Azərbaycanda qiymət bahalaşmasına səbəb nədir?

17:06 29-12-2021 711

Qiymət artımı əhaliyə xidmətin keyfiyyətini qaldırmaq üçün deyil

  Proqnoz.com: Son illər qazın satış qiyməti dəfələrlə artsa da, əhaliyə qaz satışı və xidməti sahəsində heç bir keyfiyyət dəyişikliyi nəzərə çarpmır. Çünki qazın qiymətinin artması, heç də əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üçün deyil, SOCAR-ın və "Azəriqaz" İstehsalat Birliyinin başbilənlərinin ciblərini doldurmaları üçündür. SOCAR ölkəmizin bütün neft-qaz sərvətlərini talasa belə, hələ də bu sərvətin əsl sahibi olan Azərbaycan xalqının bu məhsullara olan tələbatını normal şəkildə təmin etmək üçün yox, özlərinin şəxsi rifahlarının yüksəlişi üçün çalışmaqda davam edir. Belə olmasaydı, heç olmasa hər qiymət artımından sonra, bu sahədə müəyyən irəliləyiş hiss olunardı.

Məlumdur ki, bu gün bütün dövlət müəssisələrində "Qaynar xətt" xidmətləri fəaliyyət göstərir. Mənim bildiyim qədəri onların vəzifəsi əhalinin müraciətlərinin vaxtında və operativ qəbul olunması və bununla da göstərilən xidmətin keyfiyyətini yüksəltmək, əhalinin məmnunluğunu artırmaqdır. Görünəni isə odur ki,"Azəriqaz" İstehsalat Birliyinin "Qaynar xətt" xidmətində çalışanların, ümumiyyətlə öz vəzifələrindən xəbərləri yoxdur, yaxud da onlara "yuxarıdan" belə tapşırıq veriblər ki, bacardığınız qədər əhalinin əsəbləri ilə "oynayın", danışıqlarını da qeydə alın ki, sizə qarşı kobudluq etdikləri halda, vətəndaşları cəzanlandırmaq üçün əlimizdə əsas olsun. Diqqət edin, "Azəriqaz" yarıtmaz fəaliyyətlərinə görə, öz əməkdaşlarını cəzalandırmaq əvəzinə, vətəndaşların zənglərinə biganə münasibət bəsləyərək onun əsəbləri ilə oynayanları yox, vətəndaşı cəzalandırmaq üçün səsini qeydiyyata almaq yolunu tutub. Əslində isə heç bir dövlət qurumunun belə bir səlahiyyəti yoxdur."Azəriqaz" İstehsalat Birliyinə bu səlahiyyəti kim verib?

Əsas məsələ səsin qeydiyyata alınması deyil, əsas məsələ odur ki, bu qeydiyyat "Azəriqaz" İstehsalat Birliyinə öz fəaliyyətsizliyini örtbasdır etmək üçün lazımdır. Bu, həm də ona görə lazımdır ki,"Azəriqaz" İstehsalat Birliyi rüblük, yarımillik, illik hesabatlarda bu qeydiyyatlara əsaslanaraq öz fəliyyətini dövlət qarşısında təbliğ etsin. Yəni göstərilən müddətdə "Qaynar xətt" xidmətinə filan qədər zəng daxil olub, bu zənglər vasitəsi ilə daxil olan bütün şikayətlər, təkliflər öz həllini tapıb və s. Bax, bu qədər bəsit. Dövlət müəssisələrində fəaliyyət göstərən "Qaynar xətt" xidmətləri bundan başqa heç nəyə yaramırlar. Əksinə, hələ vətəndaşlara irad da tuturlar ki, "gecənin bu vaxtında hamı evində istirahət edir, biz isə sizə xidmət etmək üçün yuxusuz qalırıq".

Əlqərəz, bir faktı diqqətinizə çatdırım, özünüz qiymət verin. Kimdir haqlı?

Dekabrın 22-dən 23-nə keçən gecə, qəfildən qazımız kəsildi, məlum oldu ki, qaz bizim səhləkarlığımız üzündən kəsilib (yəni ödədiyimiz limit bitib, bu da çox maraqlıdır ki, adətən limit nədənsə, gecə saatlarında bitir, bəlkə də burada qaranlıq bir məqam yoxdur, bəlkə də var...). Gedib  karta 20 manat pul yüklədik, sayğaca daxil etdik, sayğac bloka düşdü. Bütün müsibətlər də bundan sonra başladı. Bir neçə dəfə sayğacı blokdan çıxarmağa cəhd etsək də, alınmadı. Məcburiyyət üzündən "Azəriqaz" İstehsalat Birliyinin 104 "Qaynar xətt" xidmətinə zəng edib, kömək etmələrini xahiş etdik. Bu zaman saat 00-45 dəqiqə göstərirdi. Zəngi qəbul edən cavan oğlan elə rahatlıqla "narahat olmayın, kömək edərik , gözləyin"- dedi. Düz bir saat gözlədikdən sonra, saat 2:00- da bir daha 104 "Qaynar xətt" xidmətinə zəng etdik, bu dəfə zəngə cavan qız səsili biri cavab verdi və məlumatı dəqiqləşdirdikdən sonra, "gözləyin sizinlə əlaqə saxlayacaqlar",- dedikdə əsəblərimi zorla cilovlayıb soruşdum ki, xanım, bu nə qədər çəkəcək, evdə xəstə, körpə uşaqlar var: "gözləyin, sizinlə əlaqə saxlayacaqlar, biz də yatmırıq ki, başqa sualınız yoxdursa, sağ olun"- deyərək, telefonu üzümə elə qapatdı ki, sanki, bir də buraya zəng etmə deyirdi. Artıq gecə saat 2-dən keçdiyindən başqa çarəmizdə yox idi və evdə olan bütün paltar-palaza bürünüb, gözümüz telefonda, qulağımız səsdə gözləməyə başladıq. Həmin qarlı-çovğunlu gecədə ailəliklə nələr çəkdiyimizi nə SOCAR rəhbərliyi, nə "Azəriqaz" İstehsalat Birliyinin 104 "Qaynar xətt" xidmətində çalışanlar, nə də"Azəriqaz" İstehsalat Birliyinin rəhbərləri hiss edə bilməzlər, çünki onların qazları heç zaman kəsilmir, kəsilsə belə, 10-15 dəqiqəyə həll edirlər.

