Ekoloji fəlakət Qarşısında

17:18 24-11-2021 315

İnsanların sağlamlığına böyük təhlükə

 Müasir dünyamızda insanları, dövlətləri, ümumiyyətlə bəşəriyyəti narahat edən ən əsas problemlərdən biri ekoloji tarazlığın pozulması, daha dəqiq desək, ətraf mühitin aşırı çirklənməsidir. Dünyanın aparıcı dövlətləri hazırda bu problemin aradan qaldırılması üçün milyardlarla vəsait xərcləyir, çünki ekoloji mühitin korlanmasında onların da rolu az olmayıb. Amma onu da diqqətinizə çatdırım ki, ekoloji mühiti çirkləndirib, sonra da onu bərpa etmək, həmin mühiti qoruyub saxlamaqdan qat-qat baha başa gəlir. Ekoloji mühitin bu dərəcədə çirklənməsinin əsas səbəblərindən biri də, inkişaf etmiş dövlətlərin, iqtisadi inkişaf naminə, həmin dövrlərdə buraxdığı kobud səhvlərdir. Həmin dövlətlər bu gün öz səhvlərini anlayaraq, bu səhvləri düzəltmək məqsədiylə milyardlar xərcləsələr də, ekoloji durumu əvvəlki həddinə qaytarmaq imkanına malik deyillər. Yəni təbiət ona qarşı törədilən cinayətləri bağışlımır. Məhz buna görə də, ekologiyamıza, ətraf mühitə, ümumiyyətlə ana təbiətə hər zaman diqqət və qayğı ilə yanaşmaq lazımdır. Onu var-dövlət, sərvət naminə aşırı dərəcədə istismar etmək, talamaq son nəticədə hər birimizin həyatında silinməz izlər buraxa bilər. Bugün dünayada yayılan bütün mənşəyi məlum olmayan xəstəliklərin də kökündə, məhz bizim təbiətə münasibətimiz dayanır.

Gəlin bu münasibətlərə birlikdə diqqət edək. Məsələn, dünyanın ən güclü və qüdrətli (iqtisadiyyatın və sənayenin inkişafı baxımından) dövləti olan Amerika Birləşmiş Ştatları(ABŞ) ölkədə ekoloji durumu yaxşılaşdırmaq üçün, ətraf mühitin çirklənməsində əsas rola malik olan avtonəqliyyat sektorunda ən müasir, dövrün tələblərinə cavab verən texnologiyaların tətbiqinə başlayıb. ABŞ 2030-cu ilə qədər ölkədəki avtoparkı tam olaraq ekoloji cəhətdən daha təmiz enerji ilə işləyən avtomobillərlə dəyişməyi hədəfləyir. Yəni, 2030-cu ilə qədər bu ölkədə dizel və benzinlə işləyən avtomobillərin istehsalı tam olaraq dayandırılacaq. Eyni zamanda 2030-cu ildən sonra bu ölkədə, həmin yanacaq növləri ilə işləyən avtomobillərin istismarı da, qadağan olunacaq. Ölkənin avtoparkı isə tam olaraq hibrid və elektromobillərə veriləcək.

Onda ortaya belə bir sual çıxır: Amerikada 2030-cu ilə qədər istehsal və istismar olunan avtomobillər hara gedəcək? Deyək ki, bir hissəsi "utilizasiya"ya məruz qalacaq, bəs qalan hissəsi? Bunun bir cavabı var, həmin avtomobillər birmənalı olaraq öz inkişaf dərəcəsinə görə, ikinci, üçüncü qrup ölkələrə transfer edəcək.

Yadınızdadınqsa, müstəqilliyin ilk illərində Almaniyadan Azərbaycana "su" qiymətinə avtomobillər gətirilirdi. Həmin avtomobillər istismar müddətini başa vurmuş, ekoloji cəhətdən xüsusilə təhlükəli avtomobillər idi ki, bu gün də Bakının küçələrində şütüyür. Almaniya hökuməti daha sonra 2000-ci ilə qədər istehsal və istismar olunmuş avtomobilləri ölkədən çıxaran dillerlər üçün xüsusi imtiyazlar tətbiq edirdi ki, ekologiyaya zərər vuran avtomobillər ölkədən çıxarılsın.

Rusiya da bişqa bir yolla, ölkənin avtoparkının yenilənməsini stimullaşdırmış oldu, həm vətəndaşlar razı qaldı, həm də ekologiyaya mühüm töhfə verildi. Proses isə təxminən belə idi. Vətəndaş istismar etdiyi, hətta etmədiyi avtombili (əsas şərt avtomobilin öz gedişi ilə "utilizasiya" yerinə gəlməsi idi) təhvil verir, həmin avtomobilin yerinə yeni avtomobilin dəyərinin 50 faizi silinir, qalan 50 faiz pulun da 50 faizini dövlət, 50 fizini isə vətəndaş kredit kimi ödəyir. Bu yolla dövlət həm avtoparkın müəyyən hissəsini yeniləmiş oldu, həm də yerli avtomobil istehsalçıların fəaliyyətinə təkan verdi. Bu qaydanı mən təxminən orada yaşayan soydaşların dediklərindən ərz etdim, bir yanlışlıq olarsa üzürlü sayın.

