NƏSİLLƏRİN NƏSİLLƏRƏ YADİGARI

16:14 23-11-2021 360

Lerik rayonunda olduğumuz müddətdə Tarix Diyarşünaslıq Muzeyində olduq. Muzeyin yerləşdiyi ərazi o qədər böyük olmasa da, diqqətimizi çəkdi. İçəri daxil olanda son dövrü əhatə edən eksponatlar, şəkillər, stendlər, Azərbaycan bayrağı, dövlətin atributları divardan asılmışdı. Muzeyin direktoru Sevil xanım Ağayeva bizi səmimiyyətlə və özünəməxsus tərzdə qarşıladı. İlk öncə bizə burada olan bütün eksponatları təqdim etməklə eramızdan əvvəlki dövrdən tutmuş ta bu günədək olan tarixi bizlərə bir daha xatırlatdı. Sevil Ağayevanın verdiyi məlumata görə muzeyin fondunda 4 mindən yuxarı çox dəyərli eksponatlar var. O qeyd etdi ki, muzey Lənkəran Regional Mədəniyyət İdarəsinin nəzdindədir. 1983-cü ildə Lerik Tarix Diyarşünaslıq Muzeyi üçün bina tikilib, altı salondan ibarətdir.

Bu salonlar müxtəlif dövrləri əhatə edir. Sevil Ağayevanın sözlərinə görə, muzey yaradılarkən salonlar cəmi 1000 eksponat üçün nəzərdə tutulmuşdu. Hal-hazırda say artımı olduğuna görə eksponatların muzeydə daha geniş nümayiş etdirilməsi üçün yer və şərait yoxdur. Bu mövzuya bir az sonra qayıdacağıq.

İndi isə keçək salonlardakı eksponatlar haqqında məlumata. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət, arxeoloqiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Birinci zalda Lerikin flora və faunası, nadir bitki növləri, əsasən e.ə. dövrü əhatə qədim insan məskənlərində istifadə edilən əmək və məişət əşyaları, bitki növlərindən nadir hesab edilən dəmir ağac, azat və nil ağacı, qaraçöhrə, şümşad və s. nümunələr var.

 

Muzeyin ikinci zalında tunc və dəmir dövrünü əhatə edən müxtəlif əşyalar – saxsı qablar, ikilüləli su qabları, silah növləri kimi o dövrdə op-geniş yayılan müxtəlif qılınc, xəncərlər, qazıntılar zamanı aşkar edilən küplər, həmin dövrdə qadınların istifadə etdikləri bəzək əşyaları, dəmir və bürüncdən hazırlanan xırda pul vahidləri və s. qiymətli eksponatlar yer alıb.

Üçüncü zala daxil olarkən özümüzü sanki başqa bir aləmdə hiss etdik. Zalda olan qədim əşyaların sehrinə düşməmək olmurdu. Divardan asılan orta əsrlərə aid kasıb və bahalı saplarla bəzədilmiş varlı geyimləri, təsərrüfatda kəndlilərin geyindiyi çuxa və çarıqlar, həmçinin kotan və xış nümunələri, yun əyirən dəzgah, qədim xalça növləri, o dövr at çaparkən istifadə edilən, ceyran dırnağından düzəldilmiş qamçı, varlıların buxara papaqları, zəngin xanımların başına örtdüyü bahalı saplarla bəzədilmiş şal növləri, arxeoloqiya, numizmatika, etnoqrafiyaya aid müxtəlif eksponatlar muzeydə öz əksini tapıb.

Dördüncü zalda 1918-ci ili əhatə edən Azərbaycan Demokratik Respublikası dövründə baş vermiş tarixi hadisələr, ADR-in fəaliyyəti, qiymətli sənədlər, Demokratik Respublikanın fəal üzvləri, o dönəmdə baş vermiş hadisələr stend şəklində muzeyə gələnlərin nəzərinə çatdırılıb.

Beşinci zalda II Dünya Müharibəsində Lerik rayonundan olan müharibə veteranlarının şəkilləri, orden və medallarla təltif olunanlar, hal-hazırda dünyadan köçən müharibə içtirakçılarının adları həkk olunan stendlər yer alıb. Eyni zamanda bu müharibədən sonra I və II Qarabağ savaşlarında həlak olan şəhidlərin adları, fotoşəkilləri, ölkə başçısı tərəfindən verilən təltifnamə, orden və medallarının şəkilləri əks olunub. Lerik rayonu Qarabağ savaşlarında çoxlu şəhidlər verib. Hamısı Vətən yolunda canlarını sipər edib şəhidlik zirvəsinin uca məqamına qovuşub.

Və nəhayət, altıncı zalda isə müasir, müstəqil Azərbaycanımızın indiki nailiyyətləri, ölkəmizin qazandığı qələbə sevinci, cənab Prezidentin Lerikə səfərləri, rayonun inkişafında infrastruktur, sənaye, kənd təsərrüfatı, elektrik stansiyasının istifadəyə verilməsi və s. nailiyyətlər yer alıb.

Muzeyin direktoru ilə söhbət edərkən məlum oldu ki, dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birgə 2005-ci ildə ilk dəfə olaraq Lerikə rəsmi səfər etmiş və Tarix Diyarşünaslıq Muzeyində muzeyin fondu və kolleksiyaları ilə tanış olmuşdur. Ailə üzvlərindən - Leyla Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazmış, Sevil Ağayevaya avtoqraf vermiş və xatirə şəkili çəkilmişdir.

Xatırladaq ki, yuxarıda qeyd olunan muzey ərazisinin kiçik olması və sahəsinin genişləndirilməsi barədə söhbət açmışdıq. Direktorun sözlərinə görə muzeydə artıq yeni daxil olan eksponatlara yer yoxdur. Bununla bağlı fürsətdən istifadə edib qəzetimiz vasitəsilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə səslənirik. Lerik Tarix Diyarşünaslıq Muzeyinin ərazisinin genişləndirilməsi və təmir edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilsin və tarixi keçmişimizi, mədəni irsimizi qoruyub saxlamaqla muzeyin fəaliyyətinə öz töhfəsini vermiş olsun. Düşünürük ki, bu barədə müsbət yöndə müəyyən qərarlar qəbul ediləcək. Növbəti dəfə Lerikə gəldiyimiz zaman tamam başqa bir ab-havanı görmüş olacayıq.

Səadət Sultan,

yazıçı-publisist

“Lerik”