Faciədən qazanmaq istəyənlərə "YOX" deyək!

12:29 26-11-2021 135

Şəhid mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal Elyar İslamoğlunun Facebook hesabında yazdığı postun ictimayi mahiyyətini nəzərə alaraq, onu olduğu kimi oxucularımızın diqqətinə catdırırıq

Çox təəssüflər olsun ki, müharibədən sonra şəhid ailələrinin acısından, övlad yanğısından, şəhidə olan mənəvi borcdan sui-istifadə edərək, fürsətdən yararlanan, şəhid ailələrinin faciəsindən qazanc götürməyə çalışan vicdansız işbazların sayı çoxalıb. Düşünürəm ki, bu məsələyə artıq ciddi şəkildə nəzarət və ictimai qınaq olmalıdır.

Necə ki, əvvəllər tədbir, toy təşkilatçıları var idi, indi də yas təşkilatçıları peyda olub. Şəhid ailələrindən külli miqdarda pul alaraq restoranlarda şəhid yası təşkil edir, müğənnilər, mərsiyəçilər dəvət edilir. Şəhidi üçün cibindəki son manatını da xərcləməyə hazır olan şəhid ailələri həmin vicdansız, fürsətcil, bütün mənəvi dəyərləri pul üçün satmağa hazır olanların toruna düşür. Həmin yas mərasimində iştirak edən digər ailə də məcbur qalıb öz şəhidi üçün də elə tədbir təşkil etməli olur. Sonra da ailələr borca düşür.

Şəhidlərin maketləri 150-300 manata satılır. Başqasında maketi görən şəhid ailəsi, şəhid uşağı öz şəhidi üçün də istəyir. Bu da yeni biznes növüdür. Arada yenə işbazlar qazanır.

Şəhid üçün öz şəkli olan doğum günü tortu, şamlar, şarlar, müxtəlif bəzəklər 1000 manatdan baha başa gəlir.

Şəhidlərin məzarüstü abidələrinin bəzədilməsi, müxtəlif dizayn edilməsi üçün mağazaların sosial şəbəkələrdə xüsusi səhifələri fəaliyyət göstərir. Təsəvvür edin şəhidin məzarının üstünün müxtəlif güllər, şüşələr və s. ilə bəzədilməsi 500-1500 manata başa gəlir.

Əziz şəhid ailələri, dəyərli şəhid yaxınları, işbazların acınızdan, şəhid yanğınızdan, şəhid həsrətinizdən sui-istifadə etməsinə, cibinizdəki son manatınızı da almasına imkan verməyin.
Bir şəhid üçün ediləcək ən gözəl əməl ehsan verilməsi, imkansız, kasıb ailələrə yardım edilməsi, susuz yerlərə su, yolsuz yerlərə yol çəkilməsidir.
Paralel az