Masazırın it döyən bir yerində 6 nəfərlik bir ailənin soyuqdan donması, onlar üçün nəyi dəy       işir ki?!

Nəhayət, səhər saat 6-30-da dözmədim bir də 104 "Qaynar xətt" xidmətinə zəng etdim ki, artıq 6 saat keçib, nə oldu sizin köməyiniz? Zəngimə cavab verən xanım yaşadığım ünvanı dəqiqləşdirdikdən sonra dedi ki, "yenidən qeydiyata alıb məlumatı ötürdüm, gözləyin". Bu dəfə mən heç nə demədən telefonu sondürdüm və anladım ki, 104 "Qaynar xətt" xidməti sadəcə insanların başını qatmaq üçün qurulan bir oyundur. Burada heç kimə, heç bir xidmət göstərilmir. Təsəvvür edin ki, axşam etdiyim zənglər zamanı heç kim ünvanımla belə maraqlanmadı, onlar köməyi, görəsən haraya göndərəcəkdilər? Bununla da,104 "Qaynar xətt" xidmətinə olan bütün ümidlərimiz də öldü və alternativ yollar tapmaq məqsədilə küçəyə çıxdım. Bir qonşumdan keçmiş SOCAR əməkdaşının ünvanını və telefonunu öyrənib, onu tapdım və o, qazın verilişini bərpa etdi. Təxminən saat 9-30 radələrində telefonuma zəng gəldi ki, "qəza xidmətidir, siz hansı ünvanda yaşayırsınız". Dedim ki, əziyyət çəkmisiniz, üzürlü sayın, lazım olmadınız.

Burada ən dəhşətli məqam bilirsiniz nədir, insana qarşı olan biganəlik və laqeyidlik. Bu gün Azərbaycanda insanlar bütün dövlət müəssisələrində eynən bu cür münasibətlə üzləşirlər.

Təsəvvür edin ki, həmin keçmiş SOCAR əməkdaşının problemi həll etməsi 2 dəqiqə çəkmədi. "Azəriqaz" İstehsalat Birliyinin 104 "Qaynar xətt" xidməti isə insanları gecə səhərə qədər soyuqda qoydu. Bu qaynamayan, coşmayan, insanlara heç bir yardımı toxunmayan "qaynar" xətt kimə və nəyə lazımdır, görəsən? Oraya bir robot qoyun, kim zəng etdi desin ki, "gözləyin sizinlə əlaqə saxlayacaqlar", bu isə 1-2-3- gün sonra da ola bilər, odur ki, millət ehtiyatınızı indidən tutun. Hər ehtimala qarşı bir keçmiş SOCAR əməkdaşının telefonunu əlinizin altında saxlayın.

Bu tip problemlərin dünyada çoxsaylı həlli yolları var. Birini də mən sizin diqqətinizə çatdırım. SOCAR rəhbərliyi 300-400 milyona özü üçün ofis binası inşa etdirməkdənsə, hər bir qəza xidməti sahəsi üçün 2-3 dənə moped, motosiklet alıb, belə xırda problemlərin qısa muddətdə aradan qaldırılmasında istifadə edə bilər. Yəni həmin nəqliyyat vasitələri 104 "Qaynar xətt" xidmətindən məlumat daxil olan kimi, istər gündüz tıxac zamanı, istərsə də gecə saatlarında istənilən xırda qəzanı tez bir zamanda aradan qaldıra bilər. Amma bunu eləmirlər, eləmək istəmirlər. Azərbaycan xalqına zülm verməkdən həzz alan bu məmur çetesi, nə dövlət başçımızın qəzəbindən çəkinir, nə qanunlardan qorxur, nə də din-iman tanıyırlar. Allahın qəzəbinə gəldikdə isə "biz nə etmişik ki", deyərək, canlarını qorumağa çalışırlar. Amma yadlarından çıxarırlar ki,"qalmaz dünya belə qalmaz" bu məzlum millətə də bir sahib çıxan tapılacaq, əvvəl-axır.

Mənə belə gəlir ki, belə xırda problemlərlə insanları hökumətdən və dövlətdən narazı salan məmurlar bununla, həm də qanunlara və dövlətə meydan oxuyurlar, eyni zamanda onları bu vəzifəyə təyin edən dövlət başçımızın nüfuzuna ciddi zərbə vururlar. Əsla belə düşünməyən ki, bunu bilmədən edirlər. Nə etdiklərini çox gözəl bilirlər. Amma və lakin...

 Yusif Seyid