Deputatların Problemi

17:05 24-11-2021 378

Sosial ədalət nə zaman bərqərar olacaq?

 

Azərbaycanda sosial ədalətin bərqərar olması üçün görülən işlər, heç də dövlət rəsmilərinin və deputatların dediyi kimi, dövlətin prioritet istiqamətlərindən biri deyil. Bunu deməyə əsas verən səbəblər isə vətəndaşların kateqoriyalara bölünməsidir. Pensiya sistemində, vəzifə təyinatlarında isə bu, daha qabarıq şəkildə özünü göstərir.

Məsələn, bu günlərdə gündəmə çıxan (daha doğrusu çıxarılan) Milli Məclisin bəzi deputatlarının şəhərdə mənzillərinin olmaması problemi kimi. Azərbaycanda bu gün ən azından 1 milyon insanın mənzil problemi var. Müstəqillik əldə olunandan Azərbaycanda (bəzi müəssisə və təşkilatlar istisnadır) bir əməkçi insan belə, dövlət hesabına mənzillə təmin olunmayıb. Burada söhbət əlillərdən, müharibə iştirakçılarından və şəhid ailələrindən getmir.

Elə götürək, gündəmdəki deputatların mənzil məsələsini. Dövlət nə üçün deputatları mənzillə təmin etməlidir? Ələlxüsus da, bölgələrdən deputat seçilənləri. Dövlətin bununla bağlı bir qanunu olar və bu qanun hamıya şamil olunar. Dövlət müəyyən şərtlər əsasında əməkçi insanları pulsuz mənzillə təmin edir. Bu şərtlər də hamı üçün eyni olmalıdır, yoxsa ki, kimin, kimdən xoşu gəlir evlə təmin edir məsələsi, sosial ədalətin ayaqlar altına atılması deməkdir. Əslində, bölgələrdən seçilən bütün deputatların orada evləri də, qazanc obyektləri də var ki, onlar deputat seçiliblər. Çünki Azərbaycanda heç nəyi olmayan bir yetimin deputat seçilməsi, mümkünsüz bir şeydir, buna heç kimi inandıra bilməzsiniz.  Biz hələ onu demirik ki, deputatların 98 faizi bölgədən seçilsə də çoxdan Bakıda yaşayır və mənzili də var. Ola bilər həmin mənzil başqasının adna olsun.

Bu müzakirələrin ən maraqlı məqamı bilirsiniz nə idi? Deputatlardan birinin Azərbaycanda nə evinin, nə obyektinin, nə də başqa mülk və sərvətinin olmaması barədə açıqlaması. Belə olduğu halda, bu "yadplanetli" Azərbaycan parlamentində kimləri təmsil edir?

Azərbaycan qanunvericiliyində elə bir maddə varmı ki, yadplanetlilər burada dövlət vəzifəsinə təyinat ala, parlamentə deputat seçilə bilər?

Bir məsələni diqqətinizə çatdırım, mənə bəzən çox maraqlı gəlirdi ki, nə üçün bəzi məmurlar, deputatlar belə reallıqdan uzaq açıqlamalar verirlər? Sanki, bu məmləkətdə yaşamırlar, hansısa başqa bir planetdən gəliblər. Həmin deputatın açıqlamasından sonra hər şey aydın oldu.

Açıqlamalardan belə aydın olur ki, bizim həşəmətli deputatlarımıza  maaşdan əlavə 220 manat, kirayə pulu da verilir. Amma heç kim maraqlanmır ki, bölgədən deputat seçilən şəxs, seçildikdən sonra nə üçün şəhərdə yaşamalıdır? Əgər belədirsə, Milli Məclis bu insanlar üçün bir otel tiksin, onlar da deputatlıq müddətində orada yaşasınlar. Yaxud da, həmin deputatların məgər, Bakıda ev almaq imkanları yoxdur? Var! Sadəcə, məqamdan istifadə edib, bir mənzil də dövlətdən qoparmaq istəyirlər.

Sovet dönəmində Ali Sovetə deputat seçilənlərin 60-70 faizi əməkçi insanlar idi. Onların heç birinin şəhərdə qalmaq kimi bir istəkləri də yox idi. Bakıya da sesiyadan-sessiyaya gəlirdilər. Sessiya bitən kimi də, hər kəs öz işinin dalınca gedirdi. Çobanı çobanlıq edir, sağıcı inəyini sağır, fəhlə zavodda-fabirkdə çalışır və onların heç birinin Bakıda ev almaq kimi iddiası da yox idi.

