İkinci Şıxlıda aqroparkın mühafizəçisi 2 kilo kartofa görə 21 yaşlı gənci ürəyindən bıçaqladı

17:03 27-12-2021 666

Qazax rayonunun İkinci Şıxlı kəndində “İnvestel Group” MMC adlı şirkətə məxsus kartof sahəsində ehtiyac üzündən evlərinə cəmi 2 kiloqram kartof aparan 21 yaşlı gənci həmin şirkətin elə həmin yaşdakı mühafizəçisi ürəyindən bıçaqla vuraraq öldürüb. virtualaz.org xəbər verir ki, bu ilin avqustunda baş vermiş həmin cinayətə görə məhkəmə istintaqı bu günlərdə Gəncə Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb. Qətli törədən isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin 21 yaşlı sakini Nəsimi İsmayılovdur.

 

Hadisə bu il avqustun 13-də Qazax rayonunun İkinci Şıxlı kəndində baş verib. Kənddəki “İnvestel Group” MMC-də mühafizəçi işləyən Nəsimi İsmayılov həmin şirkətin kartof sahəsində fəhləlik edən həmyaşıdı Novruz Mansurovu öldürüb.

 

“İnvestel Group” MMC şirkətinin İkinci Şıxlı kəndindəki aqroparkında. Qazax rayon rəhbərliyi görülən işlərlə tanış olur, amma burada əkilən kartof çox keçmədən qana bulaşacaqdı…

Evlərinə 2 kiloqram kartof aparmaq istədi, mühafizəçi tutdu…

İstintaq zamanı müəyyən edilib ki, hadisədən bir gün əvvəl Novruz özüylə gətirdiyi məktəbli çantasına gizlincə iki kilo kartof yığıb. Amma kartofu evlərinə apara bilməyib, axşam sahənin çıxışında keçirilən yoxlama zamanı çantadakı kartof aşkarlanıb, əlindən alınaraq anbara boşaldılıb. Bununla əlaqədar mühafizə rəisi tərəfindən mühafizəçilərə irad tutulub.  Hadisə baş verən gün növbədə olan isə N.İsmayılov kartof oğurluğunu qarşısını almaq üçün fəhlələrə onları yoxlayacağı ilə bağlı xəbərdarlıq edib. Mühafizəçinin bu sözündən sonra Novruzla mübahisələri düşüb.

Təqsirləndirilən Nəsimi İsmayılov ifadəsində axşam saatlarında mühafizəçi işlədiyi şirkətə gəldiyini, növbə dəyişildikdən sonra əkin sahəsindəki xidmət yerinə getdiyini göstərib. O törətdiyi qətli tükü də tərpənmədən belə nəql edir: “Dedim ki, işdən sonra hamınızın zənbillərini yoxlayacağam. Bunu deyəndə texnikanın arxasınca gedərək kartof yığan Novruz uca səslə “niyə belə hərəkət eləyirsən? Sən mənim zənbilimi yoxlasan…” deyib var-yox söyüşü söyərək üstümə gəldi. Cibimdən çıxardığım bıçaqla onu vurdum. Fəhlələrdən ikisi qaça-qaça gəlib Novruzu su qablarının yanına aparıb yerə uzatdılar. Orada dayanmayıb kəndə sarı getdim. Polis şöbəsində işləyən həmkəndlimə adam bıçaqladığımı, təslim olmaq istədiyimi və gəlib məni götürməsini yazdım. Bir qədər sonra polis əməkdaşları gəldilər. Məni Qazax rayon polis şöbəsinə apardılar. Törətdiyim əməldən peşmanam”.

 

Gündə 18 saat işləməyə məcbur olan yoxsul qardaşların anası nə deyir…

İkinci Şıxlı kəndində baş vermiş bu qətlin istintaqı daha bir faciəvi situasiyanı üzə çıxarıb. Məlum olub ki, kəndin əkin  sahələrində aqropark yaratmış şirkət fəhlələri gündə 18 saat işlədilir. Və kəndin sakinləri qəpik-quruş muzda bu aqroparkda dan yeri ağarandan axşam qaranlığına qədər tər tökür.

