Mahir Emreli: “Çujoy poxmel” getdim” – MÜSAHİBƏ

17:03 28-12-2021 432

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli “Report”a müsahibə verib.

 Həmin müsahibəni təqdim edirik:

 – 2021-ci ili özünüz üçün necə dəyərləndirirsiniz?

 

– Ümumi götürəndə, özüm üçün pis il olmadı. Şəxsi statistikaya nəzər yetirsək, “Qarabağ”da yetərincə qollar vura bildim. “Legiya”da yaxşı başlanğıc oldu. 6 ay yeni transfer edilmiş futbolçu üçün adətən adaptasiya dövrü olur. Düşünürəm ki, o dönəmi yaxşı keçirə bildim. Burada rəhbərliyin və baş məşqçinin böyük rolu oldu. Amma komanda planında “Qarabağ”la çempionluğu son anda qaçırdıq. “Legiya” ilə bağlı indiki durum çox da ürəkaçan deyil. Belə uğursuzluq heç vaxt olmayıb. Bu ilə pis də deməzdim. Amma çox istərdim ki, şəxsi statistikam geridə qalsın, komanda uğurlu çıxış etsin. Bu hisslər “Qarabağ”da da, “Legiya”da da eyni olub. Kaş, az qol vurardım, amma “Legiya” çempionatda üst sıralarda olardı. Avropa Liqasında qrupdan çıxa bilsəydik, bu gün daha çox sevincli olardım. Amma ümumi planda mənim üçün pis il olmadı.

 

– “Legiya” yaxşı vəziyyətdə olduqda belə, sizin az qol vurmağınızla heç kim razılaşmazdı. Çünki hücumçusunuz, vəzifəniz qol vurmaqdır. Bu amil birmənalı qarşılanmır. Özünüzün də dediyiniz kimi, heç də pis başlamamışdız. Hazırda 11 qolla komandanın ən sərrast futbolçususunuz. Ötən mövsüm “Qarabağ”da da bombardir olmuşdunuz…

 

– Düz deyirsiniz. Komanda uğurlu çıxış etsə belə, azarkeşlərin tələbi olacaqdı ki, niyə az qol vurursan? Həqiqətən Ekstraklasada çox az – cəmi 2 qol vurmuşam. Açığı, bu da yaxşı hal deyil. Bu mənada mənim üçün çətin başlanğıc oldu. “Legiya”nın hücum xəttində rəqabət böyükdür. Bu komandaya keçəndə plan belə idi ki, mən avrokuboklarda oynamalıyam. Özünüz də görürdünüz ki, avrokubok matçlarına start heyətində çıxırdım, liqa oyunlarında isə sonradan meydana daxil olurdum. Bu isə mənə ölkə çempionatının tempini tutmağa mane oldu. Sizi inandırım ki, Ekstraklasa digər liqalardan tam fərqlənir. Orada çox yaxşı müdafiəçilər var. Sərt, bəzən isə kobud keçən çempionatdır. Bu, mənim üçün yeni bir şeydir. Avropa Liqasında isə komandalar bir az daha taktiki oyuna üstünlük verirlər. Çempionatda fiziki gücə əsaslanan sərt və kobud oyunun şahidi ola bilərsiniz. Bəzən 1 dəqiqə belə, temp aşağı düşmür. Çempionat çox maraqlı və gərgin keçir. Düşünürəm ki, hələ Ekstraklasaya uyğunlaşa bilməmişəm.

 

– Bəzi ölkələr var ki, klublar daha çox çempionata önəm verirlər. Çünki avrokuboklarda müəyyən yerədək gedə biləcəklərini düşünürlər. Türkiyə klublarını götürək. Bilirlər ki, maksimumları 1/4 finaldır, kuboku qazana bilməyəcəklər. Bu baxımdan gücü Superliqaya verirlər. “Legiya” da Polşanın flaqman komandasıdır, çılğın azarkeşləri, öz camesi var. Onlar da tələbkar olmağa başlayıblar. Sizcə, oradakı tələbkarlıq çempionatla bağlıdır, yoxsa avrokuboklarla?

 

– Əlbəttə, çempionatla bağlıdır. Düzdür, indi səsləndirdikləri şüarlar xoşa gəlmir. Bu da normaldır. Açıq şəkildə söyüşlü şüarlar səsləndirirlər.

 

– Kimin ünvanına: Klub rəhbərliyinin, yoxsa futbolçuların əleyhinə?

 

– Orada ən çox işlədilən şüar belədir: “Legiya”da çıxış edirsiniz, amma axmaqlar kimi oynayırsınız. Hansı komanda olduğunuzun fərqinə varın”. Məsələn, Avropa Liqasında işlərimiz yaxşı getdiyi halda, çempionatda zəif çıxış edəndə “Avrokuboklarda çox yaxşı, Ekstraklasada pis oynayırsınız” şüarları səsləndirirdilər. Açığı, Avropa Liqasında çox maraqlı qrupumuz var idi.

 

Hər şey son tura qalmışdı. Sadəcə, əvvəlcə heç kim çox üstünə düşmədi ki, hələ zaman var. 3 cəbhədə mübarizə aparırdıq. Ən vacib məqamlardan biri “Legiya”nın 4 ildir avrokubokların qruplarında oynamaması idi. Ona görə də 3 cəbhədə oynamaq bizə bir az ağır gəldi. Hazırda real şansımız ölkə kubokuna qalıb. Bu titulu götürə bilərik. Səhvlərimizi analiz etməyə çalışacağıq. Avropa Liqasında müdafiədən oynayırdıq. Rəqib bizə imkan verirdi, boşluqlardan istifadə edirdik. Çempionatda isə dominantlıq etməli idik. Amma heç də yaxşı alınmadı.

 

Məsələn, pressinq etməli idik. Heç bir oyunda bunu istədiyimiz kimi həyata keçirə bilmirdik. Yerli klublar çox rahat şəkildə təzyiqdən çıxa bilirdilər. Bizi narahat edən ən böyük məqamlardan biri bu idi. Bunu komanda daxilində baş məşqçi ilə də müzakirə edirdik. Sadəcə, hər mütəxəssisin beynində öz oyun üslubu var. Məsələn, Çeslav Mixneviç müdafiədən oyun qurmağı xoşlayırdı. Ona görə beşli müdafiəyə üstünlük verirdi. Amma bu, çempionatda bizə mane olurdu. Həmçinin “Legiya”da oyunçular da çox dəyişdi. Çox sayda yeni futbolçu gəldi. Adaptasiya müddəti də lazım idi. Təbii ki, istənilən halda, belə olacağını gözləmirdik.

 

– “Legiya” hazırda həqiqətən özünə yaraşmayan mövqedə qərarlaşıb. Aşağı liqaya düşmək təhlükəniz var…

 

– Bilirsiniz, mövsümün əvvəlində belə bir ifadə işlətmişdim ki, tituldan yana heç bir qorxum yoxdur. Nə olur-olsun, çempionluq uğrunda vuruşacağıq. Amma sonradan uzaq səfərlər, oyunlar komandanı yordu. Azərbaycanda çempionat oyunu üçün ən uzaq yol Qəbələyədir. Amma orada cəmi 2 şəhərə – Plotska 1,5 saatlıq, Radomyaka 45 dəqiqəlik yol qət etmişəm. Qalan bütün şəhərlərə avtobusla 4-5 saatlıq yoldur.

 

– Bütün matçlara avtobusla gedirsiniz? Təyyarə yoxdur?

 

– Təyyarə ilə 1-2 oyuna getmişik. Bir də qatara üstünlük verirlər. Qatarla 1 gün əvvəldən gedirik. Amma qayıtmaq yenə avtobusla olur. Yol yorğunluğu da üst-üstə gəlir. Statistikaya baxıram, “Qarabağ”da çıxış edərkən millinin oyunları da daxil olmaqla, maksimum 30-40 matç keçirirdim. Amma indi “Legiya” və yığmada 6 aya 39 oyuna çıxmışam. Üstəlik, bir neçə görüşü buraxmışam. Məsələn, koronavirus məsələsinə görə milli ilə Serbiyaya qarşı oynamamışam.

 

“Legiya”ya yeni keçəndə xəstələnmişdim, Plotsk “Visla”sı ilə matçı buraxdım. Səhv etmirəmsə, Ekstraklasada 3 və ya 4 görüşdə meydana çıxmamışam. Millidə isə 1 və ya 2 qarşılaşmada oynamamışam.

 

– Səhv etmirəmsə, Ekstraklasada son qolunuzu sentyabrın 25-də vurmusunuz…

 

– Bəli, çempionatda sonuncu qolu “Rakov”a vurmuşam. Həmin matçda uduzmuşduq – 2:3. Amma son olaraq, noyabrın 4-də İtaliya “Napoli”si ilə Avropa Liqasının qrup matçında fərqlənmişəm. O qarşılaşmada da uduzmuşduq – 1:4. Ümumiyyətlə, ondan sonra Ekstraklasada qələbə qazandığımız 2 oyun olub. Birində “Yagelloniya”nı, digərində isə “Zaqlembe”ni məğlub etmişdik. Həmin matçlardan sonra çox da qol vurmamışıq.