəkilməsi, yol infrastrukturunun qurulması, yolların bərpası üçün nəzərdə tutulub. Amma indi görülən işə də bir nəzər salaq. Biz uzağa getməyəcəyik, elə Bakı ətrafı qəsəbələrdən danışaq.

 

Bakı ətrafı qəsəbələrdə yol infrastrukturunun qurulması üçün ötən illərdə vəsait ayrılmışdı. Yol çəkildi də, amma… Bəli problem elə bu ammadan başlayır. Binəqədi qəsəbəsindən danışaq. Bu qəsəbənin yolları kələ-kötür, çala-çuxur idi. Avtomobillə bu yollarda hərəkət etmək mümkün deyildi. Buna görə də, ərazidə yol çəkilişi başlayanda bütün sakinlər sevinmişdi. Ancaq bir müddət sonra yeni çəkilən yolun dağılmağa başlaması, onların qanını yenidən qaraltdı.

Yeni çəkilən yol, tez bir zamanda sıradan çıxdı. Bu zaman müxtəlif fikirlər səsləndirildi. Hətta bəziləri yolların keyfiyyətsiz çəkildiyini də dilə gətirdi. Bakı ətrafı qəsəbələr, kəndlər deyildən zaman görünür ki, AAYDA, Zabratı Bakı qəsəbəsi hesab etmədi. Bu qəsəbənin daxili yolları, o qədər acıancaqlıdır ki, heç Neftçalanın yolları o qədər acınacaqlı deyil. Qəsəbənin yollarına bir balaca yağış yağan kimi yolda olan çala-çuxura dolan sular da təhlükəli vəziyyət yaradır. Zabrat dairəsi deyilən ərazi, daxili küçələrin vəziyyəti çox acınacaqlıdır.

Gözdən uzaq olan, könüldən də uzaq olar deyib atalarımız. Zabratın daxilinə ölkə başçısı səfər etmədiyi üçün bu qəsəbədə daxili küçələri təmir etmək AAYDA-nın maraqları daxilində olmayıb. Sadəcə olaraq Sabunçu-Zabrat yolu deyilən yol bərpa edilib ki, ölkə başçısı bu ərazidən keçdiyi zaman yolun təmirli olduğunu görsün və qurumun fəaliyyətindən narazı qalmasın.

Bakı-Sumqayıt yolundak tıxac da, AAYDA-nın yarıtmaz fəaliyyətinin sübutudur. Bir zaman Xaləddin İsgəndərov, yolu daraldaraq orada guya göz oxşayan təpələr yaratmışdı. El arasında bu təpələrə “Xaləddinin təpələri” deyilirdi. Sonra Bakı-Sumqayıt yolunda tıxacların azaldılması üçün “Xaləddinin təpələri” də söküldü. Guya, yol genişləndi. AAYDA, bu yolda azı 3-4 dəfə təmir işləri apardı. Sıradan çıxmamış və problem olmayan bu yol, dəfələrlə sökülüb yenidən çəkildi. Ancaq yol da “butulkavari” olduğu üçün, burdakı tıxacın azalması mümkün olmadı. Yolda olan körpünün ayaqlarını da bir qədər dartdılar ki, bəlkə faydası olar, çifayda. Qarovul dəstəsi kimi addım-addım irəliləyək.

Üzü Bakı-Rusiya Federasiyası yolu, qısacası Quba yolu. Yenidən hissə-hissə bərpa edilməyə başladılar. Ancaq bu sadəcə üzü Qubaya tərəfə şamil edildi. Bakıya qayıdanlar isə, bu gün də dağılmış, yamaqlı yoldan keçməli olur. Bu yamaqlar isə, vətəndaşların avtomobillərinin zərər görməsi ilə nəticələnir.

AAYDA-nın mətbuat xidməti, açıqlamalarında bildirmişdi ki, həmin ərazidə sıradan çıxan hissələrə yamaqlar vurulur və sürət həddi azaldılır. Yəni əvvəllər 110 sürət həddi olan yolun sürət həddi azaldılıb, 90 edilib.

Siz problemin həllinə baxın. Yol, təmir edilmək əvəzinə sürət həddi azaldılır. Hətta bu ərazidə bəzi yerlərdə sürət həddi 60-a qədər azaldılıb. AAYDA, vətəndaşların təhlükəsziliyini təmin etmək məqsədilə; qəza baş verməməsi üçün təmirə yox, sürət həddinin azalmasına çalışıb.

Yeni təmir edilən yolların çökməsi, sıradan çıxması, bəzi yolların əsaslı təmirə ehtiyacı olduğu halda təmir edilməməsi AAYDA-nın yarıtmaz fəaliyyətinin nəticəsidir. Yerüstü piyada keçidləri də AAYDA-nın məsuliyyətindədir. Bərli-bəzəkli xaricdən gəl-gəl deyən piyada keçidləri, vətəndaşların rahatlığını təmin etmədiyi üçün vətəndaşlar da bu keçidlərdən istifadə etmir. Yerdən 5-10 metr hündürlükdə olan piyada keçdilərinin çoxunda eskalator əvəzinə sadə pilləkənlər quraşdırılıb. Bu isə vətəndaşların narazılığına səbəb olur. İşdən yorğun-arğın gələn vətəndaş, 5-10 metr pilləkənlə qalxmaq əvəzinə hərəkətlə dolu yoldan keçməyə üstünlük verir. Halbu ki, bu keçidlər tikilən zaman sensorlu eskalatorlar quraşdırıla bilərdi. Belə keçidlər Ukrayna dairəsi, Buzovna yolu və s. yerlərdə tikilib.

Bundan başqa, Bakının müxtəlif yerlərində tikintisinə başlanılan ancaq yarım qalan piyada keçidləri də var. Görünür ki, AAYDA, bu keçidləri müvəqqəti olaraq unudub.

Yəni demək istədiyimiz odur ki, qarşıdan qış gəlir. Sizin də fəaliyyətinizin nə qədər “yaralı” olduğunu bilirik. Görək bu qışı Bakı və bölgələrdə yollara necə nəzarət edəcəksiniz. Yoxsa şablon sözlərlə gözdən pərdə asacaqsınız: “Qarı təmizləyən xüsusi texnikalar hazır vəziyyətə gətirilib, yollara duz səpiləcək və s. və ilaxır”.

Qarnımız da doyub bu vədlərə gözümüz də. Buna görə də, “gözümüz” üstünüzdə.

P.S. Bu gün AAYDA-da Əvəz Qocayev kimi oliqarxlar “parlamaqdadır”… Belə olan hallarda yollarımızın nədən bu abıra olduğunu dərd etməyə dəyməz… Dərdimzi elə həmin əvəzlərdir ki, illərdir, onlara da əvəz tapılmır…

Mənbə Bizimyol.info