Bakı Metropoliteni”ndə yoxlamalar

18:48 17-11-2021 288

Zaur Hüseynovun qurumunda pozuntular aşkarlandı

Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yoxlamalar aparıb. 

Qaynarinfo.az-nın məlumatına görə, başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar QSC-nin tərkibində olan bütün qurumlarda aparılıb.

Nəticədə iş və xidmətlərin dəyərinin, həmçinin həcminin artıq müəyyən edilməsi və digər başqa ciddi nöqsanlar aşkarlanıb.

Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Qaynarinfo-nun sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-də yoxlamaların aparıldığını təsdiqləyib:

“QSC-də audit yoxlamaları olub və artıq başa çatdırılıb. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq təsdiq edildikdən sonra nəticələri ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, 2014-cü ildən “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib.