İlqar İsmayılov AZAL prezidentinə məxsus şirkətin kassasından 680 min manat pulu nə üçün çıxarıb?

20:47 23-11-2021 351
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov 2013-2014-cü illərdə AZAL prezidenti Cahangir Hacıyevin xanımı Zərifə Həmzəyeva ilə şərik olduğu şirkətin kassasından 680 min manat pul çıxarıb, şəxsi ehtiyaclarına xərcləməkdə ittiham edirlər. İlqar İsmayılov isə deyir ki, əksinə, özü o müddətdə “İdeal Kompani”nin xəzinəsinə milyonlarla vəsait köçürüb. Noyabrın 22-də iş adamının vəkilləri məhkəməyə onun şirkətin xəzinəsinə təxminən 3 milyon 700 min manat mədaxil etməsini təsdiqləyən sənədləri təqdim ediblər.
Gundemxeber.az bizimyol.info-ua istinadla  xəbər verir ki, 680 min manatlıq mənimsəmə ittihamıyla həbsdə olan İlqar İsmayılovun işi aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə araşdırılır. Noyabrın 22-də məhkəmə iclasında vəkillər mədaxil qəbzlərini məhkəməyə təqdim edərək, onların iş materiallarına əlavə olunmasını istəyiblər.
Vəkil İlhamə Həsənova şirkətin xəzinəsinə İlqar İsmayılovun 2013-2014-cü illərdə 1.5 milyon, 500 min, 736 min, 320 min və 687 min manat köçürdüyünü sübut edən mədaxil qəbzlərini təqdim edib: “Məhkəmədə dindirilən mühasib Samirə Quliyeva da təsdiqlədi ki, İlqar İsmayılovun adına bankdan götürülmüş kredit şirkətin kassasına mədaxil olunub. Prokurorluq kreditin ödənişi üçün çıxarılan vəsaitləri hesablayır, amma köçürülən vəsaitləri yox. Bu sənədlər sübut edir ki, İlqar İsmayılov şirkətə dəfələrlə çox vəsait mədaxil edib”.
Prokuror və “Adore Company”nin nümayəndəsi Samir İsayev kassaya pul köçürmələrini sübut edən sənədlərin iş materiallarına əlavə olunmasını istəməyib. Lakin məhkəmə vəsatəti təmin edib və sənədlərin işə əlavə olunmasına qərar verilib.
Cinayət işinin materiallarındakı iddialardan biri də budur ki, İlqar İsmayılov “İdeal Kompani” MMC-dən mənimsədiyi vəsaitin bir hissəsinə “Şəhər bağları”nda mənzil alıb. İddia olunur ki, şirkətin kassasında 280 min manat bu məqsədlə məxaric olunub. Lakin iş adamı bunun yalan olduğunu deyir. Onun sözlərinə görə, “Şəhər bağları”ndakı evi 1 milyona alıb. Əvvəlcə 100 min manat beh verilib, sonra qalan 900 min manat da ödənilib. İlqar İsmayılovun sözlərinə görə, evi uzun illər sahibkarlıq nəticəsində əldə etdiyi qazancdan alıb və bunun şirkətə heç bir aidiyyəti olmayıb.
Beh kimi verilmiş 100 min manatla bağlı tərəflər arasında müqaviləni İlqar İsmayılov tərəfdən Elvin Məmmədov imzalayıb. Məhkəmədə şahid qismində dindirilən Elvin Məmmədov bildirib ki, şirkətdə çalışdığı vaxtlarda İlqar İsmayılov onu çağırıb, “Şəhər bağları”nda almaq istədiyi evlə əlaqədar qarşı tərəflə müqavilə bağlanacağını istəyib, onu da bu məqsədlə göndərib: “Həmin gün Vergilər Nazirliyinə də getməliydim, oradan bir qədər gec qayıtdım. Gələndə gördüm ki, müqavilə hazırdı, satan tərəf də 100 min manatın alınması barədə sənədi imzalayıb. Mən də öz tərəfimdən imzaladım. Məntiqlə, qarşı tərəf maraqlıdır ki, pulu alandan sonra imza atsın. Düşündüm ki, deməli, bunlara pul çatıb ki, artıq müqavinəni imzalayıblar. Mən də imzamı atdım”.

Növbəti məhkəmə iclasında araşdırmaların yekunlaşacağı və prokurorun çıxış edəcəyi gözlənilir.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.

Paralel.az