Mingəçevirin bələdiyyə sədri “ASAN” xidmət mərkəzindən qovulub? – İDDİA

11:05 18-11-2021 306

Növbədənkənar hərəkət edirmiş

Mingəçevirdən daha bir maraqlı xəbər var.

Demokratik.Az“-a daxil olan məlumata görə, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyev bugünlərdə ASAN xidmət mərkəzinin binasından qovulub.

Buna səbəb, onun ASAN xidmət mərkəzinə notarius xidməti üçün gələrək növbədənkənar qaydada hərəkətlərə cəhd etməsi olub. Bələdiyyə sədri elektron növbə götürmədən notariusun otağına daxil osa da, bir yığın sənədlərinin təcili təsdiqini istəsə də növbədənkənar istəyi rədd edilib.

Məlumata görə, “ASAN”-da çalışan yeni kadrlardan olan gənc notarius Ramiz Əliyevə başa salıb ki, növbəsiz otağa daxil olmaq olmaz və mütləq elektron növbə götürməlidir. Ramiz Əliyev isə səsini ucaldaraq özünü təqdim edib, hay-küy salıb. Nəticədə göstərilən bütün xidmətlərdə növbəliliyi qoruyub saxlayan gənc notarius mühafizəçiləri çağıraraq bələdiyyə sədrinin dərhal otaqdan çıxarılmasını və ona elektron növbənin alınmasını təmin edib.

Hadisə şahidlərindən birinin bildirdiyinə görə, Ramiz Əliyev əsəbləşərək Mingəçevirin icra başçısının ASAN xidmətdə işləyən oğlunu da köməyə çağırıb. Lakin, bu istəyi də bələdiyyə sədrinin işinə yaramayıb və onu binadan qovmaq məcburiyyətində qalıblar.

Bildirək ki, bələdiyyə sədri Ramiz Əliyev Mingəçevirin icra başçısı İlham İsmayılovun ən yaxın adamlarından biridir. Tərəflərin kirvəlik münasibətlərinin olduğu da iddia edilir.
Faktla əlaqədar Mingəçevir bələdiyyəsinin sədri ilə əlaqə qurmağa və münasibət öyrənməyə çalışsaq da, alınmadı…

Mənbə Demokratik.Az