Prezident Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna məktub ünvanlayıb

15:02 18-11-2021 333

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. 

Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edib.

İki hissədən ibarət olan Forumda birinci rəsmi hissənin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, davamında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumrespublika Uşaq Forumlarının iştirakçılarına təbrik məktubu oxunub.

Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva prezident İlham Əliyevin Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda deyilir:

“Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən Müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu Forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır”.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla hibrid iştirakçılıq formasında təşkil olunan Forumda iştirakçıların bir qisminin onlayn şəkildə qoşulub.

Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilib.

Xatırladaq ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir.

Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.

Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.

Hökumət nümayəndələrinin, dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirakı ilə keçiriləcək Forumda foyedə uşaq hüquqlarına dair filmlər nümayiş olunub.

Forum 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr təşkil olunacaq.

İkinci hissədə qrup işləri üzrə təqdimatlar nümayiş olunacaq, qəbul edilmiş sənədlər, Forum iştirakçılarının Prezidentə müraciəti, beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və Əlaqələndirmə Şurasının tərkibi səsləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə, IV Forumu  2017-ci ildə keçirilib.