Azərbaycanda da ekoloji vəziyyət, digər ölkələrdən fərqli deyil, əksinə Bakı ekoloji cəhətdən ən çox çirklənmiş şəhərlər arasında ilk yerlərdə qərarlaşıb. Bunun bir çox subyektiv və obyektiv səbəbləri var və mən onlardan bəzilərini sizin müzakirənizə təqdim etmək istəyirəm.

Birincisi, Bakıda gözləniləndən qat-qat çox əhalinin məskunlaşması. Məsələn, müstəqillik illərinə qədər Bakıda təxminən 2 milyon əhali yaşayırdısa, indi bu rəqəm 4 milyonu keçib. O dövrdə Bakıda 500-700 min avtomobil var idisə, hazırda bu rəqəm, təkcə Bakıda 1 mily onu çoxdan keçib. Həmin avtomobillərin də 80 faizindən çoxu istismar müddəti çoxdan bitmiş avtomobillərdir. Bu avtomobillərin də böyük əksəriyyəti dizel və benzinlə işləyir. Ancaq, son bir, iki ildə ölkəmizə gözəçarpacaq qədər hibrid və elektromobillərin gətirilməsinə başlanılıb.

Ölkəmizin avtoparkının köhnə avtomabillərlə zəbt olumasının da, əsasən iki səbəbi var. Birincisi, insanların maddi durumunun aşağı olması. İkincisi, düzgün qurulmayan gömrük- rüsum sistemi. Yuxarıda qeyd etdiyim kimi, Almaniya hökuməti istismar müddəti bitmiş avtomobillərin ölkədən çıxarılmasını stimullaşdırdığı halda, Azərbaycan gömrüyü sadəcə, rüsumları artırmaqla həmin avtomobillərin ölkəmizə daxil olmasına imkan yaradır ki, onlarda sonradan illərlə ölkəmizin ekologiyasına ciddi zərbə vururlar. Bu gün biz həmin rüsumun 2-3 qatını belə ödəsək, ölkəmizin ekoloji tərazlığına dəyən zərərin heç yarısını belə bərpa edə bilməyəcəyik. Azərbaycan ölkə istehlakçılarını təmin edəcək qədər avtomobil istehsal etmək gücündə deyilsə, xaricdən gətirilən ekoloji cəhətdən səmərəli avtomobillər üçün alınan rüsumu ya ləğv etməli, ya da minimuma endirməlidir. Qoy insanlar gedib xaricdən daha yeni, daha səmərəli avtomobillər gətirsinlər.

İndiki halda isə Amerikanının hədəflədiyi 8 ilə, Azərbaycan 20-30 ildə də çata bilməyəcək. Bu müddətdə isə ekologiyamız yaşam üçün yararsız hala düşəcək.

Bakıda ekoloji vəziyyətin dözülməz hala çatmasının bir səbəbi də, bütün məhəllələrdə mövcud olan yaşıllıqların qırılıb, yerində hündürmərtəbəli binaların, yaxud da müxtəlif təyinatlı obyektlərin inşa olunmasıdır. Bakı, sanki tikinti mafiyasına qurban verilib. Belə bir şəraitdə ölkəmizin ekoloji vəziyyətinin düzələcəyini düşünmək, sadəcə sadəlövhlükdür.

Yaranmış vəziyyətdən çıxış yolunu tapmaq üçün ilk növbədə çox ciddi dövlət proqramı qəbul olunmalı və tətbiqinə başlanılmalıdır. İkincisi, ölkəmizdə ekoloji problemlərlə məşğul olan qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti stimullaşdırılmalı və buna ciddi nəzərət olunmalıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bu sahədə müəyyən işlər görməyə çalışsa da, sadaladığım mənfi amillər aradan qaldırılmadıqca, görülən işlərin də heç bir səmərəsi olmayacaq.

Qarabağın düşmən tapdağından azad olunmuş ərazilərində ekoloji cəhətdən təmiz turizm məkanları yaratmaq olar. Amma, bu heç də yaranmış ekoloji fəlakətdən çıxış yolu deyil.

Biz ümumilikdə Azərbaycanın ekoloji durumunu yaxşılışdırmağı hədəfləməliyik və bu istiqamətdə fəaliyyət göstərməliyik.

Yoxsa, gec olar, cənablar!

Xruşovkaları sökməklə, həmin ərazilərdəki yaşıllıqları məhv etməklə, ekologiyamızın saflığını təmin etmək mümkün deyil. Bunun üçün xüsusi Dövlət Proqramı hazırlanmalı və həyata keçirilməlidir!

 Yusif Seyid