Yol polisini də "yolanlar" var

15:27 29-12-2021 999
Hər ay maaşdan tutulan 40 manat və ödənməyən faiz pulu...
 
Proqnoz.com: İçi mən qarışıq yəqin çoxları yol polisində çalışanların aylıq maaş və cərimədən aldığı 25 faizlik əlavə gəlirinə həsəd aparır. Hər halda kənardan baxanda belə görünür. Amma onlardan biri ilə həmsöhbət olmaq yetərlidir ki, qibtə hissini təəssüf və təəccüb əvəzləsin. 
Bizə çatan son bilgilərdən danışaq. Bəlli olduğu kimi qanun qüvvəli Prezident sərancamıyla təsbit edilib ki, yol polisi yazdığı cərimələrin 25 faizi ayın sonunda hesablanaraq əməkdaşa verilir. Tutaq ki, polis ay ərzində 5 min manatlıq cərimə yazıb, bu pulun 25 faizi, yəni 1250 manat ayın sonunda əlavə əmək haqqı (mükafat da demək olar) kimi həmin şəxsə verilməlidir. Əvvəllər bu qaydaya qismən də olsa əməl olunurdu, baxmayaraq ki, pulun aylar üzrə verilməsin də bilərəkdən elə qarışdırırdılar ki, adam almalı olduğu məbləği hesabını itirirdi. İddiaya görə, artıq Bakı Yol Polisi əməkdaşları (onların sayı təxminən 500-ə yaxındır) üç aydan çoxdur ki, cərimədən almalı olduqları pulu ala bilmirlər, verilmir. Maraqlıdır ki, onlara pulun verilməməsinin səbəbləri barədə də açıqlama verən yoxdur. Təsəvvür edin, elə əməkdaş var ki, məsələn noyabr ayı ərzində 5-6 min manatlıq cərimə yazıb. Bu da son deyil. Gələn bilgilərə görə, hər ay hər bir polis əməkdaşının maaşından 40 manat tutulur. Ünvanı açıqlanmayan bu 20000 manatın kimə çatdığı zərərçəkənlərə olduğu kimi bizə də qaranlıqdır. Bir daha xatırladaq ki, Prezidentin məlum sərancamında söhbət polis əməkdaşlarının maaşlarından pul tutulmasından yox, əksinə onların maddi güzaranlarının yaxşılaşdırmaq üçün əlavə yardımların edilməsindən gedir. Amma göründüyü kimi səlahiyyət sahibləri hətta ölkə rəhbərinin göstərişlərini də özününküləşdirməyi bacarıblar.
Daha bir maraqlı məqam odur ki, qurum rəsmləri paytaxtda gündəlik xidmət aparan əməkdaşlarına öhdəlik qoyub ki, hər bir polis gün ərzində mütləq cərimə meydançasına bir maşın gətirməlidir. Yəqin eşitmiş olarsınız da cərimə meydançasına aparılan maşının buraxılış qiyməti minumum 60-80 manat civarındadır. Bunu eşitdim yadıma ayın 27-də “Şamaxinka” deyilən ərazidə xidmət aparan iki polisin bir minik maşınının sürücüsü ilə mübahisəsi və sonuncda polislərdən birinin ona tapşırılmış işi yarımçıq buraxıb sürücünün yanında oturaraq nəməlum istiqamətə getməsi düşdü. Bəs necə adam cərimə meydançası üçün qoyulmuş qeyri-rəsmi planı sübh tezdən yerinə yetimiş olur. 
Bax belə əziz oxucu: içi özünü, çölü özgələri yandıran yol polisimiz heç də düşündüyümüz kimi, həsəd aparılası bolluq içində üzmür.
 
 Paralel.az