Fikrət Məmmədov: “Elektron qolbaqların tətbiqi öz səmərəsini verib”

14:57 22-11-2021 243

Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin (elektron qolbaqlar) tətbiqi öz səmərəsini verib. Hazırda bu tətbiqin dairəsi genişləndirilərək 4000-dən artıq məhkum elektron qolbaq daşıyır. Onlara Elektron Monitorinq Mərkəzi tərəfindən 24 saat onlayn rejimdə nəzarət edilir. 

Proqnoz.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-da yayımlanan məqaləsində qeyd edilib.

O bildirib ki, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, fəaliyyətdə şəffaflığın təmin edilməsində və məhkəməyə əlçatanlığın yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların “yol xəritəsi” olub. Dövlətimizin başçısının tapşırığına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir, sənədlərin əldə olunması vaxtını dəfələrlə azaldır.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və onun artıq gələn ildə bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur”.

Bundan başqa, Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb.

O bildirib ki, bunun nəticəsidir ki, nazirlik tərəfindən elə ilk gündən amnistiyanın tətbiqinə başlanıb:

“Amnistiya indiyədək 1300-dək şəxsə şamil olunub. Amnistiya aktının humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Böyük ictimai marağa səbəb olan tədbirdə verilmiş açıqlamalar barədə KİV-lərdə və internet resurslarında 300-dək məlumat yayımlayıb.

Ümumiyyətlə, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.

Bu dəyişikliklər nəticəsində 2200 məhkum cəzadan tamamilə azad edilib, 3500 məhkumun isə cəza müddəti azaldılıb. Pandemiya başlanandan dərhal sonra risk qrupuna daxil olan yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Eyni zamanda, 1500 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Bu il Novruz bayramı ərəfəsində imzalanmış əfv Sərəncamı isə daha genişliyi ilə fərqlənərək 625 nəfərə şamil olunub”.