Məğlub ordu niyə "dirəşir"?

18:30 17-11-2021 315

Rusiya faktoru Qafqazda sülhə böyük əngəldir

 Düşmənlə döyüşlərdə şəhid olan əsgərlərimizin ruh şad olsun, yaralananlara  Ulu Tanrıdan şəfa diləyirik! Amma nələrin baş verdiyini, hadisələrin qeyri-məntiqi inkişafının səbəblərinə aydınlıq gətirmək, bu barədə düşünmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki bu problem bir xalq olaraq bizim qayğımızdır - bu döyüşlərdə şəhid və qazi olan əsgərlər bu xalqın oğullarıdır, qısası, zərər çəkən xalqdır. Bu səbəbdən də, problemdən çıxış yolunu da xalq aramalı və tapmalıdır. Problemdən çıxış yolunu tapmaq üçün isə ilk növbədə onun səbəblərini aydınlaşdırmalıyıq.

Yuxarıda qeyd etdiyimiz kimi, məntiqlə ordusunun 80 faizi məhv edilən Ermənistan hər cür münaqişədən qaçmalı, ən azı ordusunu bərpa etmək üçün vaxt udmağa çalışmalıdır. Lakin biz bunun əksini müşahidə edirik. Onlar gah Azərbaycan Ordusunun postları arasındakı yolu kəsməyə cəhd edir, gah prezidentin bölgəyə səfəri zamanı təxribat törətmək istəyir, gah postumuza əl qumbarası atır, sonda isə gücə malik ordu kimi genişmiqyaslı təxribat törədir. Ermənistanın bu qeyri-məntiqi davranışlarının yeganə səbəbkarı Rusiyadır. Bu gün demokratik yolla hakimiyyətə gələn baş nazir Nikol Paşinyan ordu rəhbərliyini Moskvanın cızdığı orbitdən hələ ki, çıxara bilmir. Cəbhədə son günlər baş verənlər, əslində Ermənistan siyasi hakimiyyətinin də maraqlarına cavab vermir. Amma siyasi rəhbərlik ordunu bu cür təxribatlardan çəkindirədə bilmir. Paşinyanın müharibədən sonra üçüncü müdafiə naziri təyin etməsi də, elə bu prosesdən xəbər verir. Azərbaycanın tam qələbəsini yarımçıq saxlayan Rusiya çox gözəl bilir ki, Azərbaycan Ordusu hər cür təxribatın qarşısını almağa qadirdir. Ona görə də erməni ordusunda yerləşdirdiyi beşinci kalon vasitəsilə ordunu təxribata təhrik edir. Təxribat anındaca zərərsizləşdirilir, erməni ordusu itkilər verir. Bu itkilərin fonunda isə Koçaryan-Sarkisyan cütlüyü dərhal tərəfdarlarını İravanın "Respublika" meydanına yığaraq, Paşinyanın istefasını tələb edir. Bəli, Moskvanın qurduğu qanlı oyunlar, yalnız Ermənistan müxaliyətinə etirazlara başlamaq üçün alibi vermək və hələ də münaqişənin bitmədiyini göstərməkdir.

Diqqətli oxucularımızın yadındadır ki, bir neçə həftə əvvəl N.Paşinyan sərhədlərin müəyyənləşdirilməsinə, Azərbaycan və Türkiyə ilə münasibət qurmağa hazır olduğunu bəyan etmişdi. Fikrimizcə, Moskvanı hərəkətə keçməyə vadar edən əsas məsələ də, məhz bu oldu. Kremildə çox gözəl bilirlər ki, Ermənistan Azərbaycan və Türkiyə ilə danışıqlara və, ikitərəfli qaydada sərhədlərin delimitasiyası və demarkasiyasına başlasa, artıq "böyük qardaş" və ya "ağsaqqal"a ehtiyac duyulmayacaq. Bu gəlişmələr Rusiyanın Qafqazda varlığının sonunu gətirən istiqamətlərdir. Ona görə də Rusiya Ermənistandakı beşinci kalonu vasitəsi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin yaranmasına mane olur. Belə manelərdən biri də, dövlət sərhədlərində təxribatların törədilməsidir. Sadəcə olaraq Paşinyan bunu açıq şəkildə dilə gətirə bilmir, çünki bu onun iqtidarının "axilles dabanı"dır. Əslində, heç bir iqtidar öz zəif nöqtəsini ictimailəşdirməz.

Rusiyanın gələcəkdə də buna bənzər təxribatlar törətməsi gözləniləndir. Hazırda Moskvanın Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsində öz yardımını təklif etməsi və bu yardımı, məhz Rusiyanın göstərə biləcəyini əsaslandırması da, gələcək təxribatların təməlidir. Rusiya Baş Qərərgahında saxlanılan xəritələri ilə bu iki ölkəni münaqişə labirintinə salmaq fikrindədir.

Birinci növbədə, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasının başlanmasına imkan vermək istəmir, ona görə də 16 noyabır təxribatını təşkil etdi. Hər iki tərəf ciddi cəhdlər göstərib sərhədlərin delimitasiyası və demarkasiyasına başlasa belə, Kremil əlindəki xəritələrlə təxribatları fərqli şəkildə davam etdirəcək. Yəni, Moskva gündə bir xəritə ortaya qoymaqla əsirlər boyu uzanan "delimitasiya və demarkasiya prosesi"  düzənləyə bilər. Bu da iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını, münasibətlərin qurulmasını bir o qədər də uzada bilər.

Vəziyyətdən çıxış yolu hər iki ölkə liderinin Rusiyanın hər cür yardımlarından imtina etməsi, o cümlədən də Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılmasına nail olmaqdır. Bunun ardınca isə üçüncü ölkənin müdaxiləsi olmadan, ikitərəfli qaydada sərhədlərin mü-əyyənləşdirilməsi və münasibətlərin qurulması prosesinə başlanmasıdır.

 Akif Nəsirli