Yeni ildən gözləntilər…

15:24 29-12-2021 477

Arzularınız, xəyallarınız çin olsun!

Proqnoz.com: Köhnə illə vidalaşarkən, gündəmə həllini gözləməkdən “gözünün kökü saralan” problemlər gəlir.

Bəli, bədiiliyin, obrazlı ifadələrin, romantikanın da öz yeri-məqamı olduğu mövzular bolluğunda təəssüf ki, problemlərdən, həlli müşkül məsələlərdən (əslində, həlli mümkün) daha çox yazmalı oluruq. Onlara daim və davamlı müraciət etməyimizin səbəbi də elə həllə bağlı problemlərdir. Yenə də təəssüfləndirici məqamlar ortaya gəlir, nə etməli, çox acı…

Lakin “su daşı itiləyər” misalından çıxış edərək, yenə də yazırıq, deyirik, danışırıq, bəhs edirik. Özü də yorulmadan. İllər bizi yorsa da…

Pandemiyanın yorub-bitirdiyi son dönəmlərdə ilin köhnə problemlərini elə əskisində də qoyub getmək istərdik. Elə ən asanı da budur - qoyub qaçmaq!

Amma bəlli ki, həmin problemlər də bizimlə daban-dabana gələcək, onu “dünyaya bəxş edən”lərin ardınca düşəcək, həllini tapmadan, kimsədən əl çəkməyəcək…

İllərsə həllolunmazları gözləmədən hər 12 aydan bir təzələnir, yenilənir. “Bu günün işini sabaha saxlama”yanların ucbatından, həllini gözləyən məsələlər də yalnız rəqəm formatında ilbəil yenilənir, təzələnir. Hətta sıralarına yenilərini də əlavə edir, formaca fərqli, məzmunca problem olaraq qalır…

Gələn ildənsə gözləntilər çoxdur. Ən azından, çoxları üçün ümidin sonda deyil, heç zaman ölmədiyi məntiqindən dolayı, ondan əlimizi yenə də üzmürük…

O mənada, yeni ilə ümidlə baxanların arzularını da ifadə etməyə çalışırıq.

Məsuliyyətli qurumlar da çalışsın ki, yeni ildə bütün orta təhsil müəssisələrinin istilik təchizatı heç olmasa “qışın oğlan çağında” həllini tapsın. Şagirdlər siniflərdə paltoda-papaqda, əlcəkdə deyil, məktəbli formasında, təyinatına uyğun görünə bilsin.

Marketlərdə vaxtı keçmiş məhsullar yenidən istehsal müəssisələrinə qaytarılmadan, köhnə tarix yenisi ilə əvəzlənmədən, əhalinin canına qəsd etmədən satışa çıxarılsın.

Təbii, orqanik məhsullara tələbatlı insanların nəzərlərinə “göz gördüyündən qorxar” misalına uyğun, hər şey hər yerdə geni dəyişdirilmiş məhsullar kimi görünməsin.

Bu gün aldığının sabah neçə qat bahalaşacağı qorxusuyla yuxusu qaçmasın, gələcəyinin necə olacağı səksəkəsiylə gündüzü gecəyə çevrilməsin.

İnsanlıq o həddə yüksəlsin ki, uşaq evləri, qocalar evi olmasın, yalnız evlər dolsun!

Kriminal hadisələr yox olsun ki, həbsxanalar boşalsın.

Xəstəxanalarda xəstəlik həddinə gətirilənlər deyil, həqiqətən xəstəliklə dünyaya gələnlər müalicə alsın.

Rüşvət, korrupsiya və bu adda olan nə varsa, xislətlərdən silinsin.

İnsanlar səlahiyyətlilərə gəlir mənbəyi kimi deyil, insan kimi lazım olsun.

Heç kim başqasının haqqına, qul haqqına girməsin.

Haqq söz ürəkdə saxlanmasın, dillə deyilə, ordan da təyinatına uyğun səslənə bilsin.

Bütün arzular həyata keçsin - deyilənlər də, deyilməyənlər də!

Və bütün bunlar təkcə bir elin-obanın, ölkənin deyil, dünyanın timsalında həyata keçə, reallaşa bilsin.

Yeni ildə arzuların həyata keçməsini Şaxta babadan gözləyirlər, adətən. Fəqət biz uşaq deyilik ki, buna inanaq və ondan gözləyək.

O zaman problem kimi görünən arzularımızı reallaşdırmaq üçün tərəflərin kifayət yaşda olduğunun da fərqindəyik, zatən.

Gözləntimiz də onlardandır - məsuliyyəti, vicdanı şaxta, buz bağlamayanlardan.

 Nigar Orucova