BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

22:23 22-11-2021 261

Bakı Dövlət Universitetinin (BDU) sabiq kafedra müdirinə qarşı dələduzluqda təqsirləndirilən Əliyev Elbrus Şahmar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs Elbrus Əliyev müxtəlif vaxtlarda hər birindən 50 min manat almaqla üç nəfərə qarşı dələduzluq edib.

Belə ki, E.Əliyev Abşeron Rayon Prokurorluğunda qeyri-rəsmi köməkçi olduğunu bildirərək, etibardan sui-istifadə edib, üç nəfərdən ümumilikdə 150 min manat alıb.

Təqsirləndirilən şəxs həmin şəxslərə müxtəlif məsələlərdə köməklik göstərəcəyini söz verib.

Bütün sübutlar nəzərə alınaraq, Əliyev Elbrus Şahmar oğlu Cinayət Məcəlləsinə uyğun olaraq dələduzluqda və rüşvət almaqda ittiham olunub.

Prosesdə təqsirləndirilən şəxs ifadə verib.

E.Əliyev ifadəsində şəxsi ehtiyaclarına görə bu yola əl atdığını bildirərək, özünü qismən təqsirli bilib:

“Abşeron Rayon Məhkəməsində qeyri-rəsmi köməkçi işləmişəm. İlk epizod üzrə onu deyə bilərəm ki, Bakı Dövlət Universitetində müəllim işləyən Hüseyn Məmmədov mənə dedi ki, oğlu prokurorluq orqanlarına qəbulla bağlı imtahanda müsbət nəticə göstərə bilmədiyi üçün kömək etməyimi istəyir. Mən də razılıq verdim. Əvvəlcə ondan 30 min manat aldım, 20 min manat da səhəri gün verdi. Pulu alanda özüm bilirdim ki, mümkün olan məsələ deyil. Kömək etmək niyyətində də deyildim. Dediyim kimi, ehtiyac olduğu üçün pulu aldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Asim adlı uzaq qohumu onunla əlaqə saxlayaraq kürəkəninin cinayət işi ilə bağlı köməklik etməsini istəyib:  “Cinayət işinə elə bu məhkəmədə baxılırdı. Onunla razılaşdım, dedim ittiham aktını ver tanış olum. Dedim ki, bu cinayəti işi ilə bağlı müəyyən köməklik göstərmək olar. Fikirləşdim ki, 7-8 il həbs cəzası alsa, onsuz da razı qalacaq. Sonradan heç məhkəməyə də gəlmədim. Həmin şəxsə də 10 il iş verdilər”.

Təqsirləndirilən şəxs zərərçəkmiş Vəli Nəsibovdan oğlunu universitetə düzəldəcəyini deyərək 50 min manat aldığını deyib:  “Vəli müəllimlə də münasibətimiz olub. Onunla görüşümüz şəhərdə yerləşən kafelərdən birində oldu. Mənə dedi ki, oğlunun Tibb Universitetində təhsil almasına kömək edim. Ondan da 50 min manat aldım. Guya oğlunu testdən keçirməli idim. Dövlət İmtahan Mərkəzi ilə heç əlaqəm də yox idi. Bütün aldığım pulları da şəxsi ehtiyaclarım üçün istifadə etmişəm”.

Məhkəmədə hakim cinayət işi üzrə dəymiş 150 min manatın ödənildiyini deyib.

Təqsirləndirilən şəxs dəymiş ziyanın hamısının şəxsən ödədiyini bildirib.

Növbəti proses noyabrın 29-na təyin olunub.

Qeyd edək ki, oğlunun prokurorluq orqanlarına işə düzəlməsi üçün E.Əliyevə 50 min manat verən Hüseyn Məmmədov Bakı Dövlət Universitetində Sosial elmlər və Psixologiya fakültəsinin müəllimi, kafedra müdiri olub.