Ermənistanı aqressivləşdirən Himayəçiləridir

18:13 17-11-2021 324

Rusiya, Fransa və ABŞ erməniləri müharibəyə təhrik edir

 

Noyabr ayı başlanandan Ermənistan Azərbaycana qarşı çox aqressivləşib və hərbi təxribatları getdikcə gücləndirir. srağagün dövlət sərhəddində Ermənistan hərbi təxribat törədib, təxribat nəticəsində hər iki tərəfdən canlı qüvvə itkisi olub.

Ermənistan mətbuatının yaydığı xəbərə görə, Ermənistan 13 nəfər döyüşçüsünü itirib, 24 nəfər itkin düşüb, çox sayda yaralılar var.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbərə görə, döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 nəfər hərbiçisi şəhid olub.

Şəhid olan hərbçilərimiz bunlardır:

  1. leytenant Niftəliyev Ümüd Oruc oğlu;
  2. gizir Cabbarov Orxan Hətəm oğlu;
  3. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
  4. əsgər Ağayev Elçin Mərifət oğlu;
  5. əsgər Əlizadə Elmin Samir oğlu;
  6. əsgər Əliyev Elçin Ramil oğlu;
  7. əsgər Xəlilov Murad Qalib oğlu.

Şəhidlərimizə Allah rəhmət eləsin!

Döyüşdə 10 nəfər hərbiçimiz yaralanıb.

Allah yaralılara şəfa versin!..

Bir il əvvəl Rusiya prezidenti V. Putinə yalvarıb Azərbaycan ordusunun hücumlarını dayandırmaq üçün kapitulyasiya aktına imza atdığını sanki Ermənistanın baş nazir N. Paşinyan unudub.

Hər kəsə yaxşı bəllidir ki, Ermənistan rəhbərliyinin unutqanlığının kökündə onları daim Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə müharibəyə sövq edən türk düşmənləri-Rusiya, Fransa, ABŞ və İran durur.

Dünyaya da bəllidir ki, iqtisadi, siyasi, sosial, hərbi və digər sahələrdə ölkənin inkişafını təmin etməyə minimum imkanı olmayan Ermənistanın ondan bir neçə dəfə yüksək iqtisadi və hərbi gücə malik olan Azərbaycana qarşı, himayəçilərinin yardımı olmadan, müharibə iddiasına düşməsi ağılasığmaz bir şeydir...

Fikir verin, tarixən qədim Azərbaycan torpaqlarında Ermənistan dövlətini yaradan Rusiyanın birbaşa iqtisadi və hərbi yardımı ilə ayaqda duran oyuncaq ölkə bir ilin içində görün, nə qədər silah-sursatla silahlanıb ki, bir il əvvəl qarşısında diz çökdüyü Azərbaycana qarşı indi hərbi təxribatlar törətməkdən çəkinmir?!..

Bəli, heç kimə sirr deyil ki, Ermənistanın Azərbaycana qarşı ağılasığmaz iddialarının, vəhşi hərəkətlərinin arxasında birbaşa Rusiya dayanır. 20 Yanvar, Xocalı və saymaqla bitməyən bütün faciələrimizin mənbəyi hazırda "sülhməramlı" adı ilə ordusunu Qarabağa yerləşdirən və öz imzası ilə təsdiq etdiyi atəşkəs bəyanatında üzərinə götürdüyü öhdəliyə əməl etməyən Rusiyadır..

SSRİ-ni bərpa etmək eşqi ilə alışıb- yanan Rusiyanın, öz imperialist istəyinə uyğun olaraq qonşuları ilə silahla danışmaq adətinə sadiqlik nümayiş etdirməsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına da imkan vermir.

Maraqlıdır ki, bir çox sahələrdə düşmən kimi Rusiyanı sanksiyalarla əzməyə cəhd edən Fransa və ABŞ dövlətləri də, Azərbaycanla Ermənistan arasında davam edən hərbi münaqişənin həll olunmasında Rusiya ilə eyni mövqe sərgiləyir, ədalətsiz və işğalçı Ermənistanın tərəfini tuturlar.

30 ilə yaxın ATƏT-in Minsk Qrupunda həmsədrlik edən üç dövlət Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi üçün heç bir iş görmədilər, əksinə BMT TŞ-nın bu dövlətlərin də iştirakı ilə qəbul olunmuş 4 qətnamənin yerinə yetirməsinə belə, təşəbbüs göstərmədilər. Ermənistanın işğalçılıq hərəkətlərini pisləmək əvəzinə, ona dəstək verdilər.

Amma Azərbaycan 30 il Ermənistanın işğalı altında olan torpaqlarını hərbi güc ilə azad edən kimi, Ermənistanı açıq müdafiə etməyə başladılar. Ermənistan terrorçularını əsir düşmüş döyüşçü kimi geri qaytarılmaq üçün Azərbaycana təzyiq göstərməyə girişdilər və dəridən-qabıqdan çıxdılar.

İndi Ermənistanın Azərbaycan sərhədlərində törətdiyi qanlı təxribatlara da, məhz həmin havadarların dəstək verdiklərinə heç kəs şübhə etmir.

Çünki Ermənistanın Azərbaycanla apardığı müharibənin onun üçün hansı ağır nəticələrlə bitdiyini keçən il 44 günlük müharibədə yaxşı gördü. Onun yenidən müharibəyə can atması, atəşkəs bəyanatını pozması, yalnız havadarlarının, ilk növbədə münaqişənin həll edilməsini istəməyən Rusiyanın təhriki ilə baş verməsinə şübhə yoxdur.

 Tapdıq Abbas