Bu gün isə deyirlər ki, deputat mütləq iqtisadçı, hüquqşünas, alim və s. savadlı şəxslər olmalıdır.

Görünəni isə odur ki, bu alim deputatların əsas vəzifəsi, hökumətdən gələn qanunları düyməni basmaqla qəbul etməkdir. Yaxşı, sovet deputatları əl çalırdı, indikilər düymə basır, bunun üçün bəyəm alim olmaq lazımdır? Sovet deputatı əl çalmağına görə, dövlətdən cəmi 100 manat pul alırdı, qalan dolanışığını da öz zəhməti ilə təmin edirdi. Bu gün isə sadəcə düymə basmaq üçün deputata iki köməkçi də verilir, üstəlik orta hesabla ayda 4-6 min manat pul da. Onlar da parlament iclaslarından kənar vaxtlarında, sovet deputatları kimi, tarlada, zavodda dövlət üçün yox, öz bizneslərini inkişaf etdirmək üçün çalışırlar.

Budurmu, tərənnüm etdiyiniz sosial ədalət?! Sosial ədalətin nümunəsini, məhz deputatlar və dövlət məmurları yaratmalıdırlar. Onların isə sadə insanların rifahı barədə danışdıqlarını, ancaq son vaxtlar eşitmək olur. Bu da ondan irəli gəlir ki, bəziləri artıq bıçağın sümüyə dirəndiyini hiss edirlər və sosial gərginliyin son həddə çatdığını etiraf etmək məcburiyyətindədirlər. Əks təqdirdə, bu gərginliyin qarşısını almaq çox çətin olacaq.

Sizə bir əhvalat danışım, gərginliyiniz bir qədər səngisin.

Bir məktəb yoldaşım fermada naxırçı işləyirdi. Günlərin birində bəxtinə gül açdı və onu Ali Sovetə deputat seçdilər. Yuxarıdan tapşırıq belə olmuşdu. Kolxoz sədri də onu yanına salıb, şəhərə aparır, əyin-baş, nə lazımdırsa alır ki, sessiyaya gedəndə gülüş hədəfinə çevrilməsin. Kənd camaatı da, az-çox pul-para toplayıb ona bir ev tikir, ayıbdır axı, kəndin deputatıdır. Məktəbin bir neçə müəllimi də gəlib ona şəhərdə, ictimai yerlərdə özünü aparmağın qaydalarını öyrədir. Bu minvalla naxırçı rayonun hörmətli şəxslərindən birinə çevrilir, amma öz peşəsindən və səmimiyyətindən kənara çıxmır. Ali Sovetin sessiyalarından qayıdan kimi, çomağını da götürüb, mal-qaranı otarmağa gedir.

Günlərin birində jurnalist kimi onunla görüşdüm. Haqqında yazı yazmaq istədiyimi bildirdim. "Lazım deyil, naxırçıdan nə yazacaqsan, mənim işim-peşəm naxırçılıqdır. Deputatlıq isə yuxarıdan verilən vəzifədir, onu istədikləri vaxt əlimdən ala bilərlər, odur ki, naxırçıdan yaz, deputatdan yazmağa ehtiyac yoxdur ",-dedi.

Amma müasir deputatlarımız, deputat kreslosuna oturan kimi, buraya hardan gəldiklərini belə, unudurlar. Amma açığını deyim ki, sovet və demokrat deputatlar arasında çox böyük fərq var, biri yüz manata əl çalıb, hər şeydən razılıq edib, digəri 2 min manata düymə basır, nəfsini isə qoruya bilmir. Əsas fərq odur ki, bu insanlarda səmimiyyət tamamilə fərqlidir. Bugünün deputatı özünün səmimiyyətini qorumaq gücündə deyil. Məhz buna görə də, on illərlə həmin kresloda otursa da, Millət Vəkili ola bilmir, elə deputat olaraq da qalır. 

Bax, sosial ədalət prinsiplərinin pozulması da, məhz buradan başlayır.

Allah yardımçımız olsun, inşəallah! Belə deputatlardan uaralı barmağa çi... eləyən olmaz!

 Yusif Seyid