BAYDENİN ƏRDOĞANI "DİNC YOLLA" DEVİRMƏK PLANI... -ABŞ vərdiş etdiyi Türkiyəni geri qaytara biləcəkmi?

11:37 26-11-2021 198

Türkiyənin valyuta bazarında başlanan təlatüm davam etməkdədir. Noyabrın 24-də dolların 13 lirədən yüksəyə qalxması fonunda Türkiyədə müxtəlif qrupların etirazlara başlaması müşahidə olunmaqdadır. Ölkə hökumətinin lirənin məzənnəsindəki zəifləmənin yaxın bir neçə ay ərzində aradan qalxacağına dair bəyanatları hələlik bazarlara təsir etməyib.

Proqnoz.com: Noyabrın 24-də günün sonunda Türkiyə Mərkəzi Bankı açıqlama yayaraq ölkənin valyuta bazarlarında qeyri-real və qeyri-sağlam qiymət formalaşmalarının müşahidə olunduğunu bəyan edib: “Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının üzən məzənnə rejimində məzənnə səviyyəsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir. Müəyyən şərtlər daxilində Mərkəzi Bank daimi istiqamətləndirmə məqsədi olmadan yalnız həddindən artıq qiymət artımına müdaxilə edə bilər. Valyuta bazarlarında qeyri-real və iqtisadi əsaslardan tamamilə uzaq olan qeyri-sağlam qiymət formalaşması müşahidə olunur. Bu bəyanat, şirkətlərimizi və vətəndaşlarımızı son dərəcə dəyişkən bazar şəraitində iqtisadi əsaslardan tamamilə uzaq dəyərlərlə ticarət etməklə mümkün itkilərə qarşı xəbərdar etmək ehtiyacı səbəbindən tələb olundu”.

Mərkəzi Bankın açıqlamasından sonra valyuta bazarlarında dolların məzənnəsinin müəyyən qədər azalması başlayıb. Dünən günorta saatlarına doğru 1 dollar 12,2 lirə səviyyəsində sabitləşib.

Qeyd edək ki, yalnız Mərkəzi Bank deyil, bir çox kənar müşahidəçilər Türkiyənin valyuta bazarındakı proseslərin arxasında kənar müdaxilələrin dayandığını bildirirlər. Burada əsas məqsədin Türkiyədə müşahidə olunan yüksək iqtisadi artımın qarşısının alınması, ölkədə sosial-iqtisadi problemlərin yaranması və mövcud AKP iqtidarına qarşı etirazların kütləviləşməsinə nail olunması olduğu bildirilir. Bəzi mənbələr son aylarda Türkiyənin valyuta bazarından külli miqdarda dolların yığıldığını qeyd edirlər.

 

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, əslində Türkiyədə son aylarda baş verən inflyasiya, milli valyutanın dəyərsizləşməsi dünyanın əksər ölkələrində müşahidə olunmaqdadır: “İnflyasiya bütün dünyada sürətlənib, milli valyutalar dəyərsizləşir. Bu, Türkiyədə baş verənlərin obyektiv səbəbidir: koronavirus pandemiyasının təsiri ilə bütün dünyada müşahidə olunan proses qardaş ölkədə də gedir. Amma Türkiyədə müəyyən subyektiv amillər də mövcuddur. Bunlardan biri kimi yanlış iqtisadi qərarların verilməsi göstərilir. Digər əsas səbəblərdən biri xarici maliyyə mərkəzlərinin məqsədyönlü fəaliyyətidir. Bu mərkəzlər lirəni qəsdən dəyərsizləşdirməklə Türkiyədə vətəndaşların hakimiyyətdən narazılığına səbəb olmaq, beləliklə də AKP-ni hakimiyyətdən kənarlaşdırmağa çalışırlar. Təsadüfi deyil ki, lirə kəskin dəyərsizləşən kimi Türkiyə müxalifəti erkən parlament seçkiləri təklifini ortaya atdı. Ərdoğan qəti şəkildə erkən seçkilərin əleyhinədir, bildirir ki, parlament seçkiləri 2023-cü ildə öz vaxtında keçiriləcək. Digər tərəfdən, qeyd etmək lazımdır ki, son vaxtlar AKP-nin reytinqində müəyyən azalma müşahidə olunur. Buna görə də indiki şəraitdə seçkiyə gedilməsi hakim partiyaya əl vermir. Hakimiyyət 2023-cü ilədək ölkədəki iqtisadi çətinlikləri aradan qaldırmaq niyyətindədir”.

