Paşinyan-Arutunyan davası:blef, yoxsa, “boşanma”?

18:34 27-12-2021 558

Ekspertlər Ermənistanda baş verən qarşıdurmanın səbəblərini şərh edirlər

 
 

Proqnoz.com: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri bu regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub. 2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Ermənistan üçün fəlakət olub. Çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusunu qəbul etdirmək mümkün deyil. Qarabağ nizamlanması məsələsinə ATƏT-in Minsk Qrupu formatında baxılması rəsmi İrəvan üçün faydalıdır”.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu bəyanatı “Facebook”da canlı yayımda verib. O, əlavə edib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq: “Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb”.

Paşinyan xatırladır ki, Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Onun sözlərinə görə, bu, ən azı əhali baxımından erməni-azərbaycanlı birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb.

Baş nazir qeyd edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb. “Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz”,-Paşinyan vurğulayıb.

Paşinyanın bu bəyanatı Qarabağdakı qondarma rejimi hiddətləndirib. Separatçıların başçısı Arayik Arutunyan “parlamentin” təcili iclasını çağırıb, habelə ermənilərə müraciət ünvanlayıb.

O, müraciətində iddia edib ki, “Artsax” ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərt və güzəştlərə tabe deyil, bu məsələnin müstəsna sahibi ermənilərdir. “Beləliklə, yalnız Artsax Respublikasının hakimiyyəti Artsax xalqı adından danışmaq hüququna malikdir”,-  o qeyd edib.

 Arutunyan iddia edib ki, “Artsax Respublikası”nın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması onların əsas istiqamətidir, heç bir hökumət ondan kənara çıxa bilməz: “Ona görə də Artsax xalqı və hakimiyyəti bizim məqsədimizə çatana qədər heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcək”.

Separatçıların başçısı daha sonra Rusiyanın prosesdə roluna toxunub və faktiki Moskvanın himayəsi altında yaşadıqlarını etiraf edib: “Artsaxın təhlükəsizliyinə gəldikdə, biz Artsax Müdafiə Ordusunun imkanlarını gücləndirmək üçün səylərimizi davam etdirəcəyik və Rusiya sülhməramlı qüvvələri münaqişənin yekun və ədalətli həllinə və təhlükəsizlik üçün əlavə beynəlxalq təminat olunana qədər Artsaxda daimi və qeyri-müəyyən müddətə qalmalıdırlar”

Arutunyanın uzun-uzadı müraciətində əsas fikir ondan ibarətdir ki, Nikol Paşinyan yuxarıda qeyd olunan bəyanatları səsləndirməklə böyük səhv edir və o bu şəkildə prosesə müdaxilə edə bilməz. 

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri arasındakı təmaslarda iki ölkə arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunub və bu təşəbbüs müsbət dəyərləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Minsk Qrupuna tövsiyə edib ki, vasitəçilər bundan sonra sülh müqaviləsinin hazırlanması ilə məşğul olsalar, yaxşı olar. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Brüssellin bu təşəbbüsə yardım etməyə hazır olduğunu bəyan edib.  

Maraqlıdır, sülh prosesi və Ermənistan rəhbərliyinin bu istiqamətdə davamlı addımlar atması mümkündürmü? Paşinyanın son bəyanatı növbəti blefdir, yoxsa İrəvan münaqişənin ədalətli həllinə mane olmayacaq? Daha sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Qarabağ münaqişəsinin bitməsinə gətirib çıxaracaqmı? 

Siyasi təhlilçi Rauf Mirqədirov bildirib ki, Paşinyan öz bəyanatında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və Qarabağın Azərbaycanın tərkibində qalmasının vacib olduğunu bəyan edib. Onun sözlərinə görə, əslində iki ölkə arasında hər hansı sülh müqaviləsi Qarabağın Azərbaycanın tərkibində qalması müddəası olmadan qeyri-mümkündür. Təhlilçi qeyd edir ki, hazırda Bakı İrəvandan sülhlə bağlı addımlar atmağı tələb edir və öz təkliflərini irəli sürür. R.Mirqədirova görə, həmin müqavilə hər iki ölkənin bir-birinin sərhədlərini qarşılıqlı olaraq tanınması müddəası olmadan imzalana bilməz. 

Bu sülh müqaviləsinin imzalanması regionda vəziyyəti dəyişəcəkmi? Rauf Mirqədirov hesab edir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin statusunu müəyyənləşdirən amil olmayacaq. Onun sözlərinə görə, sadəcə bu münaqişə dövlətlərarası müstəvidən daxili müstəviyə keçəcək və Azərbaycanın daxili probleminə çevirləcək: 

“Bakı isə Qarabağda yaşayan ermənilərin taleyi ilə bağlı müəyyən qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Burada Rusiya amili böyük rol oynayacaq, çünki ermənilərin yaşadığı ərazilər hazırda tamamilə Rusiyanın nəzarəti altındadır. Separatçı liderlərin bəyanatı onu göstərir ki, Rusiya onların Azərbaycanla Ermənistan arasında ehtimal olunan sülh müqaviləsini tanımağa məcbur edəcəyi gözlənilən deyil. Onları bu sazişi tanımağa təhrik etməyəcək”

