Səhiyyə -Azərbaycanın üz qarası

18:17 17-11-2021 315

Ölkəmizdə xəstələrin müayinəsi nə üçün pullu olmalıdır?

 Vətəndaşlarımızın sağlamlığının daha yaxşı qorunması məqsədiylə gələn il üçün dövlət büdcəsindən 1 milyard 770 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Amma son illərin təcrübəsi onu deməyə əsas verir ki, bu pulların hara və necə xərclənməsi çox saylı suallar doğurur.

Ölkəmizdə İcbari Tibbi Sığorta sistemi tətbiq olunsa da, insanlar onun səmərəsini görmürlər. Sadəcə olaraq, həkimlərin poliklinikalarda xəstələrdən pul alması məsələsi bir qədər səngiyib. Bunun əvəzinə həm də, həkimlərin xəstə vətəndaşlara münasibətləri dəyişib-biganəlik, səhlənkarlıq, saymamazlıq və yekəxanalıq kimi hallar meydana gəlib. Bugünlərdə bu barədə söhbətləşdiyim bir xəstə xanımın dedikləri: "Əvvəllər bundan çox yaxşı idi. Həkimə 5-10 manat verirdin, səni öz doğması kimi qəbul edir, az qala qarşına çay da gətirirdi. İndi isə guya İcbari Tibbi Sığorta ilə işləyirlər. Həkim heç xəstənin üzünə belə, baxmaq istəmir. Salamı da elə alır ki, elə bil borca pul verir. Bir kəlml danışmadan bir kağız parçasını yazıb verir, başdan eləyir. Nəyimə lazımdır belə tibbi sığorta? 5-10 manat verirdim, sağaltmasa belə, xoş üzlə qarşlayıb, yola salırdı, mənə də xoş idi, ona da. İndi də heç kimi müalicə edən yoxdur. Həkimlə xəstəni sanki biri-birinə düşmən ediblər, adam heç həkim yanına getmək belə istəmir".

Azərbaycanda səhiyyəyə həqiqətən çox böyük pullar ayrılır. Yeni xəstəxanalar, müalicə mərkəzləri və s. tikilib istifadəyə verilir. Amma bu müalicə müəssisələri bazar prinsipləri ilə fəaliyyət göstərir. Bəzən adama elə gəlir ki, xəstəxanaya yox, qəssabxanaya gəlib. Məhz buna görə də, son illər ölkəmizdə kiminsə, xəstəlikdən sağaldığını eşitmək müşkül məsələyə çevrilib. Həkimlər də, elə bir sistem qurublar ki, bir dəfə həkimə müraciət edən insan ömürlük ona bağlı qalsın, amma sağalmasın, sağaldısa, gəliri azalacaq.

Buna görə də, gündəlik, həftəlik, aylıq, 3 aylıq və s. müayinələr bitib tükənmir. Hər bir müayinə isə xəstəyə, yaxud onun yaxınlarına ən azından 500-1000 manata başa gədir. Həkimi isə bu, əsla narahat etmir.

Dünyanın bir çox yerlərində, o cümlədən bizə yaxın olan Türkiyədə, Rusiyada insanın öz sağlamlığı haqqında məlumat almaq hüququ tanınır. Bu o deməkdir ki, bu ölkələrdə tibbi müayinədən keçmək pulsuzdur.

Sovet dönəmində də, bu gündən fərqli olaraq insanların sağlamlığına daha ciddi münasibət bəslənirdi. Əhalinin, ələlxüsus da ağır və zərərli işlərdə işləyənlərin, ən azı 6 ayda bir dəfə tibbi müayinədən keçmək məcburi idi. Bir çox iri sənaye müəssisələrinin özünün poliklinikaları, profilaktik-müalicə sanatoriyaları var idi. İnsanların sağlamlıqlarından şikayətləri olmasa belə, onları mütləq şəkildə müayinələrdən keçirirdilər ki, xəstəlik vaxtında müəyyən olunsun. Hər hansı bir xəstəlik, yaxud şübhəli məqam yaranan kimi, onlar mütləq şəkildə müalicə müəssisələrinə yerləşdirilirdilər.

Bugün isə tam əks prosesin şahidi oluruq. Müəssisə və təşkilatlar, ümumiyyətlə öz işçilərinin sağlamlığı ilə maraqlanmırlar.

Mən özəl klinikalardan danışmıram, baxmayaraq ki, orada həm xidmət, həm müalicə daha yüksək səviyyədə olduğu halda, qiymətlər dövlət xəstəxanalarından daha aşağı olur.

Məsələn, MRT-dən keçmək "Loğman" klinikasında 200 manat olduğu halda, Milli Onkoloji Mərkəzdə (yaddan çıxarmayın ki, bu mərkəz dövlət tibb müəssisəsidir) 300 manatdır.

