“OCOS” beynəlxalq dələduzluq piramidası ilə saxta kriptovalyuta satan qadın bir günlük azadlıqdan sonra həbs edildi

14:19 23-11-2021 279

Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti sosial şəbəkələrin imkanlarından istifadə etməklə maliyyə piramidası yaradaraq dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da onların külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi barədə məlumat yaymışdı. Məlumatdan bir gün sonra bəzi sosial şəbəkə istifadəçiləri iddia etdilər ki, cinayətkar dəstənin başçılarından biri olan Gülara Abdullayeva saxlanılsa da sonradan sərbəst buraxılıb.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavab olaraq belə iddiaların reallığı əks etdirmədiyini deyib:

“Mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlandı və Bakı şəhər sakinləri Gülara Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb edildilər.

Məhkəmənin qərarı ilə X.Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. G.Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin, sonradan G.Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi.

Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi. Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Xatırladaq ki, başqa yerə getməmək barədə iltizam tədbiri cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmaq, həmin orqanın icazəsi olmadan başqa yerə getməmək, istintaqdan gizlənməmək, cinayətkar fəaliyyətlə məşğul olmamaq, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməmək, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək və yaşayış yerini dəyişmək haqqında istintaqı aparan orqana məlumat vermək barədə yazılı öhdəlik götürmək deməkdir.

İltizamda göstərilən şərtlər pozulduğu halda həmin şəxs barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, daha ciddi qətimkan tədbiri tətbiq edilə bilər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri – G.Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.