ŞƏRTLƏRİ AĞIR, FAİZİ YÜKSƏK TƏHSİL KREDİTİ –"Tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik"

14:55 26-11-2021 207
“Dünyanın 61 ölkəsində tələbə kreditləri verilir, amma onların arasında ən çətin şərtlər Azərbaycandadır. Demək olar, heç bir güzəşt yoxdur və əlçatan deyil”.

 

Proqnoz.com: Bunu təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin dünən açıqladığı kredit şərtlərini şərh edərkən deyib.

Xatırladaq ki, Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qaydalar Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən müəyyən edilib: “Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalavriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər”.

Nazir müavini qeyd edib ki, standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə şamil olunacaq.

Təhsil kreditlərin geri qaytarılma şərtlərinə gəlincə, İdris İsayev bu zaman tələbələrə möhlət verilməsinin mümkün olduğunu deyib.

Onun sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

– yuxarı təhsil səviyyəsində əyani təhsil;

– həqiqi hərbi xidmət;

– məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması);

– hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluqda olduğu müddəti.

{{photo-big-d6d69848-e60d-4775-9882-93c41ce36661}} İdris İsayev

Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

İdris İsayev deyib ki, kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunacaq: “Kreditə görə faizlər müvafiq qaydada hesablanır. Bu güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır.

Beləliklə, TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

– Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.

– Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti 91 bal və yuxarı olan (peşə təhsilində aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişindən azad olunur.

Standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir:

ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan kreditin 25 faizi hissəsinin ödənişindən azad olunur”.

 

 

Kamran Əsədov Pressklub.az-a şərhində bildirib ki, açıqlanan qaydalara görə, əslində, tələbə kreditləri verilmir. O, qaydalarda bir neçə ciddi nöqsanın olduğunu qeyd edib: “Qeyd olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsi ilə kredit almaq üçün müraciət etmək lazımdır. Bunun üçün isə ASAN Login portalında qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Axı, hörmətli fond, Azərbaycanda 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni nömrə almalıdır? Bundan başqa, 9 illik bazadan kollecə qəbul olan tələbənin 15 yaşı var, o necə nömrə ala bilər öz adına?

www.e-ttkf.edu.az portalına müraciət etmək üçün tələbə notariusa müraciət edib, arayış almalıdır. Bunun üçün də rüsum ödəməlidir. Niyə biz onları həm nömrə, həm də rüsum ödəmək üçün əlavə xərcə salırıq? Niyə tələbələr qapı-qapı gəzməlidir? Elektron portalda hər kəs barədə məlumat var.

Fond deyir ki, kredit almaq üçün minimum 300 bal olmalıdır. Bu, ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10112 dövlət sifarişli – pulsuz plan yeri var. Yəni I qrupda abituriyentlər 200 balla hətta pulsuz ixtisaslara qəbul ola bilir. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli – pulsuz ixtisas var və II qrup üzrə 250 balla pulsuz ixtisasa qəbul ola bilər.

Faizlər hədsiz dərəcədə yüksəkdir. Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlığına ciddi mane olur.

Kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər. Qiyabi tələbələr müraciət edə bilməz.

Hazırda ölkədə 126 min tələbə özü təhsil haqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək. 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, akademik göstəriciləri 71 baldan aşağıdır. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik”.

Ekspert deyir ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir: “Məsələn, ABŞ-da bu işlə Federal Agentlik məşğul olur və onun çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır.

Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin, universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən, kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır.

 

 

Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə, məhdud da olsa, təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz. Ümumiyyətlə, tələbə kreditləri Konstitusiyanın tələblərinə ziddir. Belə ki, Konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir”.

İqtisadçı ekspert Samir Əliyev bildirir ki, təhsil krediti xidməti üçün cəmisi bir bank və bir sığorta şirkətinin seçilməsi risklidir və gələcəkdə kreditlərin maliyyələşdiriməsində fasilələr yarada bilər. Qeyd edək ki, kreditlər “Kapital Bank” və “Paşa Həyat” tərəfindən veriləcək və sığoratalanaq.

 

 

S.Əliyev risklər nədən ibarət olduğunu açıqlayıb:“Birincisi, reytinq uyğunsuzluğunun yaranması riski. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın 6.2.5-ci maddəsinə əsasən, müvəkkil bankın kredit reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olmalıdır.

Hazırda müvəkkil bank olan “Kapital Bank”ın reytinqi ölkə üzrə verilmiş reytinqdən maksimum səviyyədə - iki pillə aşağıdır. Həm Moody`s, həm də S&P reytinqləri üzrə fərq 2 pillədir. Fərz edək ki, sabah bu reytinq agentlikləri Azərbaycanın reytiniqi bir pillə qaldırdılar və ya müvəkkil bankın reytinqini bir pillə aşağı saldılar. Bu halda necə olacaq? Bu o deməkdir ki, qanunvericiliyin tələblərinin təmin olunması üçün bütün əməliyyatlar dayandırılaraq yeni müvəkkil bank müəyyənləşdirilməlidir.

İkincisi, müvəkkil bankın ləğv edilməsi. Adıçəkilən Qaydanın 6.9-cu maddəsinə görə, müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar haqqında” Qanunun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir.Əgər nəzəri olaraq bu hal baş verərsə, həmin maddəyə görə, ilk növbədə sığortalanmış əmanətlər, sonra ləğvedicinin pulu, daha sonra bədən xəsarəti almış bank işçilərinin vəsaitləri, dövlət büdcəsinə ödənişlər icra edilir. Əgər pul qalarsa sonra Fondun pulları qaytarılır. Belə olan halda milyonlarla vəsaitin taleyi sual altına düşür.

Üçüncüsü, risklərin diversifikasiya olunmamasıdır. Belə ki, həm bankın, həm də sığorta şirkətinin eyni qrupa daxil olması. Yəni həm “Kapital Bank”, həm də “Paşa Həyat” şirkəti Paşa Holdinq Qrupuna daxildir. Bu isə risklərin diversifikasiya olunmaması baxımından arzuolunan hal deyil”.

Ekspert xatırladıb ki, həm Sahibkarlığın İnkişafı Fondu, həm İpoteka Fondu, həm də digər institutlar vasitəsilə reallaşdırılan maliyyələşmə mexanizmlərinə çoxlu sayda müvəkkil banklar və sığorta şirkətləri cəlb edilib.

“Bu təcrüb bizdə var. Bəs bu halda niyə indi digər banklar və sığorta şirkətləri prosesə buraxılmır? Söhbət vergi ödəyicilərinin, Azərbaycan vətəndaşlarının pullarının taleyindən gedir. Bütün prosedurlar şəffaf, açıq və hesabatlı olmalıdır. Əks halda son vaxtlar hökumətin elan etdiyi “ağarma” siyasəti şüarçılıqdan uzağa getməyəcək”,- S.Əliyev vurğulayıb.

“AzPolitika.info”