Ümumiyyətlə, Azərbaycan kimi bir ölkədə insanların hər hansı bir tibb müəssisəsində müayinə olunması nə üçün pullu olmalıdır? MRT, KT, UZİ kimi müayinə avadanlıqları məgər, həmin həkimlərin puluna alınıb? Yaxud da, deyirlər ki, həmin avadanlıqlar çox bahadır və bu səbəbdən də, həmin aparatlarda müayinə olunmaq baha başa gəlir və bir çox dövlət tibb müəssisələrində o avadanlıqlardan yoxdur. Belə çıxır ki, hansısa bir deputat, yaxud dövlət məmuru (məlum məsələdir ki, ölkəmizdə fəaliyyət göstərən özəl klinikaların hamısı bu və ya başqa şəkildə həmin insanların nəzarətindədir) klinika açır, həmin avadanlıqları da quraşdırır ora, pul qazanır. Bu o anlama gəlmirmi ki, Azərbaycan məmurları, Azərbaycan dövlətindən daha varlı və imkanlıdırlar. Bunu necə anlayaq ?

Tutaq ki, belədir. Azərbaycanda minimum pensiya 200, əmək haqqı 250 manat (gələn ildən artacağı gözlənilir) olduğu halda, bir müayinə üçün insanlardan 500-1000 manat pul tələb etmək (müalicə pulu bura daxil deyil) nə dərəcədə qanuna, haqqa və ədalətə uyğun sayıla bilər. 500 manatlıq müayinədən sonra 3-5 manatlıq dərman yazmaq da, ayıb sayılır və xəstəyə ən azından bir 500 manatlıq da dərman yazırlar. Bütün bu müayinə və müalicənin isə heç bir xeyri olmur. Onda insanlar məcburiyyət qarşısında Gürcüstana, İrana, Rusiyaya, bir qədər imkanlılar isə Türkiyəyə və digər inkişaf etmiş ölkələrə üz tutur. Burada qarşılışdıqları mənzərə isə onları şoka salır. Məlum olur ki, əksər hallarda qoyulan diaqnoz və aparılan müalicə, düzgün olmayıb. Bu ölkələrdə (baxmayaraq ki, xarici vətəndaşdır) insanlardan müayinə üçün pul tələb olunmur. Burada həkimlərin xəstəyə münasibəti də tamamilə fərqlidir.

Bu günlərdə Rusiyadan qayıdan bir soydaşımız danışır ki, ondan müayinə üçün ümumiyyətlə pul almadılar. "Xəstəxanada yatdığım müddətdə yanıma gəlib-gedən olmasa da, heç bir çətinlik çəkmədim. Xəstələrin qidalanmasına xüsusi diqqət olunur və qida rejimi xəstənin xəstəliyinə uyğun şəkildə tənzimlənir. Müalicə həkimimə Azərbaycansayağı hörmət etmək istədim, bilirsiniz mənə nə dedi. "Siz qafqazlılar rüşvətsiz yaşaya bilmirsiniz? Sizi müalicə etmək mənim həkimlik borcumdur. Pul yığmaq istəsəydim, mən də gedib bazarda alver-bizneslə məşğul olardım". Sözün açığı çox utandım. Xəstəxanadan çıxandan sonra bir dəstə gül alıb, qəbuluna getdim, sadəcə "sposibo" deyib, gülümsəyərək başını buladı".

Türkiyədə yaşayan qohumum da deyir ki, orada da müayinə üçün pul tələb olunmur:

"İstənilən xəstə dövlət xəstəxanasına gedib, özünü tibbi sığorta hesabına müayinə və müalicə etdirə bilər. Dövlət xəstəxanalarının həmin xəstəni müalicə etmək imkanı olmadığı halda, onu dövlət hesabına özəl klinikalara müayinə və müalicəyə göndərirlər".

Sözün qısası, bütün bunlar mənə sovet dönəmini xatırlatdı. O dönəmdə, nə bu qədər xəstəxana və müalicə məkanları var idi, nə də bu qədər müayinə avadanlıqları və vasitələr. Bütün bu funksiyaları həkimlər sadəcə, qan, sidik... və nəcis... analizləri, uzaq başı rentgen müayinəsi ilə yerinə yetirirdilər. Xəstələr də həkim əlindən şəfa tapırdılar. Bəlkə də, bütün sovet məkanı üçün bu gün Azərbaycan büdcəsindən ayrılan vəsait qədər pul ayrılmırdı. Bununla belə, bu qədər xəstə də yox idi.

Biz nə vaxt düzələcəyik millət? Bu biabırçılıqlara nə vaxt son qoyulacağını bilən birisi varmı, bu məmləkətdə? Bu suala heç kim cavab verə bilməz, çünki...

Əlqərəz, Allah bizi qorusun, Səhiyyə Nazirliyinə də 1, 770 milyon haram olsun!

 P.S. Xəstələri müalicə edə bilmirsiniz, heç olmasa müayinəni pulsuz edin ki, insanlar çarəsini özləri tapsınlar. Bir ölkədə ki, həkimlər (söhbət ən pullu-paralı, imkanlı, məşhur həkimlərdən gedir, bu pulların necə qazanıldığı da, bu məmləkətdə heç kimə sirr deyil) özləri müalicə üçün əcnəbi ölkələrə üz tuta, burada kim həkimə inanar ki? Biz aldanmağa öyrəncəli olmuşuq artıq, daha doğrusu, öyrədiblər. Bu səbəbdən də, sağalmayacağımızı bildiyimiz halda belə, son qəpiyimizi də həkimlərə veririk ki, Allah kərimdir! Bu qədər.

 Yusif Seyid