Rabitə və Nəqliyyat Kolleci “islahatçı” rektorla korrupsioner direktorun işbirliyi mərkəzinə çevrilib-ARAŞDIRMA

18:32 27-12-2021 576

Proqnoz.com: Vilayət Vəliyev rektor təyin edildikdən sonra Azərbaycan Texniki Universitetində tədrisin və təhsilin vəziyyətinin yaxşılaşdırılması istiqamətində zərrə qədər də müsbət iş görməyib. 2019-cu ilin iyulundan universiytetin yeni rektoru sanki qarşısına ancaq bir məqsəd qoyub. Hər şeydən, dərslərdən kəsmək, tədris yüklərini azaltmaq, bu yolla vəsaitə qənaət edib, onu başqa yerlərə, məlum olmayan işlərə sərf etmək. Bilinmir ki, rektorumuz iqtisadçıdır, ya riyaziyyatçı, hər halda texnikadan çox uzaq adamdır və texnika haqqında, xüsusən də texniki təhsil haqqında təsəvvürləri yox dərəcəsindədir. O, elə bilir ki, özünün bildiyi kimi (əslində isə bilmədiyi kim) yeni bir universitet yaradır.

Bunlar Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərinin bir qrupu tərəfindən son iki ildə universitetdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə dövrü mətbuata verdikləri  məlumatlardandı.

Aşağıda diqqətinizə çatdırdıqlarımız isə zaman-zaman dövrü mətbuatın gündəminə gəlmiş, 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Texniki Universitetinin nəzdinə verilmiş Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində baş verənlər olacaq. Yazırlar ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur. Məlumatı təqdim edən mənbənin sözləri ilə desək, burada direktorun göstərişi ilə müəllim heyəti tələbələrin “qanını sorur”. Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur. Verilən məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rol oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də öz növbəsində, ümumi məbləğdən payına düşəni götürüb qalan hissəni məhz Bəxtiyar müəllimə təqdim edirlər…

Bütün bunlar həm Azərbaycan Texniki Universitetində, həm də qeyd etdiyimiz ali təhsil ocağının nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci barədə son vaxtlar elektron kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatların bir qismidir. Müəllim heyətinin şikayətlərindən də göründüyü kimi rektor Vilayət Vəliyev iki ildir ki, Texniki Universitetdə islahatlar aparır. Bu islahatların tərkib hissəsini isə ancaq kadr dəyişiklikləri təşkil edir. Belə ki, rektor özünə yaxın şəxsləri yavaş-yavaş ətrafına topladıqdan sonra universitetdə uzun illərdir çalışan müəllimlərin yerdəyişməsinə keçib. Tələb olunan heç bir kriteriyalara məhəl qoymadan. Universitetdə tədrisin və təhsilin vəziyyətinin yaxşılaşdırılması istiqamətində isə heç bir addım atmadan. Bunu universitetin müəllimləri iddia edir.

Universitetin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində isə direktor Bəxtiyar Bəxtiyarov artıq 6-cı ildir ki, korrupsiya əməlləri ilə məşğuldur. Burada tələbələrdən alınan pullardan söhbət getmir. Bu rüşvətxorluq hesab edilir. Korrupsiya əməli isə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə deyilir.

Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən kollecin inzibati binası ilk baxışdan suyu soğulmuş dəyirmana bənzəyir. Amma heç kim bilmir ki, Kollecin direktoru hər il buranın təmirinə, avadanlıqların alınmasına satınalmalar yolu ilə külli miqdarda vəsait ayırır. Amma dövlət satınalmaları haqqında qanunun tələblərində olduğu kimi deyil, öz bildiyi kimi. Yəni, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməklə, habelə satın alınan malların və xidmətlərin qiymətlərini süni şəkildə şişirtməklə, özünə yaxın şirkətlərlə bağladığı müqavilələri ictimaiyyətdən gizlətməklə. Burada satınalmalar şəffaf keçirilsəydi, nəticələri də hər yerdə olduğu kimi ictimaiyyətə açıqlanardı. Amma görünür bu direktora sərf eləmir.

Məsələn, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Tender Komissiyası 2020-2021-ci illərdə sair torpaq, tikili və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat xərcləri, əsas vəsaitlərin və azqiymətli və tez köhnələn əşyaların dəyərinin müəyyənləşdirilməsi, digər malların alınması, mətbəə məhsulları üzrə xərclər, dəftərxana və təsərrüfat xərclərinin alınması, sair torpaq tikili və avadanlıqlar, maşın və avadanlıqların alınması, əyani vəsait, kitab, digər malların alınması üzrə keçirmiş olduğu kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulması deməkdir. Xüsusilə qeyd etmək istərdik ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Tender Komissiyası 2018-2021-ci illərdə keçirdiyi kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu kotirovka sorğularında nə qədər vəsait ayrılıb, nə qədəri “otkat”kimi Bəxtiyar Bəxtiyarova qayıdıb, bəlkə Texniki Universitetin rektoru Vilayət Vəliyev də bilmir. Amma araşdırarsa Respublika Hesablama Palatası da, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti də, Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi də öyrənə bilər.

Bu nədən irəli gəlir?  Kollecin direktoru Bəxtiyar Bəxtiyarovun arxayınçılığından, yoxsa? Kim durur onun arxasında ki, satınalmalarda belə istədiyi qanunsuzluqlara yol verir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bunlara asanlıqla göz yumur. Bəxtiyar Bəxtiyarov o qədər arxayındır ki, hətta sorğulara cavab verməyi belə özünə rəva bilmir. Bu bəlkə də direktorun idarəetmədəki səriştəsizliyindən irəli gəlir. Amma daha çox arxayınçılığa oxşayır.

Xatırladaq ki, Bəxtiyar Bəxtiyarov Texniki Universitetin rektoru Vilayət Vəliyevdən dörd il əvvəl Rabitə və Nəqliyyat Kollecində direktor vəzifəsinə gəlib. Buna qədər Bəxtiyar Bəxtiyarovun kollecdəki yarıtmaz fəaliyyəti ilə bağlı istər kollecdə, istərsə də dövrü mətbuatda müəyyən rəy formalaşmışdı. Bəs universitetə islahatçı rektor kimi gəlmiş Vilayət Vəliyev  bir çox dekan və kafedra müdrlərini dəyişdiyi kimi, Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyində nə üçün dəyişiklik etmədi? Kollecdə də islahatlar aparmağı niyə lüzum bilmədi? Çünki, sözügedən kollec “isahatçı” rektorla, korrupsioner direktorun işbirliyi mərkəzinə çevrilib. Kollec direktorunun arxayınçılığının əsl səbəbi də burada məlum olur. Bir rektor ki, direktorun yarıtmaz idarəetməsini görmürsə, bu rektorun zəifliyindən irəli gəlir. Görüb tədbir görə bilmirsə, bu direktorun arxasında daha böyük bir qüvvənin olmasından xəbər verir. Yox əgər görməzdən gəlirsə, onda bu rektorla direktorun işbirliyi təəssüratı yaradır. Bu variantların ən inandırıcısi isə sonuncusudur. Yəni, Rabitə və Nəqliyyat Kollecində yol verilən qanun pozuntuları rektor Vilayət Vəliyevlə direktor Bəxtiyar Bəxtiyarov işbirliyinin nəticəsindən başqa bir şey deyil.(Yenixeber.org)