 

Politoloq bildirir ki, Türkiyə hökuməti ölkəyə maksimum investisiya axınını təmin etməyə çalışır: “Noyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ilə Ankarada görüş keçirildi, məlum oldu ki, bu ölkə Türkiyəyə 10 milyard dollar yatırım edəcək. Digər ölkələrlə də bu istiqamətdə danışıqlar gedir. Bu xəbərlər Türkiyədə valyuta bazarlarını müəyyən qədər sakitləşdirdi. Rəcəb Tayyib Ərdoğan 2001-ci ildən hakimiyyətdədir, bu müddətdə böyük iqtisadi uğurlar əldə edib. Bir neçə dəfə ölkə iqtisadiyyatında başlanan təlatümlərin qarşısı vaxtında alınıb, iqtisadi artım təmin olunub. Ərdoğan o vaxtdan bəri keçirilən bütün seçkilərdə ya özü, ya da partiyası ilə birlikdə qalib gəlib. Bu baxımdan, düşünmürəm ki, lirənin dəyərsizləşdirilməsi ilə Türkiyə iqtisadiyyatında kəskin böhran yaratmaq, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq mümkün olsun”.

 

Politoloq Elçin Xalidbəyli musavat.com-a bildirib ki, ABŞ-Türkiyə münasibətləri hazırda böyük sınaq qarşısındadır: “Bu iki dövlət onilliklər boyu straterji müttəfiq olublar. Hazırda da NATO daxilində hərbi müttəfiqlik münasibətləri davam edir. Ancaq son illərdə ABŞ-Türkiyə strateji müttəfiqliyi, sadəcə, formal xarakter daşıyır. Hətta demək olar ki, ABŞ və Türkiyə artıq çoxdan rəqib ölkələrdir.

 

Ağ Ev müasir Türkiyənin xarici siyasət kursundan qətiyyən məmnun deyil. Halbuki Türkiyə ABŞ üçün olduqca strateji əhəmiyyət daşıyan bir dövlətdir. Ancaq prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti və gələcəyə yönəlik strateji hədəfləri ABŞ-a qətiyyən sərfəli deyil və Ağ Evi ciddi şəkildə qıcıqlandırır. Çünki prezident R.T.Ərdoğan ABŞ-ın vərdiş etdiyi Türkiyəni tamamilə dəyişib. Məsələ ondadır ki, Ağ Evdə baş nazirləri ABŞ dövlət katiblərinin qəbul otağında gözlədilən Türkiyəyə vərdiş etmişdilər. Ağ Evdə hesab edirlər ki, Türkiyə keçmiş dövrlərdə olduğu kimi, ABŞ-dan gələn direktivlərə uyğun xarici siyasət yürütməlidir. Və yalnız ABŞ-ın milli maraqlarının, eləcə də strateji hədəflərinin reallaşmasına qeyd-şərtsiz dəstək verməlidir. Ancaq prezident R.T.Ərdoğanın hakimiyyəti dövründə Türkiyə Ağ Evin həmin ənənəvi vərdişlərinə qətiyyən uyğun gəlmir. Hazırda Türkiyə müstəqil xarici siyasət kursu yürüdür. Rəsmi Ankara ABŞ-ın deyil, məhz Türkiyənin milli maraqlarının, strateji hədəflərinin reallaşmasına yönəlik israrlı addımlar atır. Suriyada PKK/PYD-yə dəstək verən ABŞ-la sərt rəqabətdən çəkinmir. Avropa Birliyinə üzvlük kələkbazlığı ilə KKTC-nin yunan Kiprinin tərkibinə verilib, yox edilməsinə müqavimət göstərir, bunun qarşısını alır. Şərqi Ağ dəniz bölgəsində Türkiyənin haqqı olan enerji resursları ehtiyatlarına ABŞ da daxil olmaqla, digər istismarçı Qərb ölkələri ilə paylaşmadan təkbaşına sahib olacağının qətiyyətli mesajlarını verir. ABŞ-ın özünə düşmən elan etdiyi iki dövlətdən biri - Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmaqdan çəkinmir. ABŞ-ın Türkiyəyə “Patriot” paket sistemləri və “F-35" savaş təyyarələri satmaqdan imtina etməsinin qarşılığında Rusiyadan ”S-400" raketləri alır, “Su-57" döyüş təyyarələrini alacağının mesajını verir. Və hazırda demək olar ki, ABŞ-ın bütün sanksiyalarına baxmayaraq, Türkiyə Ağ Evin əsas rəqibi Rusiya ilə eyni beynəlxalq rəqabət düşərgəsində yer alır”.

