Bakıda məktəbdə uşaqları narkotikə qurşadan şəxs aşkarlanıb?

16:53 19-11-2021 360

Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə vərdiş etdirən şəxslərin saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, hadisə Xəzər rayonunda yerləşən məktəblərin birində baş verib.

İddia edilib ki, həmin şəxslər məktəbin informatika müəllimi tərəfindən aşkarlanıb və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov  bildirib ki, ümumiyyətlə adı qeyd edilən müəllimin Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə yazıda iddia edildiyi mövzuda şikayəti və müraciəti daxil olmayıb:

“Qeyd edilən yazıda göstərilən məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir. Həmin məktəbin, məktəbin yaxınlığında və ümumiyyətlə ölkə üzrə hansısa bir orta məktəbin yaxınlığında narkotik vasitələrin satıldığı barədə bu günə qədər polis əməkdaşlarına məlumat daxil olmayıb. Sosial şəbəkələrdə və saytlarda bu mövzuda paylaşılan məlumatların hər biri tam araşdırılıb. Lakin həmin məlumatlar da təsdiqini tapmayıb.

Xəzər rayonunda yerləşən 322 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı isə, orada yuxarı sinif şagirdi olan bir nəfər dərsdən yayındığı üçün adıçəkilən müəllim tərəfindən dərsdən sonra ona irad bildirilib”.