İradə Gülməmmədovanın MANİFESTİ: rüşvətlə həbs, biznes imperiyası, pulla ev tikmək və AZADLIQ!

12:56 24-12-2021 819

Azərbaycanın yeganə xanım icra başçısı olan İradə Gülməmmədova Abşeron rayonunda “kraliça” və yaxud “Kleopatra” ayamaları ilə ad çıxarıb. Çünki işlədiyi dövr ərzində atdığı addımları yalnız fironlar edə bilərdi. İ.Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya həbslərindən belə özünü təmizə çıxara bilibsə, deməli, həm də çox ciddi dayaqları mövcuddur.

 

Onun baş memar Akif Əliyevi qurban verməklə “sudan quru” çıxması, ardınca həmin əməliyyat zamanı həbs edilən bacısı oğlu Babək Zalıyevi məhkəmədən azad etdirməsi bir daha göstərdi ki, xanım icra başçısı kifayət qədər dövlətə “meydan oxumağa” qadir imiş.

 

Əvəzində isə Abşeron İH-nin digər əməkdaşlarına hökm oxundu və onlar qurulan rüşvət şəbəkəsinin “günah keçisi” olaraq cəzalandılar. Halbuki heç kəs inanmaz ki, İH-nin məsul şəxsləri İ.Gülməmmədovanın xəbəri olmadan rüşvət yığsınlar, ev tikintisinə görə pul alsınlar.

Necə olur ki, Neftçala, Yevlax, Biləsuvar, İmişli və ümumən 8 rayonun icra başçısı və əməkdaşları həbs edilir, Abşeronda isə xanım başçı işini davam etdirir, ətrafındakılar korrupsiyaya bulaşdığına görə həbsə gedir?!

AFN.Az-ın əldə etdiyi məlumata görə, Gülməmmədova bacısı oğlu Zalıyevi azadlığa çıxardıqdan sonra ona bir ara gözə görünməməyi tapşırıb. Xala sözünə əməl edəcəyi təqdirdə bacısı oğlun bir müddətdən sonra İH-də işinə bərpa edəcəyini vəd edib. Halbuki o həbslərdən sonra əsas məsul şəxs olan icra başçısı sorğu-sual edilməli idi. O şəxslərin həbsi ilə icra başçısının işdən azad edilməsi ahəngdarlıq təşkil etməli idi. Amma icra başçısı vəzifədə saxlanıldı və bir müddət sonra bacısı oğlunu da həbsdən qurtardı.

Nə hikmətdirsə, məhkəmə də tutulan şəxslərdən məhz başçının qohumunun günahsız olduğu qənaətinə gəlib.

Həbslər olsa da, yenə ev tikmək rüşvətlə…

Amma bu gün Abşeronda fərdi ev tikintisi üçün vətəndaşdan pul istənilməsi halları heç də aradan qalxmayıb. Yəni həbslərə baxmayaraq, eyni qanunsuz hərəkətlər davam edir. Gələn xəbərlərə görə, qiymətlər də dövrə uyğun artıb. Əvvəl 3000-5000 manat idisə, indi 5000 manatdan bir qəpik də aşağı düşmürlər.

Bu işləri Abşeron İH-də digər şəxslərin, o cümlədən icra başçısına yaxın olan İlham adlı şəxsin həyata keçirdiyi iddia olunur. Belə desək, fiqurlar dəyişib, yanaşma, məzmun olduğu kimi qalıb.

Sual edilə bilər ki, rüşvət hansı əsasla istənilir? İddialara görə, ev tikintisi üçün İH-nə müraciət edən vətəndaş layihənin təsdiqlənməsini gözləməli olur. Qanunla 21 gün ərzində İH cavab verməsə, vətəndaş tikintiyə başlaya bilər. Lakin İ.Gülməmmədova elə mexanizm qurub ki, sonda ev tikmək istəyən günahkar çıxarılır: gah tikintiyə icazə verilmədiyi, gah qanunsuz aparıldığı, gah layihəyə uyğun olmayan üslubda inşa edildiyi bəhanə gətirilir.
Sonra İH əməkdaşları tikinti gedən əraziyə yaxınlaşır, həmin şəxsin başının üstünü kəsdirir, işə mane olur, kəsəsi, “gün verir, işıq vermir”.

Nəticədə çarəsiz qalan vətəndaş İH-də danışıq aparmağa adam tapır, qeyri-rəsmi sövdələşir, tələb olunan “haqqı” çatdırır. Yəni Abşeron İH-də heç nə dəyişməyib. Çünki xanım başçının iş prinsipi bundan ibarətdir. İndisə bacısı oğlunu yenidən yanına gətirmək üçün hazırlıq görür və lap başa dönürlər. Hərçənd, 6 il şərti cəza alıb, üzərində məhkumluğu var. Əslində 6 il şərti cəza da olmur, bunun ən azı bir hissəsini həbsdə keçirməliydi.

Ərinin aptek şəbəkəsi, oğlunun qutab evləri, qızının bağçası..