Politoloqun sözlərinə görə, Türkiyənin yüksəlişində və xarici siyasət kursunda ABŞ-ı qıcıqlandıra biləcək kifayət qədər ciddi faktorlar var: “Ona görə də Ağ Ev Türkiyədə Ərdoğan hakimiyyətinin dəyişdirilməsinə cəhd göstərir. Xarici təzyiqlər, ABŞ-ın sanksiyaları Türkiyəni təsir altına almaq üçün işə yaramır. Bu səbəbdən də, Türkiyəni daxildən zəiflətmək yolunu seçiblər. Ağ Evdə də anlayırlar ki, Türkiyə ilə yalnız sosial-iqtisadi faktorlar üzərindən mübarizə aparmaq daha effektiv ola bilər. Ehtimal etmək olar ki, Türkiyədə sosial-iqtisadi böhran yaratmaqla, Ərdoğan hakimiyyətinə qarşı narazılıqların artırılmasına, güclü etiraz dalğasının baş qaldırmasına cəhd göstərilir. Yəqin ki, bunun yekun nəticəsi olaraq, prezident R.T.Ərdoğanın istefa vermək məcburiyyətində qalacağına, erkən seçkilərin keçirilməsinin qaçılmaz olacağına ümid bəsləyirlər. Yəni təzyiqlərlə öhdəsindən gələ bilmədikləri Ərdoğan hakimiyyətini dinc yolla dəyişmək planı işə salınmış kimi görünür. Əslində bu, o qədər də gözlənilməz deyil. Çünki ABŞ prezidenti Co Bayden ”Ərdoğanı demokratik yolla dəyişməyə çalışacağıq" demişdi. İndi belə görünür ki, Bayden administrasiyası bu istiqamətdə fəaliyyətə keçib".

E.Xalidbəylinin fikrincə, rəsmi Ankara bütün bunlara hazırlıqlı görünür: “Çünki ölkədə lirənin sürətlə dəyərdən düşdüyü bir ərəfədə Ərdoğan hakimiyyəti Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərini normallaşdırmağa başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanı Prezident Sarayında qəbul edib. Bu mühüm səfər bir çox önəmli iqtisadi sahələrdə əldə olunan razılaşmalarla yekunlaşıb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollar vəsait ayırdığını bəyan edib. Üstəlik, bu məbləğin yaxın aylarda 100 milyard dollara qədər artırıla biləcəyini də vurğulayıb. Ehtimal olunur ki, bu anlaşmalar dolların sürətlə bahalaşma prosesini dayandıra biləcək. Digər tərəfdən, Ərdoğan hakimiyyəti Türkiyəyə qarşı qurulan maliyyə-iqtisadi oyunlardan ölkənin mənafeyi çərçivəsində yararlanmağa da çalışır. Belə ki, lirənin dəyərdən düşməsindən istifadə edən hökumət yaxın aylarda ixracı artırmaq planları qurur. Bununla Türkiyəyə dollar axınının gücləndirilməsi hədəflənir. Yaxın gələcək üçün isə Türkiyənin iqtisadi cəhətdən tam müstəqil dövlətə çevrilməsinə cəhd göstərilir. Təbii ki, belə vəziyyətdə Azərbaycan dövləti və xalqı da ABŞ-ın kənar müdaxiləsinə məruz qalan Türkiyəyə dəstək verdiyini nümayiş etdirməlidir. Azərbaycan dövləti yəqin ki, öz dəstəyini Türkiyədə sərmayə artışı ilə büruzə verə bilər. Azərbaycan xalqı isə daha çox mənəvi dəstəyini əsirgəməməlidir”.