Zərərçəkmişin anası Kifayət Mirzəyeva ifadəsində hər iki oğlunun səhər saat 05-dən axşam saat 22-dək günəmuzd kartof yığımı ilə məşğul olduqlarını deyir: “Həmin gün Novruzla Tural sübh tezdən işə getmişdilər. Axşam təxminən saat 19 radələri olardı. Kimsə qapımıza gəlib kənd sovetindən Novruzun şəxsiyyət vəsiqəsini istədiklərini dedi. Gələn adamı tanımadığım üçün vermədim. Bir qədər sonra oğlum Tural gəlib dedi ki, ay mama, Novruz dalaşıb, ona şüşə batıb, vəsiqəsiz xəstəxanaya buraxmırlar. Turalın dalınca evə dostları yığışmağa başladıqda  şübhələndim. Nə baş verdiyini soruşsam da, mənə heç nə demədi. Halım pisləşdiyindən həyətə yığılanlar da heç nə demədilər. Yalnız səhərisi gün oğlumun bıçaqlandığını və öldüyünü öyrənə bildim…”

İkinci Şıxlı kəndi

“Çox kasıbıq, qardaşım ehtiyac üzündən 2-3 kiloqram kartof götürmək istəyib…”

Doğma qardaşının gözləri önündə bıçaqlanmasının şahidi olan Tural hadisə baş verən gün şirkətin traktorları ilə əkin sahələrinə getdiklərini deyib: ”İki gün əvvəl işdən çıxanda şirkətin “Qazel” avtomobili  arxamızca sahəyə gəldi. Həmin maşına minib şirkətin inzibati binasına gəldikdə Novruz məktəbli çantasına heç kimə demədən üç kilo kartof yığdığını dedi. Mən də qardaşımı danladım. Adətən işdən sonra mühafizəçilər hamını yoxlayırdı ki, heç kim evə oğurluq kartof aparmasın”.

Tural deyir ki, çox kasıbdırlar, ehtiyacları olduğuna görə qardaşı sahədən iki-üç kilo kartof götürmək istəyib: “Hadisəni anama da danışdım. Anam da qardaşımı danladı.  Səhərisi gün eyni qaydada əkin sahəsinə getdik. Sahədə işləyərkən mühafizəçi üzünü mənə tutub kartofu bir gün əvvəl kimin oğurladığını xəbər aldı. Mən də üzürxahlıq etdim, dedim ki, qardaşım götürüb, səhv eləyib, bir daha belə hərəkət etməz”.

Amma bu üzrxahlığa baxmayaraq mühafizəçi Nəsimi İsmayılov digər fəhlələrin yanında Novzurun kartof oğurladığını deyib, axşam işdən gedəndə hamının çantasını yoxlayacağı haqda xəbərdarlıq edib.

“Birdən qardaşım ürəyini tutub yerə yıxıldı…”

Qətlə yetirilən gəncin qardaşı daha sonra bunları deyib:  “Nəsimi dedi ki, bura sizi aparmağa maşın gələndə deyin, hamınızı yoxlayacağam. Bu vaxt qardaşım ondan niyə belə hərəkət etdiyini soruşdu və ona sarı getdi. Mühafizəçinin qardaşımı bıçaqla vuracağını gözləmirdim. Üzbəüz dayanmışdılar. Birdən qardaşım əlini ürəyinə tutub iki-üç addım arxaya doğru gedib yerə yıxıldı. Şok vəziyyətində idim. Əlllərimlə başıma döyürdüm, nə edəcəyimi bilmirdim. Qardaşımın köynəyini çıxarıb yarasının üstünə qoydular ki, qan axmasın. Novruz az sonra keçindi…”

Beləliklə, kökü yoxsulluğa və səfalətə gedib çıxan bu qətlin məhkəmə araşdırıması yekunlaşıb, məhkəmənin hökmü ilə Nəsimi İsmayılov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “İnvestel Group” MMC isə Qazax rayonunda minlərlə hektar əkin sahəsinə, o cümlədən İkinci Şıxlı kəndində aqroparka malikdir.

Müəllif İnarə Rafiqqızı

Mənbə virtualaz.org