AFN.az bildirir ki, Abşeronun icra başçısı rəhbərlik etdiyi 6 il (ondan əvvəl də müavin olduğu illər) ərzində böyük sərvətə sahiblənib. Onun biznes imperiyası ilə yanaşı, ailəsinin də ayrı-ayrı obyektləri var. Xanım başçının həyat yoldaşının, qardaşının, oğlunun və qızının biznes obyektlərinin sayı-hesabı yox imiş.

Mediada gedən məlumatlarda deyilir ki, icra başçısının həyat yoldaşı Yolçu Gülməmmədovun adına “İmpuls-M.V.” MMC fəaliyyət göstərir. “İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Həmçinin, “İRS Mobil” MMC başçının ərinə aiddir.

Eyni zamanda, “Afgen” MMC-nin təsisçisi də Gülməmmədov Yolçu Katamazya oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir.
Bundan əlavə, “Vimay-Med” klinikası, Nabat Tibb Mərkəzi, “Herbimed” MMC, “Fidanfarma” da Gülməmmodovlar ailəsinə məxsusdur. İcra başçısının oğlu Məhəmməd Gülməmmədovun isə öz ayrı biznes dünyası var.

Əvvəla, pulu başından tökülən İ.Gülməmmədovanın övladının Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq sovxozunun ərazisində ikimərtəbəli, mansartlı villasının sahəsi 1855 kv. metrdir.

Villa 18 sot torpağın içində tikilib. Onun paytaxtın bir neçə ünvanında fəaliyyət göstərən “Gutab House” restoranlar şəbəkəsi var.

Bundan başqa, Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən “Gutab House”; Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9-dakı “Gutab House” restoranı, Yasamaldakı “Gutab House”; Bakıxanov qəsəbəsindəki “Gutab House”, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində “Gutab House” başçı oğluna aiddir.

Abşeronda böyük imkanlara malik olan xanım icra başçısının qızı da biznes payından məhrum olmayıb. Belə ki, Vüsalə Gülməmmədova Abşeronda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir.

Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.

Nəhayət, biznes imperiyası qurmuş ailədə İ.Gülməmmədovanın qardaşı da öz payını əldə edib. Xanım başçının qardaşı Rövşən Quliyev “İRS Mobil” şirkətini idarə edir. Onun ikinci müəssisəsi isə “Nigar-Q.S” MMC-dir. Göründüyü kimi, biznes səltənəti hüdudsuzdur.

Qohum-qardaşa vəzifə pay-püşü…

Abşeron rayon icra başçısı bütün vəzifələri qohum-əqrəbasına pay-püş edib. Xanım icra başçısı rayonda elə bir idarə qoymayıb ki, ailə podratından kənar olsun. Hətta Abşeron təmizlik idarəsinin müdiri də icra başçısının həyat yoldaşı Yolçu bəyin bibisi oğlu Mübarizdir. Di gəl ki, Abşeron rayonunda təmizlikdən əsər-əlamət yoxdur.

Başçının əri və bibisi oğlu idarənin pullarını həzm-rabedən keçirməklə yaxşı gəlir mənbəyi əldə ediblər. Rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində isə hökmranlıq Mübarizlə yanaşı, Yolçunun digər qohumu olan Rafiq Yusifovun əlindədir. Bu şəbəkəyə Qəhrəman adlı şəxs də daxildir.

O, Mənzil Kommunal İstismar Sahəsinin rəisi olub. Amma idarədə o qədər yeyinti olub ki, izi itirmək üçün ləğv edilib. İcra başçısı əvəzinə müxtəlif törəmə qurumlar yaradıb.

Həmin Qəhrəman icra başçısı ilə şərti şumda kəsib: deyib ki, maxinasiyalara görə həbsə gedən İH məmurlarının aqibətini yaşamaq istəmir.

Ona görə İ.Gülməmmədova törəmə şirkətlər təsis edib. Hazırda Qəhrəman rayonda təmizlik işlərinə nəzarət edir. Müavini isə icra başçısının qardaşı Rövşən Quliyevin oğlu Rauf Quliyevdir.

Bundan əlavə, İ.Gülməmmədova rayonda uşaq bağçaları üzrə “kurator” Afət xanımı təyin edib. İddialara görə, Afət xanım uşaq bağçalarından yığılan pulları, satılan ərzaqların pulunu Abşeron İH-nə çatdırır.

Çox maraqlıdır ki, barəsində bu qədər ittihamlara, yaxın çevrəsinin korrupsiya ilə həbs edilməsinə baxmayaraq, Abşeronun icra başçısı nə vəzifəsindən azad edilir, nə araşdırma aparılır. Onun biznesi, obyektləri, fərdi ev tikintisi üçün rüşvət istəməsi, qohumlarının vəzifələrə yerləşdirməsi, rayonu bərbad günə qoyması, yeyintiləri haqda dəfələrlə konkret faktlar tirajlanıb.

Mənbə AFN.Az