Siyasi təhlilçi hesab  edir ki, sülh müqaviləsi Dağlıq Qarabağda gerçək situasiyanı dəyişməsə də, erməni müxalifəti və separatçılar bunu Paşinyanın xəyanəti kimi qiymətləndirib, onun hakimiyyətdən devrilməsinə çalışacaqlar. “Bu məsələdə yenə də əsas rol Kremlə məxsusdur. Düşünmürəm ki, Kreml sülh müqaviləsi imzalanmamış Paşinyanı hakimiyyətdən devirməyə çalışacaq. Hər halda, sülh danışıqları getdiyi dövrdə onun hakimiyyətdə qalması Moskvanın maraqlarına uyğundur. Doğrudur, o, daim təzyiq altında olacaq. Amma istisna deyil ki, iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra onu hakimiyyətdən devirib, xəyanətdə ittiham edib, Moskvanın bir adamını hakimiyyətə gətirəcəklər”

R.Mirqədirov hesab edir ki, bütün hallarda sülh müqaviləsinin imzalanması pozitiv haldır. Amma bu saziş, Paşinyanın hakimiyyətdə qalıb-qalmamasından asılı olmayaraq, Qarabağın dağlıq hissəsindəki mövcud situasiyaya ciddi təsir göstərməyəcək.      

Politoloq Fərhad Məmmədov isə hesab edir ki, Paşinyanın müsahibəsini və Qarabağdan olan erməni separatçılarının onun əsas tezislərinə reaksiyasını iki cür şərh etmək olar:

“Birincisi, bu, Paşinyanın oyunudur. Hamı bilir ki, Paşinyan-Arutunyan münasibətləri yaxınlığı ilə seçilir və o, Baş nazirin Qarabağdakı əlaltısıdır.  Ermənistanda parlament seçkiləri gecəsi Arutunyanın “Vətəndaş Müqaviləsi” partiyasının qərargahında çəkdirdiyi fotonu yada salaq. Ermənistan hakimiyyəti tez-tez bu addıma əl atırdı: biz razıyıq, amma orada, Qarabağda razılaşmırlar. Arutunyanın indiki bəyanatı isə primitiv addımdır. Brüsseldən sonra Paşinyan Arutunyanla görüşüb və yəqin ki, əsas mesajları çatdırıb. Paşinyan bu yolla danışıqlarda mövqeyini gücləndirməyə çalışır”.

Politoloqun sözlərinə görə, ikinci variant odur ki, Paşinyan həqiqətən də Qarabağ ermənilərinə dəstəyini dayandırır: “O, Azərbaycanın Laçın dəhlizinə nəzarəti ələ alacağını anlayaraq, bilərəkdən Zəngəzur dəhlizində postların yaradılmasına gedir və bununla da Ermənistan vətəndaşlarına “qalib gəldiyini” izah edəcəyini düşünür. Yəni dəhlizlə bağlı mübahisədə Sünik vilayəti təslim edilməyib, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçsə belə, Rusiyanın məsuliyyət zonasıdır”.

F. Məmmədov xatırladır ki, Ermənistan Qarabağ ermənilərinin ən böyük sponsorudur və onların yaşaması üçün ayda 30 milyon dollara qədər pul verir: “Yəni Qarabağda pul qazanılmır, ora ayrılan pullar obrazlı desək, “tualetə” gedir. Bu, Ermənistanın büdcəsi üçün dözülməz yükdür və yatırılan investisiyalardan dividentlərin əldə edilməsi perspektivləri qeyri-müəyyəndir. Ermənistanın ümid edə biləcəyi maksimum nəticə hansısa yolla Qarabağ ermənilərinin taleyi ilə bağlı müzakirələrə Azərbaycanın iştirakını təmin etməkdir. Yəni, Paşinyan maliyyə rıçaqlarından Arutunyan seçiləndə artıq istifadə edib. İndi isə Qarabağ ermənilərinin Ermənistandan maliyyə asılılığı dövrü başa çatır. Bunu isə Rusiyanın Qarabağda yaratdığı Humanitar Mərkəz kompensasiya edə bilməz. Əgər qışda Paşinyan sadəcə olaraq aylıq ödənişləri ləngitsə, o zaman Qarabağ ermənilərinin meşələrdə yığıcılıq və ovçuluqla məşğul olmaqdan başqa heç bir çarəsi qalmayacaq”.

Ekspert qeyd edir ki, Ermənistanın gələcək addımları İrəvanın hansı yolla gedəcəyini göstərəcək: “Paşinyan ya Qarabağ ermənilərini doğurdan da inkar edir və dəstəyi dayandırır, yaxud o, Arutunyanla birgə sadəcə əyalət teatrının bəsit səhnələşdirilmiş tamaşasında öz rollarını oynayırlar. Paşinyanın davranışı, bəyanatları və hərəkətləri əsasında belə qənaətə gəlmək olar ki, o, Qarabağ ermənilərini tamamilə Rusiyaya təslim etməyə hazırdır. Yəni, əgər siz artıq oradasınızsa və vəziyyətdən öz maraqlarınız üçün istifadə etmək niyyətindəsinizsə, o zaman pul ödəməli olacaqsınız. Bunun üçün maliyyələşmənin tədricən dayandırılması və bütün öhdəliklərin Moskvaya ötürülməsi ilə münaqişə ssenarisini Kremlə yönləndirmək olar. Bəs vəziyyətin bu şəkildə dəyişməsi, Rusiyanın bu yükün altına girməsi Moskvanıln maraqlarına uyğundurmu, bu, artıq başqa sualın mövzusudur”.(pressklub)

Turqut