Hər bir mütəxəssisə gərəkən kitab

19:42 27-12-2021 693

"Rəqəmsal keçid və elmi texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi" - Professor Saleh Məmmədov

Ölkəmizdə  kifayət qədər tanınan çox dəyərli vətənpərvər ziyalı alim, iqtisad elmləri doktoru, professor Saleh Məmmədovun "Rəqəmsal keçid və elmi texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi" kitabını vərəqləyərkən bütün sahələrdə, hətta dil, davranış, idarəetmə, təhsil, kənd təsərrüfatı, büdcə, kredit, rəqəmsal manatla pul dövriyyəsində və beynəlxalq münasibətlərdə  rəqəmsal keçidin başa çatdırılmasının konkret  reseptləri ilə tanış oldum.
Mən ixtisasca maliyyəçi olmaqla audit, maliyyə və mühasibatlıq sahəsində 40-ildən yuxarı fasiləsiz  təcrübəyə malik olsam da, hesab edirəm ki, maliyyə mühəndisliyi üzrə bilgim zəifdir, çünki bu yeni  texnoloji haqqında öyrənməli o qədər ixtisaslar var ki, etiraf edək ki, bizlər hələ də bunun terminlərini, sözlərini tam dərk edə bilmirik.
Rəhmətlik M.Ə.Sabir demişkən:

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Vaxtı ilə adı dillər əzbəri olan Tofiq Dadaşova möcüzə kimi baxırdıq, dövlət bəzən ondan ekspert kimi də istifadə edirdi, çünki bizlərdən fərqli olaraq o çox şeyi görə, duya və ən əsası da istənilən vəziyyətə təsir edə bilirdi. Tofiq Dadaşovdakı Allah vergisidir - deyirdik. Məhz professor Saleh Məmmədovun bu kitabını  oxuyanda bəlli olur ki, Rəqəmsal keçid süni intellekt məhsulu olsa da, süni intellektin özü də insan amili ilə sıx əlaqədardır, yəni süni intellekt məhsulu  nəhəng və çox gəlirli biznesin əsasıdır, bu biznesin mayası isə insan beynidir, zəkadır, elmdir, hər hansı "qasırğa"ya, "küləyə", virusa  yıxılan deyil.
Rəqəmsal keçidin əsasları ilə bağlı geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi-praktik kitab hələ ki, ölkəmizdə ilk olmaqla dəyərli təhlil və təkliflərlə zəngindir. Bu səbəbdən kitab,  rəqəmsal savadsızlığın aradan qaldırılması yollarının müəyyənləşdirilməsində dəyərli xəzinədir.
Elmi-praktik kitabda bizlər üçün çox dəyərli sahələrin konseptual əsaslarını açıqlanır, onlardan yalnız birinin barəsində - "Data sayəns" (məlumat elmi) barəsində qısaca dərk etdiklərim.
Bəlli olur ki, dünyanın ən böyük 10 şirkətindən 8-i informasiya şirkətləridir. Beş trilyon dollardan çox kapitalizasiya dəyəri olan şirkətlərin isə 4-ü  informatika şirkətidir. Məlum pandemiya zamanı yeraltı və yerüstü sərvətlərin inhisarı ilə məşğul olan iri şirkətlər dərin böhran  yaşamaqlarına baxmayaraq, bütün informasiya şirkətlərində satış çox sürətlə artmışdır.
Təəssüf ki, ölkəmizdə bu elmə zərrə qədər də əhəmiyyət verilmir. Burda yeganə xammal  və alət informasiyadır. İnformasiyadan, məlumatlardan məhsul istehsal etmək, dəyər yaratmaq yalnız bu elmin vasitəsi ilə reallaşa bilir. Heç bir sahə İnformasiya emalı qədər böyük gəlir verə bilmir. 
Kitabla tanış olandan sonra dərk etdim ki, bu ixtisasların mənimsənilməsi əsil inqilabdır, Qalib Ölkəmizin çiçəklənməsi və möhkəmləndirilməsi üçün Ali və Orta ixtisas məktəblərində, İqtisadiyyat və İdarəetmə institutlarında  rəqəmsal keçidin əsasları gənclərimizə mənimsədilməlidir, öyrədilməlidir, əlbəttə ki, dövlətimiz  dəstəyi ilə.
Hörmətli  İdarəetmədə səlahiyyətliləri, sahibkarlar, iş adamları, maliyyəçilər, iqtisadçılar bu kitab zəmanəsinin əsil stolüstü kitabıdır- oxumaq, tətbiq etmək, öyrənmək  və öyrətmək üçün çox yaralıdır.
Rəqəmsal keçidin əsasları ilə Ölkəmizin çiçəklənməsinə rəvac vermək istəyən ilk ziyalı alim,  vətənpərvər  insan,  professor  doktor  Saleh Məmmədova  uğurlar arzulayıram!!!

Yasin Şirinov - Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, Respublikanın Fəxri auditoru