Türkiyə hökuməti milli valyuta ilə bağlı qərar qəbul edib...

16:45 29-12-2021 432

Türkiyə Mərkəzi Bankı (TCMB) milli valyutanın “üzən” mübadilə məzənnəsi rejimini, həmçinin inflyasiyanın orta müddətli hədəf göstəricisini 5 % səviyyəsində saxlayacaq.

Proqnoz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bankın 2022-ci il üzrə açıqlanmış pul-kredit və məzənnə siyasətində qeyd olunur. Bank inflyasiyanın hədəflənməsi rejimini gələn il də tətbiq etməkdə davam edəcək. Siyasətin əsas aləti həftəlik repo üzrə faiz dərəcəsi olacaq. Qeyd edək ki, milli valyutanın məzənnəsinin düşməsi səbəbindən arxada qalan il ərzində ölkənin maliyyə sistemi çətinliklər yaşayıb.

Belə ki, TCMB-nin uçot dərəcəsini bir neçə dəfə endirməsindən sonra milli valyuta kəskin şəkildə dəyərini itirib: ilin əvvəli 1 ABŞ dollarının 7,4 lirə mübadiləsi dekabrın 20-də rekord 18,4 lirə səviyyəsinə çatıb.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məzənnənin volatilliyinə qarşı mübarizə haqqında yeni tədbirlər barədə bəyənatından sonra lirə itirmiş olduğu mövqeləri bir qədər geri qaytarıb və hazırda 1 ABŞ dolları 12 lirə səviyyəsində mübadilə edilir.