Uşaqpulu ilə uşağın anadan olmasına görə verilən birdəfəlik müavinəti səhv salan nazir

18:10 26-12-2021 666

Sahil Babayev bu cür təfəkkürlə necə nazir postuna təyin edilib?

Bizim ellərdə ta qədimdən sözə həmişə böyük əhəmiyyət verilib. Başqa coğrafiyalarda and içmək, iltizam vermək, şahidlər tutmaq adəti olubsa, bizdə sadəcə söz vermək kifayət edib. Sözübütöv adamlara da həmişə hörmət olub. Ələlxüsus da, bu şakər kişilər üçün əhəmiyyətli olub – vəzifəsindən, rütbəsindən, yaşından asılı olmayaraq. Bığ yeri tərlədisə, artıq o şəxsin dediyi sözə münasibət də başqalaşıb.

 

Kişini kişi edən xüsusiyyətlərdən biri də məhz sözünün ağası olması olub. Elə bu səbəbdən də Azərbaycan folklorunda söz barədə çox sayda deyimlər mövcuddur. Onların hamısını bu yazıda qeyd etmək mümkünsüzdür, zatən elə amalımız da yoxdur. Amma yeri gəldikcə onlardan bəzilərini diqqətə çatdırcağıq…

 

Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüş keçirib. Ölkədə uşaqpulunun verilməməsinin səbəblərini açıqlayarkən, əsasən maliyyə problemlərini göstərib. Onun sözlərinə inansaq (nazirin sözünün sanballılığı barədə qarşıda fikir formalaşdırma imkanı qazanacağıq), məqsədə nail olmaq üçün büdcədən ildə təqribən 30 milyard manat ayrılmalıdır.

Babayev bildirib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır. Və daha sonra əlavə edib: “Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük”.

Bu yerdə söz barədə əcdadlarımızın bizə miras buraxdıqları bir deyimi xatırladaraq öz sözümüzə davam edək: “Sözü ağzında bişir, sonra çıxart”.

Məhz bu açıqlamadan sonra bütün vətəndaşlar tam çılpaqlığı ilə anladılar ki, cənab nazir uşaqpulunun hansı məqsədlər üçün əhaliyə verilməsi barədə yanlış məlumata malikdir. Sən demə, cənab nazir bu günə qədər elə bilirmiş ki (bəlkə elə indi də o fikirdədir), sözügedən müavinət gənc ailələri dünyaya uşaq gətirməyə stimullaşdırmağa xidmət edir. Yəni bir qədər sadələşdirsək, maddi vəziyyəti aşağı olan vətəndaşlar böhrandan çıxmaq üçün Azərbaycanın demoqrafik durumuna öz töhfələrini məhz bu yolla verməliylərmiş.

Nə qədər acınacaqlı olsa da, etiraf etməliyik: cənab nazir səbəb-nəticə prosesini tam tərsinə qavrayıb. Söhbət vətəndaşlara uşaqpulunun birdəfəlik müavinət şəklində, doğum faktına görə ödənilməsindən getsəydi, o zaman yenə cənab nazirin sözlərinə bəraət qazandırmaq olardı. Amma axı, onun özünün də yuxarıda qeyd edilən görüş zamanı dediyi kimi, məqsəd uşaqlara 18 yaşa çatana qədər, yəni onun böyüdülüb boya-başa çatdırılmasına yardım üçün ödənilən vəsaitdən gedir. Dövlət valideynlərə ona görə müavinət vermir ki, onlar durmadan dünyaya uşaq gətirsinlər və ölkənin demoqrafik vəziyyətini yaxşılaşdırsınlar. Xeyr!

Dövlət uşağın anadan olmasını fakt olaraq qəbul etdiyi və ailələrin maddi çətinliyini aradan qaldırmaq üçün bu addımı atır (daha doğrusu hələlik atmır). Sitat gətirdiyimiz ifadələri sıravi vətəndaş desəydi, bunu naşılığa, məlumatsızlığa yozmaq olardı. Amma bunu nazir deyir. Yuxarı başda əyləşən şəxs.

Bu yerdə növbəti atalar sözünə yer veririk: “Sözünü bilməyənə aşağı başda da yer yoxdur”. Hər halda ulu babalarımız belə deyib. Riayət edib-etməmək artıq gələcək nəsillərin, bizim işimizdir…

Bir daha S.Babayevin açıqlamasına – “…Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq” – qayıdaq. Daha doğrusu isə, bu açıqlamanı tam təkzib və alt-üst edən digər bir açıqlamaya. Belə ki, “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatının nəticələrində belə bir qeyd var: “Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur…”.

Bildirilib ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Necə deyərlər, sözün bitdiyi an: əcəba cənab nazir bəs hansı ölkədən danışırmış?…

Və bu yerdə daha bir atalar sözü: “Söz bir olsa, dağ oynayar yerindən”. Gördüyümüz kimi, söz nəinki bir deyil, hələ bir-birini inkar edəndir. Bir mətləb barədə iki fərqli söz deyilirsə, deməli mütləq biri yalandır. Atalar isə deyib ki, “Yalan ayaq tutar, yeriməz”. Necə ki, bu dəfə də yerimədi. Ümid edək ki, sözümüz hədəfə yetişəcək. Əbəs yerə deməyiblər ki, “Sözü at, yiyəsi götürər”…

Müəllif: Polad Xudayarlı //AYNA//